Azərbaycan Beynəlxalq Bankı koronavirusla mübarizəyə iki milyon manat vəsait ayırdı
Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir.
Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün bank hesabı açılıb. Əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri tərəfindən bu hesab üzərindən Fonda köçürmələrin təmin olunması məqsədilə filial bayram günlərində də fasiləsiz çalışır.
Azərbaycanın böyük kommersiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı özü də korporativ sosial məsuliyyətindən irəli gələrək, dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna iki milyon manat məbləğində vəsait ayırıb.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. Azərbaycan Beynəlxalq Bankı və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət-vətəndaş birliyini nümayiş etdirir.
Fonda Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında açılmış hesab üzrə bu rekvizitlərlə vəsait köçürmək olar: https://cabmin.gov.az/az/article/752/
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət