Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Minval.info xəbər verir ki, bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
Onun sözlərinə görə, müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq və yerli tələbatın ödənilməsi ilə yanaşı, qonşu ölkələrə ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Müəssisə təxminən beş hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri 11 milyon manatdır.
Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 milyon manatdır və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək.
“Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət