Azərbaycan alimləri alman həmkarları ilə birgə dünya tibb elmi üçün yeni nəticə əldə etdilər
Azərbaycan alimləri Almaniyanın Bonn Universitetinin alimləri ilə birlikdə apardıqları tədqiqatlar zamanı dünya tibb elmi üçün yeni nəticə əldə ediblər.
Bunu Trend-ə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov deyib.
M.Abbasovun sözlərinə görə, institutun doktorantı Aytac Hümbətovanın da iştirak etdiyi tədqiqatlar zamanı ilk dəfə olaraq, insanda ektodermal displaziya (dəri xəstəliyi) xəstəliyinə cavabdeh olan bir gendə (HOXC13 geni) mutasiya aşkar edilib. Bununla da həmin gendə müşahidə olunan dəyişiklik əsasında xəstəliyin ilkin diaqnostikasını aparmaq mümkündür.
M.Abbasov qeyd edib ki, elmi nəticə həkimlərə bu xəstəliklərin dəqiq diaqnozunu qoymağa kömək edəcək. Tədqiqatçılar həkimlərə klinik diaqnozların qoyulması zamanı yuxarıda sadalanan halların, xüsusilə ektodermal displaziya xəstəliyi yaradan genin həm də selikli qişanın stenozu xəstəliyi yaratdığını nəzərə almağı tövsiyə ediblər.
O, alimlərin bu nəticələrinin dünya elmi tərəfindən qəbul olunduğunu və buna həsr olunan elmi məqalənin Böyük Britaniyanın yüksək impakt faktorlu (6,129) "Dermatologiya" jurnalında nəşr edildiyini də söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət