Avtomobil hədiyyə edilən din xadimləri: “Hara gediriksə, lazım olur”
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub. Həmin dini icma aşağıdakılardır:
1. Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması
2. Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması
3. Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması
4. Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icması
5. Tərtər rayonu “Cümə” məscidi dini icması
6. Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması
7. Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi
8. Biləsuvar şəhəri “Cümə” məscidi dini icması
9. Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması
10. Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması
11. Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması
12. Sabirabad şəhəri “Heydər” məscidi dini icması
13. Gədəbəy şəhəri “Cümə” məscidi dini icması
14. Qazax şəhəri “Cümə” məscidi dini icması
Modern.az saytı avtomobil hədiyyə edilən bir neçə dini icma rəhbəri ilə əlaqə saxlayıb.
Sabirabaddakı “Heydər” məscidi dini icmasının imamı hacı Məhəmməd Əliyev dini icma rəhbərlərinə avtomobil verilməsinə sevindiyini deyib:
“Çox sağ olsunlar ki, belə bir işi həyata keçirdilər. Din xadimi olaraq buna müsbət baxıram. Lap əvvəllər avtomobilim olub. Amma neçə illər idi ki, yox idi. Hər halda, avtomobil minik vasitəsidir. Hara gediriksə lazım olur”.
Balakəndəki “Mərkəzi cümə” məscidinin qazisi Elşən Poladov da bu addımı alqışladığını bildirib.
“Bu günə kimi avtomobilim olub. Amma hazırda avtomobilsizəm. Bu avtomobil icma üçün nəzərdə tutulub. Bizə kağız verilib. Həmin kağızla avtomobili idarə edə bilirik. Əslində bu avtomobil icmanın işlərini həyata keçirmək üçün hədiyyə edilib. Biz buna görə bir daha həm prezidentimizə, həm də Dini Qurumlar üzrə Dövlət Komitəsinə təşəkkür edirik. Yaxşı təşəbbüsdür”.
Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət