Slimfit
  1. AZƏRBAYCAN

Avtobus və taksilərdə vergi belə tutulacaq

Avtobus və taksilərdə vergi belə tutulacaq
Sakura

Avtobus və taksilərdə vergi belə tutulacaq

İstənilən ölkənin dinamik və keyfiyyətli inkişafı sahibkarlıq mühitinin əlverişliliyindən, özəl sektorun fəaliyyət dairəsinin genişləndirilməsindən çox asılıdır. Lakin sahibkarlığın inkişafına geniş meydan verilməsi bəzi hallarda qanunsuz fəaliyyətlə məşğul olmaq istəyənlərin də əl-qolunu açır. Azərbaycanda da bəzi işbazlar ölkədəki əlverişli biznes mühitindən sui-istifadə edərək vergi orqanlarında  uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bu cür qanunsuzluqlar sərnişin və yük daşımaları sahəsində də özünü büruzə verir. Xüsusilə şəhərlərarası və rayondaxili sərnişindaşıma fəaliyyəti göstərən sürücülər əksər hallarda vergi və digər nəzarət orqanlarında qeydiyyatdan yayınmaqla əldə etdikləri gəlirlərini gizlədirlər. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi  Həbib Həsənov «Vergilər» qəzetinə müsahibəsində yük və sərnişindaşıma sahəsində qanunsuz sahibkarlıq, vergidən yayınma hallarına qarşı mübarizə tədbirlərindən danışıb:
 
- Heç kimə sirr deyil ki, bir çox xidmət sahələrində olduğu kimi, avtomobil nəqliyyatı sahəsində, xüsusilə də yük və sərnişindaşımada müəyyən problemlər mövcuddur. Buraya qeyri-qanuni daşımalardan tutmuş vergidən yayınma hallarına qədər ən müxtəlif hüquq pozuntuları daxildir. Son vaxtlar bu sahədəki problemlərin aradan qaldırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür.  Bu ilin iyununda Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  arasında imzalanmış Razılaşma Protokoluna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan «E-nəqliyyat» sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür. Əsas hədəfimiz daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəlt­mək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır.
 
- Daşımalarda tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hansı yeniliklər gözlənilir?
- Etiraf etməliyik ki, digər dövlətlərin təcrübəsi  ilə müqayisə etdikdə, Azərbaycanda istər sərnişin, istərsə də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın tətbiq edilməsi Qaydaları»na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərindən asılı olaraq, sadələşdirilmiş vergi kimi «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» tətbiq edilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə həvalə olunub. «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» alan sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir. Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub.
 
- Bölgələrdə avtobuslarla sərnişindaşıma xidməti göstərən sürücülər vergi orqanlarında qeydiyyata alınmaq üçün nə etməlidirlər?
- Bölgələrdə avtobuslarla sərnişin daşımaları həyata keçirmək istəyən  şəxslər  vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, ilk növbədə «ASAN xidmət» mərkəzlərinə və ya Vergilər Nazirliyinin müvafiq qurumlarına müraciət  edərək, həmçinin Vergilər Nazirliyi tərəfindən yaradılmış «Bir pəncərə» vasitəsilə vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və VÖEN almalıdırlar. Eyni zamanda, avtobus marşrutunda xidmət göstərmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə marşrut xəttinin istismarına dair müqavilə bağlanmalıdır. Bundan sonra həmin şəxslər Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı»nın tətbiq edilməsi Qaydaları»na əsasən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım­il və ya il üçün «Fərqlənmə nişanı» almalıdırlar. Bölgələrdə fəaliyyət göstərən daşıyıcılar müvafiq qaydada uçota alınmaq və «Fərqlənmə nişanı» əldə etmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq yerli qurumlarına müraciət etməlidirlər.
 
- Daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində hansı addımlar atılır?
- Qeyd etmək lazımdır ki, dünyada yeni texnologiyaların, mobil aqreqatorların tətbiqi hətta ən inkişaf etmiş ölkələrdə belə sağlam rəqabət mühitini qorumaq üçün dövlət-sahibkar münasibətləri modelinə yenidən baxılmasını zəruri edir. Hazırda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında sağlam rəqabət mühitinin qorunması bizim üçün də vacib amillərdəndir. Diqqət yetirilməli olan prioritet istiqamətlərdən biri də qanunauyğun şəkildə fəaliyyət göstərən daşıyıcılara münasibətdə haqsız üstünlük əldəetmə imkanlarının qarşısını almaqdır. Daşıma xidmətlərinin təşkilində qeyri-sağlam rəqabətin məhdudlaşdırılması üçün ən vacib amil vergidən yayınma hallarının aradan qaldırılmasıdır. Bunun üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti öz səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər görür. Son 3 ilin müvafiq göstəricilərini müqayisə etsək görərik ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergiyə cəlbetmə dinamikası artan xətt üzrə inkişaf edib. Təqdirəlayiq haldır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokolu vergidən yayınma hallarının tamamilə aradan qaldırılması və daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə kompleks tədbirlərin görülməsini  nəzərdə tutur. Eyni zamanda, sərnişindaşımada haqsız rəqabətin aradan qaldırılması üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli qurumlarının əməkdaşları mütəmadi olaraq bölgələrdə fəaliyyət göstərən daşıyıcılarla görüşlər keçirir, maarifləndirmə işləri aparırlar. Bu işlərdə Vergilər Nazirliyinin yerli qurumlarının əməkdaşları da bizə yaxından kömək göstərirlər.
 
- Sərnişindaşıma xidməti göstərən sürücülər vergi öhdəliklərini hansı səviyyədə yerinə yetirirlər?
- Avtobusla müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların vergiyə cəlb olunmasında elə də ciddi çətinliyimiz yoxdur. Əsas problemlər oturacaq yerlərinin sayı 8+1 və ondan az olan miniven tipli minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımalarının tənzimlənməsi ilə bağlıdır. Belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması, daşıyıcıların vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli məqsədilə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılır, onların təcrübəsi öyrənilir, ortaya çıxan probemlərin aradan qaldırılması üçün təkliflər hazırlanır.
 
- Bu sahədə fəaliyyət göstərən sahibkarlar vergidən ya­yındıqları təqdirdə, onları hansı inzibati cəzalar gözləyir?
- Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, «Fərqlənmə nişanı» olmadan avtomobil nəq­liyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksi­yası tətbiq edilir. Amma sərnişin və yük daşımaları sahəsində vergidən yayınmaya görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətlərinə aid olmaması müəyyən çətinliklər yaradır. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə məsuliyyət müəyyən edən yeni normaların və nəzarət mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Eyni zamanda, yük və sərnişindaşıma xidməti göstərən sürücülərin vergidən yayınması hallarının aradan qaldırılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi reydlər keçirilir.
 
- Sərnişindaşıma xidmətlərindən daxil olan vergi ödənişləri barədə ümumi tendensiya necədir: ən çox və ən az vergi ödənişləri hansı rayonların payına düşür?
-  Bu ilin sentyabr ayında sərnişindaşıma xidmətlərindən dövlət büdcəsinə 284.641,81 manat daxil olub (2017-ci ilin sentyabrında bu göstərici 255.815,81manat təşkil edib). Respublika üzrə verilmiş fərqlənmə nişanlarının sayına gəlincə, bu, regionlar üzrə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ümumi statistikaya əsasən, 2018-ci ilin sentyabrında ən çox fərqlənmə nişanı Abşeron rayonunda, ən az isə Quba rayonunda verilib.

Mənbə: Businessinsider.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR