Slimfit
  1. DÜNYA

Avropada evi ipoteka krediti ilə necə almaq olar?

Avropada evi ipoteka krediti ilə necə almaq olar?
Sakura

Avropada evi ipoteka krediti ilə necə almaq olar?

Xaricdə, xüsusilə də Avropada əmlak alıcılarının sayı artdıqca, bunu ipoteka krediti ilə etmək istəyənlər də çoxalır. Bəs hansı Avropa ölkəsində əmlakı ipoteka kredit ilə almaq olar, xaricilərə ipoteka kreditləri hansı şərtlərlə verilir?

Strateq.az bildirir ki, “Daşınmaz Əmlak” jurnalı bu dəfə xaricdə əmlakın ipoteka krediti ilə alınması imkanını araşdırıb.

 

Avstriya

Avstriyada ipoteka krediti ilə təkcə mənzil və evi deyil, istənilən əmlakı almaq olar, amma bunun üçün müştəri Avropa Birliyində gəlirinin olduğunu, eləcə də alacağı əmlakın yarısı qədər sərvətinin olmasını isbatlamalıdır. Bu tələblərə cavab verən müştərilər ipoteka kreditini avro ilə illik 3-5%-lə, ilkin ödəniş 20%-dən başlamaqla götürə bilərlər. Kreditin müddəti kommersiya obyekti üçün 10-15 il, mənzil və evlər üçün 20 ilədək təşkil edir.

Bolqarıstan

Bolqarıstanda ipoteka krediti götürmək Avstriyadakı kimi çətin deyil, xaricilər burada illik 7,5% və ilkin ödəniş 30%-lə, avroda və ya yerli valyutada – levdə kredit götürə bilərlər. Yerli sakin zamin dayansa xarici vətəndaşa krediti illik 3-4%-lə də ayrırlar. Yeganə tələb odur ki, müştərinin Bolqarıstandakı bankda hesabı və bu hesabda 1 illik ödəmə həcmi qədər depoziti olmalıdır. Kredit müddəti 20 ildir.

Almaniya

Almaniyada xaricilər rahatlıqla ipoteka krediti götürə bilərlər, şərtlər də əladır: avroda, illik faiz dərəcəsi 2,3-3,5%, ilin ödəniş 30%, müddət 5-30 il. Amma bunun üçün müştəri və obyekt bəzi tələblərə cavab verməlidir. Əvvəla 30% ilkin ödəniş və sabit gəlir mənbəyi, digər tərəfdən obyektin qiyməti 100 min avrodan az olduqda onu almaq çətinləşir. Yaşayış olmayan evləri və çətin satılan əmlakları da ipoteka ilə almaq çətindir. Kredit müraciətinə 1-2 aya baxılıb cavab verilir, üstəlik banklar müştərinin ödəmə qabiliyyətini yoxlamaq üçün əlavə sənədlər də tələb edə bilərlər. Bankar ən rahat 300 min avro və daha yüksək məbləğli kreditləri verirlər.

Yunanıstan

Yunanıstan vaxtilə ipoteka kreditlərinin ən yaxşı verildiyi ölkə idi, formal olaraq həmin şərtlər indi də qüvvədədir: avro ilə illik 5,6%, ilkin ödəniş 40%, müddət 15 il. Banklar belə kredit ayıracaqları müştəridən illik 30 min avroluq gəlir sənədi tələb edir, üstəlik, 50 min avroyadək evlərə kredit ayırmırdılar. Amma indi bu proqram müvəqqəti dayanıb. Nə vaxt bərpa olunacağı bilinmir. Amma bu ölkədə 250 min avroduq əmlakla həm də yaşayış izni əldə etmək olar.

İtaliya

Formal olaraq İtaliyada xaricilər üçün ipoteka krediti var: avro ilə, illik 3-5%, ilkin ödəniş 40-50% olmaq şərtilə 20 illik müddətə. Amma bu yalnız kağız üzərindədir – İtaliya bankları Avropadan kənar ölkələrin vətəndaşlarının kredit müraciətlərinin 95%-nə imtina verirlər. Əsas problem ödəniş qabiliyyətidir – krediti o müştərilər ala bilir ki, Avropa İttifaqında gəliri var və bunu sübut edə bilir.

Kipr

Xaricilərin sevimli əmlak bazarı olan Kirdə bunun üçün hər şərait yaradılıb. Qeyri-rezidentlər bu ölkədə avro ilə, illik 4-4,5%-lə, 10 illiyə və 40% ilkin ödənişlə ipoteka krediti ala bilərlər. Əsas tələb ödəniş qabiliyyətini sübut etməkdir, üstəlik banklarmüştəridən kredit tarixçəsini də tələb edirlər. Adətən kredit məbləğləri 150-250 min avro arasında olur. Bankların tələblərinə cavab verməyən müştərilərin çıxış yolu var – onlar əmlakı tikinti şirkətin özündən, necə deyərlər, daxili kreditlə ala bilirlər.

Latviya

Avropada ən ucuz əmlakı Baltikyanı ölkələrdə tapmaq olar. Amma burada ipoteka kreditinə tələblər də sərtdir. Formal olaraq xaricilər avro ilə, illik 4,5-6%-lə, 30% ilkin ödənişlə, 5-20 illik kredit götürə bilərlər. Amma Latviya bankları müştərini diqqətlə, hətta xırdaçılıqla yoxlayırlar. Məsələn, müştərinin təkcə gəlirləri deyil, xərcləri də nəzərə alınır, son iki illik gəlirləri çıxarılır. Gəlirləri  təsdiqləmək üçün isə yalnız xüsusi təsdiqlənmiş sənədlər tələb olunur. Krelit müraciətinin özü də müştəriyə 2 min avroya başa gəlir. Buna baxmayaraq Latviyadakı hər iki xaricidən biri ipoteka götürmək istəyir.

Polşa

Başqa ölkələrə baxanda Polşada ipoteka şərtləri yaxşıdır. Burada ipoteka krediti ilə evi 10%-dən başlayan ilkin ödənişlə, illik 4-4,5% dərəcə ilə, 30-35 illiyə götürmək olar. Kredit avro ilə yanaşı, yerli valyuta  – zlotıda, İsveçrə frankında və dollarda verilir. Amma şərtlər fərqlidir. Polşa bankları o müştəriyə ipoteka krediti verirlər ki, onun ölkədə azı bir illik müvəqəti yaşama izni olsun. Bu məsələni əmək müqaviləsi bağlamaqla həll etmək olar – Polşada əmək müqaviləsi ilə cəmi 6 ay işləmək kifayətdir ki, ipoteka kredit müraciətinə baxılsın. Maraqlı detal – Polşada bankla danışıb ipoteka kreditinin faizini azaltmaq olur.

Sloveniya

Sloveniya bankları xarici investorlara həvəslə kredit verirlər, elə müştərilər üçün də illik 2-2,5% dərəcə əla stimuldur. İlkin ödəniş 30%, müddət 5-10 ildir. Sloveniyada kommersiya obyektlərini də ipoteka ilə almaq olar, amma onun müddəti – icarə müqaviləsi müddəti + 2 ildir. Faiz dərəcəsinin aşağı olması, kreditlə alınıb icarəyə verilən əmlakın gəlirliyini ildə 6-7%-ə yüksəldir ki, bu da Avropa üçün əla göstəricidir.

Xorvatiya

Xorvatiya banklarının əksəriyyəti xarici vətəndaşlara ipoteka krediti vermir. Hazırda xaricilər yalnız Raiffeisen və Erste banklarından  kredit götürə bilərlər, bir şərtlə ki, onların Xorvatiyada yaşayış icazəsi və işi olsun. Burada krediti yerli valyuta olan kuna ilə götürmək mümkündür, şərtlər 4,3% illik, 40% ilkin ödəniş, müddət 3-20 ildir. Krelitin maksimum məbləği 250 min avrodur.

Çexiya

Avropanın ən məşhur əmlak bazarlarından biri olan Çexiyada əmlakı cəlbedici edən amillərdən biri sərfəli ipoteka şərtləridir. Burada krediti çex kronunda, illik 3% dərəcə ilə, 40% ilkin ödənişlə götürmək mümkündür. Kreditin müddəti müştərinin 65 yaşına çatmasına qədərdir. Çexiyada yaşayıb işləyən xaricilər krediti 2,5%-lə də götürə bilərlər. Amma müqaviləyə əsasən, bu faiz dərəcəsi 3-4 il qüvvədə olacaq, sonrakı müddətdə isə faizlər dəyişə və bazar həddinə çata bilər. Burada heç də bütün əmlakları ipoteka ilə almaq olmur, banklar likvid obyektlərə, xüsusilə də yeni tikililərə daha həvəslə kredit ayırırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR