Slimfit
  1. SİYASƏT

Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”

Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Sakura

Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”

Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri və mülki əhali arasında itkilər var. Bakı məsuliyyəti Ermənistanın, İrəvan isə - Azərbaycanın üzərinə qoyur.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,BMT-nin baş katibi Antonio Quttereş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apararaq onları atəşi dayandırmağa çağırıb. Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası münaqişə bölgəsindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək (iclas qapalı olacaq). Bununla yanaşı, Türkiyə bəyan edib ki, münaqişə nə qədər uzansa da, Azərbaycana lazımi dəstək göstərəcək.

Qüds rəsmi olaraq Azərbaycan-Ermənistan münaqişəsində bitərəfliyə sadiq qalır. Lakin İsrailin keçmiş xarici işlər naziri və keçmiş müdafiə naziri, “Bizim evimiz – İsrail” partiyasının lideri Aviqdor Liberman “beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinin maraqları baxımından həqiqətin Azərbaycanın tərəfində olduğunu” bildirib. Siyasətçi sentyabrın 29-da İsrailin “Vesti” informasiya mənbəyinin müxbiri ilə söhbətində belə düşünməyinin səbəbini izah edib.

- Ümumiyyətlə, İsrail siyasətçiləri ölkə xaricindəki münaqişələri qiymətləndirərkən son dərəcə ehtiyatlı davranırlar. Lakin bu dəfə Siz tərəflərdən birinin dəstəklədiyinizi tam aydın ifadə etmisiniz. Belə mövqeyiniz nə ilə əlaqədardır?

- Başa düşürəm ki, müharibə edən tərəflərin hər birinin uzun müddət davam edən münaqişə, onun səbəbləri və hərəkətverici qüvvələri barədə öz baxışları var. Tarixi perspektiv göstərir ki, Sovet İttifaqı yaranmazdan əvvəl də demək olar ki, bütün dövrlərdə Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub.

Müasir tarixdə bu qarşıdurma 1988-ci ildə yenidənqurma və aşkarlıq dalğası nəticəsində Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağın erməni əhalisi açıq şəkildə muxtar bölgənin Ermənistana birləşdirilməsini tələb etdiyi zaman aktiv mərhələyə qədəm qoydu.

Münaqişəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində həll etmək üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk Qrupu yaradıldı. Bəşəriyyət üçün müasir təhdidlər (miqrasiya böhranı, koronavirus pandemiyası, İranın nüvə proqramı və s.) fonunda Dağlıq Qarabağ problemi sanki arxa plana - dünya siyasətinin kənarına keçmişdi, amma heç də həll olunmadı. Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə seçilməsi ilə əlaqədar müsbət dəyişikliklərin gözləntiləri (o, Dağlıq Qarabağ klanları ilə əlaqəsi olmayan ilk baş nazirdir) reallaşmadı. Münaqişənin həlli istiqamətində nəinki irəliləyiş əldə olunmadı, əksinə Paşinyan ən sərt mövqe tutaraq, “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” deyə bəyan etdi.

- Hərçənd İrəvan Dağlıq Qarabağ sakinlərinin əksəriyyətinin ermənilərdən ibarət olduğunu və vətənlərinin bir hissəsi olması istəyini bəyan edir. Bu məntiqi deyilmi?

- Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağla əlaqəsi olmayan Azərbaycanın yeddi rayonunu ələ keçirməsinə dünya səssiz qaldı. Belə bir dondurulmuş vəziyyətdə münaqişənin uzun müddət mövcud ola bilməyəcəyi, gec və ya tez eskalasiyanın baş verəcəyi aydın məsələdir. Və bu da baş verdi.

Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Buna görə, BMT-yə üzv dövlətlərin heç biri (Ermənistanın özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

- Bəs İsrail dövlətinin baxışı necədir?

- İsraildən vəziyyət belə görünür. Birincisi, Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Azərbaycan ərazisində yəhudilərə qarşı yaxşı münasibət əsrlər boyu dəyişməyib. Hətta Sovet antisemitizminin zirvəsində belə, yəhudilərə qarşı qərəz olmayıb.

İkincisi, müstəqil Azərbaycan dövləti qurulduqdan sonra belə İsrail ilə münasibətlər ən yüksək səviyyədə olub. Azərbaycan özünü ikitərəfli münasibətlərdəki öhdəliklərini heç vaxt pozmayan və beynəlxalq aləmdə təmkinli davranan ciddi, etibarlı bir tərəfdaş kimi sübut edib.

Bu səbəbdən tarixi faktlar, beynəlxalq hüquq və İsrailin maraqları baxımından mövqeyimiz son dərəcə aydındır. Və bu müddət ərzində ardıcıl şəkildə  İsrail hökumətinin başçısı kimin olmasından, xarici işlər nazirinin kim olmasından asılı olmayaraq mövqeyimizə uyğun hərəkət edilib. Beləliklə, Azərbaycana münasibət mövzusunda İsrailin siyasi quruluşunun konsensusu var. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, bu ərazi bütövlüyü bərpa olunmadan regionda nizamlanmadan söhbət gedə bilməyəcəyinə inanırıq.

- İsrail KİV-ləri Türkiyənin və Ərdoğanın Azərbaycan tərəfində münaqişəyə qarışmasından narahatlığını ifadə edir. Buna İsrail tərəfindən necə baxmaq olar?

- Azərbaycan tarixən üç imperiyanın - fars, osmanlı və rus imperiyasının qovşağında yerləşir. İndi də bütün bu tarixi üçbucaq yenidən hərəkətə gəlir. Türkiyənin qeyd-şərtsiz Azərbaycanı, İranı isə Ermənistanı dəstəkləməsi kifayət qədər aydındır. Və bu vəziyyətdə Türk-İran fikir ayrılıqları yeni bir keyfiyyətdə təzahür edir - düşünürəm ki, İsrail bununla bağlı heç də kədərlənməyəcək.

 Çox güman ki, Türkiyə, İran və Rusiya bu münaqişədəki addımlarını çox diqqətlə atacaqlar.

  - BMT Təhlükəsizlik Şurası bu gün, sentyabrın 29-da Dağlıq Qarabağdakı vəziyyətlə bağlı xüsusi iclasın keçirilməsini planlaşdırır. Hər hansı bir ciddi qərar gözləmək üçün bir səbəb varmı?

- Əvvəla, Təhlükəsizlik Şurasının bu iclası qapalı olacaq. Belə bir iclasın təyin olunmasının özü də bizi dondurulmuş münaqişələrin olmadığına bir daha inandırır. Ruslarda belə bir atalar sözü var: “Göy guruldamayana qədər, kişi xaç çəkməz”. Daim göy gurultusunu gözləməyə ehtiyac yoxdur. İstənilən dondurulmuş münaqişə bir anda partlayır. Bu, həm Dağlıq Qarabağla, həm də Həmas və Hizbullahla bağlı münaqişəmizlə əlaqədar olaraq düzgündür. Hər şeyin həlli olmalıdır. Əks təqdirdə, xroniki münaqişə dondurulmuş münaqişəyə, dondurulmuş münaqişə isə müharibəyə çevrilir.

Mən BMT Təhlükəsizlik Şurasının iclasından sonra irəliləyiş gözləməzdim. Məncə, burada yeni bir şey icad etməyə ehtiyac yoxdur. “Minsk formatı” var ki, onun çərçivəsində bir çox yaxşı təkliflər hazırlanıb. Görünür, qrupun həmsədrləri - ABŞ, Fransa, Rusiya - daha fəal rol oynamalı və daha dəqiq mövqe nümayiş etdirməlidirlər.

- Buna baxmayaraq, Qüdsdə bu barədə susurlar ...

- İsrailin müdaxilə etmək istəmədiyi aydındır. Buna baxmayaraq, bir daha təkrar edirəm, Azərbaycanla münasibətlərimiz geniş, dərin, strateji, Ermənistanla isə minimum səviyyədədir. Biz Azərbaycana çox yaxın münasibətlər qurduğumuz müasir müsəlman şiə ölkəsi nümunəsi olaraq baxırıq. Buna görə də təkrar edirəm, Azərbaycanın ərazi bütövlüyü mövqeyini tam dəstəkləyirik. Və hər baxımdan - tarixi, beynəlxalq və milli maraqlar - bu İsrailin rəsmi mövqeyidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR