Atla sürümək xəbəri haqda növbəti açıqlama
Daxili İşlər Nazirliyi Goranboyda qadının ata bağlanaraq sürünməsi xəbəri ilə bağlı növbəti açıqlamanı yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki,oktyabrın 10-da Goranboy rayon Əlirzalı kənd sakini Ələkbərova Sahilə polis şöbəsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, həmin tarixdə səhər saatlarında həmkəndliləri Dəmirov Ariz Knyaz oğlu, Dəmirova Fəridə Knyaz qızı və Dəmirova Filduz Əli qızı ilə aralarında şəxsi münaqişə zəminində mübahisə yaranıb.
Mübahisə nəticəsində qadın həmin şəxslər tərəfindən döyüldüyünü bildirib və ərizəsində onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib. Müraciətlə əlaqədar dərhal Goranboy rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, müraciət edən şəxsi Əlirzalı kənd sakinləri Ariz Dəmirov, Filduz Dəmirova, Fəridə Dəmirova sonuncunun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri vurublar. Bununla bağlı dərhal CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. Ariz Dəmirov cinayət məsuliyyətinə cəlb olunub. Lakin onun səhhətində problemlər olduğuna görə saxlanılmayıb və polisin nəzarətinə verilib.
E. Qasımov əlavə edib ki, vətəndaşın ata bağlanılaraq sürünməsi, ona qarşı işgəncə verilməsi həqiqətə uyğun deyil. Bu barədə fakt araşdırma zamanı ortaya çıxmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət