Aşurada müsəlmanın özünə zərər verməsi... - Millət vəkili
Aşura günü bir müsəlmanın özünə və ya başqalarına zərər verməsi, zorakılıq mahiyyəti daşıyan hərəkətlərə əl atması yolverilməzdir.
Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib. O, vətəndaşları özünə zərər vermək əvəzinə qan verərək, xəstələrə yardım etməyə çağırıb:
“Aşura günü Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Təzəpir Məscidində keçirilən qanvermə aksiyasında hər il olduğu kimi bu gün də iştirak etdik. Belə bir gündə qan verərək qana ehtiyacı olan şəxslərə dəstək göstərmək, çarəsiz, kimsəsiz insanların yanında olmaq, onların göz yaşlarını silmək, yoxsul, kimsəsiz şəxslərə dəstək olmaq bu günün anlamına daha uyğun gəlir. Bu gün axşama qədər qanvermə aksiyası davam edəcək. İnanırıq ki, gənclərimiz özlərinə və ya başqalarına zərər vuracaq hərəkətlərə, addımlara əl atmayacaqlar, tam əksinə, bugünkü qanvermə aksiyasında iştirak edərək xəstələrə dəstək göstərəcək, kimsəsiz, çarəsiz şəxslərin yanında olacaqlar”.
Qeyd edək ki, Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət