Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Valeh - Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsi

Aşıq Valeh - Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsi
Sakura

Aşıq Valeh - Aşıq Valeh ilə aşıq Feyruzun deyişməsi

Türkiyə Soltanlığında Feyruz adlı məşhur, ustad bir saz aşığı olur. Bir gün soltanın qonaqlıq məclisində Feyruzun çalıb-çağırması çox xoşa gəlir. Soltan deyir:
– Aşıq Feyruz bugünkü məharətinə görə sənə nə versəm məndən razı qalarsan. Feyruz fürsəti fota verməyərək deyir: – Soltan sağ olsun 70 kəndin ağalığını mənə versən, ömür boyu sənə qul olaram. Bu ağır şərtdən yaxa qurtarmaq üçün Soltan deyir: – Aşıq Feyruz əlinə sənəd verəcəyəm, burdan keç Azərbaycana. Azərbaycanın hər mahalında meydan açıb, qalib gəlib, bağladığın ustadların sazlarını mahal ağasının sənədi ilə mənə təqdim etsən, sənə 70 kəndin ağalığını verərəm. Bu məqsəd ilə aşıq Feyruz Azərbaycanın bir neçə mahalında üstünlük əldə edəndən sonra Şuşa qalasına gəlir. Xanlıqdan əhvalatı aşıq Valehə çatdırırlar. O vaxt aşıq Valehin 80-dən yuxarı yaşı olur. Zərnigar və nəvələri Valehin bu meydana getməsinə razı olmurlar ki, qocalmısan indiyənə qədər qazandığın adını batıra bilərsən. Valeh deyir:
– Məndən qorxmayın, nə qədər qoca olsam bir Feyruzluq biliyim qalar. Valeh sazını götürüb Şuşaya gedir. Xanın tapşırığı ilə şəhər sakinləri aşıq Valehi yaxşı qarşılayırlar. Aşıq Feyruz bekaflayır. Valeh xəbər alır, Feyruz nə üçün kefsizsən? Feyruz deyir, qəriblik mənə əl verdi. Valeh deyir: Qəriblik sənə əl verdisə mərəkəni İstanbula salaq, bu ünvanla belə şərtləşirlər. 
Aşıq Feyruz Aşıq Valehə üstün gəlsə, qələbə ilə vətəninə gedəcək, əgər Aşıq Valeh Aşıq Feyruza üstün gəlsə Feyruzun öz sazını və mahallardan aldığı sazları da Feyruzdan alıb, karvanı soyulmuş tacir kimi yola salacaq. Bu şərtləri Mehdixan təsdiq edəndən sonra açıq meydanda deyişmə başlayır.
Aşıq Feyruz

Hər mahalın bir bazarı, bəzirganı qanan gərək,
Bərə güdüb, yol kəsməyə pəhləvanı - cahan gərək.
Ərlər kimi zərbə çala, hər zərbəyə tab gətirə. 
Qorxmaya, çəkinməyə qopsa hər cür tufan gərək. 

Aşıq Valeh

Hünərdən kəm olanlar, heç açmaya meydan gərək,
Ağıldan sərsərilərə tez verəsən dərman gərək.
Gələcəyi başa düşən əvvəlcədən əsib-coşmaz, 
İşarədən söz qanmağa insan oğlu insan gərək. 

Aşıq Feyruz

Sizin yerlər səfalıdır, aranında yay olmasa,
Boz səhralar çiçək açmaz, köpüklənmiş çay olmasa,
Mərd igidlər ad qazanmış bərabəri tay olmasa, 
Uzaq səhra mənzilinə səhra görmüş sarvan gərək. 

Aşıq Valeh

Hər mahalın bir adəti, hər inamın bir adı var. 
Hər bitkinin bir turşusu, hər nemətin bir dadı var, 
Hər nadanın bir oxşarı, hər igidin bir zatı var,
Azmış pələng bərəsində acıqlanmış aslan gərək. 

 
Aşıq Feyruz

Aşıq Feyruz söz veribdir, bu mahaldan bac almağa,
Aşıqları ağlar qoyub, şairlərdən tac almağa,
Sənətiylə ad qazanb, məşhur olub, ucalmağa,
Qarabağın mərkəzində qursun bu gün divan gərək. 

Aşıq Valeh

Bu mahal bac verməyib, yaranandan bac alıbdır, 
Sənətkarı pəhləvantək zərbə çalıb, tac alıbdır. 
Güman etmə karan düşüb, Aşıq Valeh qocalıbdır,
Buludlara ucalmağa qanad çalsın tərlan gərək. 

Söz tamama yetdi. Aldı Feyruz dübarə:

İkinci deyişmə
Aşıq Feyruz

Qarabağ elinin səfası xoşdur, 
Qəriblər güldürən yar bu yerdədir. 
Sahili sərxoşdur, bağbanı qoca,
Yadlara satılan nar bu yerdədir. 

Aşıq Valeh

Hünər diyarıdır Qarabağ eli,
Sərsəri mehmana dar bu yerdədir. 
Sahibi sərkardır, bağbanı mahir,
Qeyrət bu yerdədir, ar bu yerdədir. 


Aşıq Feyruz

Sahilsiz ümmana susuz göl deyən,
İşarə altında mətləb bir deyən,
Yad bağbana göz eyləyib gəl deyən,
Ətirli, şəkərli bar bu yerdədir.
 
Aşıq Valeh

Hoqqabaza cəzasını bildirən,
Dərdin böhran edib, qəmdən güldürən,
Yolun azanları nakam öldürən,
Boran bu yedədir, qar bu yerdədir. 

Aşıq Feyruz

Aşıq Feyruz bir ölkənin nəridir,
Güman diyarıdır, pənah səridir,
Mahal gəzir, sənətinin əridir, 
Qanadı qırılmış sar bu yerdədir. 

Aşıq Valeh

Aşıq Valeh düşüncədə dar olmaz,
Qocalmaqla tülək tərlan sar olmaz,
Həyasızda ismət olmaz, ar olmaz,
Hünər bu yerdədir, kar bu yerdədir. 

Söz tamama yetdi, Aldı Feyruz dübarə:



(Üçüncü deyişmə)
Aşıq Feyruz

Könül nuş eylədi eşqin camını,
Təzə bir aləmdə gəzərəm, kişi,
Bağ salaram, budaqarı bar verər,
Yarpağın güllərlə bəzərəm, kişi. 

Aşıq Valeh

Mahir bir qəvvasam eşqin bəhrinə,
Qol atıb, hər yana üzərəm, oğlan.
Yüz min tufan qopub, təlatüm ola,
Dalğalar qoynunda süzərəm, oğlan.

Aşıq Feyruz

Görünməz ləpirim, kor bilməz yolum,
Dayanmaz ayağım, yorulmaz qolum,
Dəyişməz əhvalım, pozulmaz halım,
Pünhanlar qoynunda süzərəm, kişi.

Aşıq Valeh

Day çatarmı köhlən yoran səməndə,
Boz sərçələr kəklik olmaz çəməndə,
Bixəbərsən sərin keçib, kəməndə,
Nə axtarıb, nə də gəzərəm, oğlan! 

Aşıq Feyruz

Aşıq Feyruz hər meydanda baş qalar,
Dərinə addasa sərin çaş qalar,
Qəlbin ağlar, gözlərində yaş qalar,
Əlini hər yandan üzərəm, kişi. 

Aşıq Valeh

Nabələdsən, keçid yolun pünhandı,
Şeirbazlar əhli- ruhdu, insandı,
Aşıq Valeh gupbul görmüş zindandı,
Bir çəkic zərbinə dözərəm, oğlan! 

Söz tamama yetdi. Aşıq Feyruz hər nə qədər fikirləşdi, yenə söz tapa bilmədi. Aldı Valeh görək nə dedi:

(Dördüncü deyişmə)
Aşıq Valeh

Aşıq Feyruz, vətənindən kənarda,
Neçə ustad meydanına düşmüsən?
Neçə hesab vacehini anlayıb,
Neçə xilqət fərmanına düşmüsən.

 Əziziyə keçə nə?
Əvəz ola keçənə!
Hansı loğman yan deyir,
Ömür şamı keçənə.

Aşıq Feyruz

Aşıq Valeh, vətənimdən kənarda,
On bir ustad meydanına düşmüşəm.
Doqquz hesab vacehini anlayıb,
On beş xilqət fərmanına düşmüşəm.

Əziziyəm düşə nə,
Atlana nə, düşə nə.
Maldan qurban nə gərək,
Eşq oduna düşənə.

Aşıq Valeh

Hansı mahal bərəsində dolaşdın,
Hara keçid tapdım, hara yol aşdın.
Neçə ümman dalğasında qol açdın,
Neçə həyat dövranına düşmüsən. 

Əziziyəm qaradır,
Süddən ağdır, qaradır. 
O nədir ki, oxdan düz?
Kömürdən də qaradır?

Aşıq Feyruz

Göyçə mahalında bir az dolaşdım,
Divanidən təcnisə də yol açdım,
Altı ümman dalğasında qol açdım,
İki həyat dövranına düşmüşəm. 

Əziziyəm daldadı,
Hünər yeri daldadı,
Dəli könül, mərd dayan,
Ağır meydan daldadır. 


Aşıq Valeh

Aşıq Valeh nələr desin halına,
Nabələdsən gizli xilqət yoluna,
Aldanmısan eşqin şərbət balına,
İndi tilsim böhranına düşmüsən. 

Əziziyəm dərindi,
Dayaz deyil, dərindi
On səkkizi üçə böl,
Bağbanısan, dər indi!

Aşıq Feyruz

Aşıq Feyruz qəribdir bu mahalda,
Dost görmüyə, barı məni, bu halda,
Arzularım nakam qaldı xəyalda,
Qaf dağının boranına düşmüşəm. 

Əziziyəm el gərək,
Dolanmağa el gərək.
Qürbət eldə xar oldum,
Oldu mənə el gərək.

Söz tamama yetdi. Aldı aşıq Valeh görək nə deyir:

Aşıq Feyruz kamalına badə ver,
Üç altının diyarından söhbət aç.
Cahar şeşdin mənasını yozginən,
Həfti pəncin bazarından söhbət aç. 

Feyruz sözlərini mənalaya bilmədi. Aldı Valeh dübarə: 
Otuz altı hansı bağman barıdı?
Yetmiş iki hansı bina tağıdı?
Eşqin yağı hansı məhsul yağıdı?
On dörd alim güzarından söhbət aç. 

Aşıq Valeh yol açmadı dərinə,
Hansı hesab toplamısan sərinə?
Qol bağla gəl, kamil ustad dərinə,
On beş alim baharından söhbət aç.

Söz tamama yetdi. Aşıq Valeh dedi: – Aşıq Feyruz sazına, sənətinə toxunmaram, bu şərtlə sənə bir neçə söz deyəcəm. Onu İstanbul paşasına çatdırarsan. 
Feyruz dedi: – And olsun ustadlar kalamına, hər nə desən birə - bir soltana çatdıraram. Aldı Valeh: 

Feyruz, söylə İstambul paşasına,
Qarabağın çox dəyərli adı var. 
Dostlar üçün səfalıdır hər yanı,
Düşmən üçün min tufanı, badı var. 

Bir yanı Gəncədir, bir yanı Şirvan,
Bir yanı arazdır, bir yanı Muğan,
Dağları kəklikdir, düzləri ceyran,
Gözəl ləzzəti var, şəkər dadı var.

Bu torpağa kim əl atsa xar olar,
Geniş dünya gözlərinə dar olar,
Günü qara, işi ahu-zar olar,
Bu ellərin köməyi var, dadı var. 

Ərdəbilli aşıq Mahmud zay oldu,
Məsum Əfəndinin yaşı çay oldu,
Naxşıvanlı Süleymana tay oldu,
Bu mahalda şairlər evladı var. 

Ustad Səməd sənətdə bir dağ idi, 
Kələntərli Alı fəndli bağ idi, 
On il qabaq Molla Pənah sağ idi,
Valeh kimi aşiqlər ustadı var. 

Söz tamama yetdi. Feyruz mahallardan aldığı sazları aşıq Valehə təqdim etdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR