Dərc edildi: Baxış sayı: 580
Aşıq Rəcəb - De gəlsin
(Hurinin dilindən)
Məndən xəbər apar butam Rəcəbə,
Baxmasın dağlarda qara, de, gəlsin.
Vaxtlı-bivaxt mənim gözüm yoldadı,
Əglənməsin, şanlı yara de, gəlsin.
Aşıqlar can qoyur bablı babına,
Qəndim-şəkər axar dil-dodağına.
Mən də mail oldum eşq kitabına,
Bülbül isə ahı-zara, de, gəlsin.
Bülbül deyər, bağda gülşən itibdir,
Avara düşmüşəm, məskən itibdir.
Əli sazlı cavan oğlan itibdir,
Ciyər olu həzar para, de, gəlsin.
Bir dərdə düşmüşəm, tapılmaz dərman,
Yarəb, harda qaldı həkimi-loğman?
Başına döndüyüm, eylə bir ehsan,
Bəlkə, bu dərdimə çarə de, gəlsin.
Gecə-gündüz çəkdiyim əzabdır?
Yarı görmək kisvə qılan savabdır.
Huri deyər, sevdigim aşıq Rəcəbdir,
Gizlin deyil, var, aşkardı, de, gəlsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət