Dərc edildi: Baxış sayı: 747
Aşıq Qurbani - Yetirməsin
Vəzir, sana qarğayıram,
Haqq diləyin yetirməsin!
Göydən min bir bəla ensə,
Birin səndən ötürməsin!
Evində düşəsən naçaq,
Sağ gözünə batsın bıçaq,
Oğul-uşaq düşsün qaçaq,
İstədiyin gətirməsin!
Oturubsan ağ otaqda,
Qan qusasan laxta-laxta,
Səni görüm elən vaxtda
Dilin kəlmə gətirməsin!
Qurbani qaldı burada,
Çağır xudan yetsin dada,
Meyidin qalsın arada,
El yığılıb götürməsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət