Dərc edildi: Baxış sayı: 436
Aşıq Qurbani - Kənarında
Bu gün bir gözəlin seyrinə vardım,
Əlində şanası tel kənarında.
Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin,
On dörd hörük gördüm bel kənarında.
Qapına gəlmişəm, sayılam, sayıl,
Haqq verən paylara olmuşam qayıl,
Pərimin boynunda heykəl-həmayıl,
Ləl bazubənd düzüb qol kənarında.
Qurbani der: mənim sözüm düzgündü,
Yar əlindən yazıq canım üzgündü,
Baxdım, yarın gözü mənə süzgündü,
Bir cüt öpüş aldım yol kənarında.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət