Dərc edildi: Baxış sayı: 418
Aşıq Qurbani - Ayrı
Səhər bülbülləri nə fəğan eylər,
Düşərsə güzarı çəməndən ayrı.
Səhər-səhər qönçəsindən ayrılan,
Şəqayiqlər1 gülməz səməndən ayrı.
Yanında dayanan yoldaşların var,
Sirrini saxlayan sirdaşların var,
Sənin elin, günün, qardaşlarm var,
Mənim kimsəm yoxdu, yar, səndən ayrı.
Dedim, pəri, nə elərsən mehpara,
Mənim həsrət gözüm heç uymaz xara,
Bir qətrə yaş tökdün, bir də dübara,
Əqiqdən, yaqutdan, yəməndən ayrı.
Qurbani der: məgər axır zamandı?
Sevgi sevgisindən ayrı yamandı,
Bağrım dəlik-dəlik, sinəm peykandı,
Mənim üzüm gülməz vətəndən ayrı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət