Dərc edildi: Baxış sayı: 473
Aşıq Qəhrəman - Tərlanım
Dün güzarım düşdü yara,
Gözəl, havalı tərlanım.
Saqın, uyma zalım sara,
Gözəl, havalı tərlanım.
Boylanırsan yanı-yanı,
Gözlərinin mən qurbanı,
O verdiyin peyman hanı?
Gözəl, havalı tərlanım.
Aşıq qonaq eləmədin,
Bir xoş gəldin, söyləmədin,
Bağrım başın teyləmədin,
Gözəl havalı tərlanım.
Gözəlliyin bildirirsən,
Dostlarını güldürürsən,
Axır məni öldürürsən,
Gözəl, havalı tərlanım.
Ağrın alım qoşa kaman,
Çəkdirmə dostuna aman,
İltimas elər Qəhrəman,
Gözəl, havalı tərlanım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət