Dərc edildi: Baxış sayı: 519
Aşıq Pəri - Baxtım
Nə müddətdir bu qəflətdən,
Oyanmırsan, qara baxtım.
Çəkdirdiyin əziyyətdən,
Usanmırsan, qara baxtım.
Atmısan ümmani-qəmə,
Gülünə etmisən aləmə,
Məni dərdə salıb yenə,
Dayanmırsan, qara baxtım.
Axıtdın sel tək qanımı,
Üzmüsən cavan canımı,
Almısan adü-sanımı,
Utanmırsan, qara baxtım?
Yaşayıram zəhmət ilə,
Çətinliklə, zillət ilə,
Sən Pəriyə hörmət ilə,
Dolanmırsan, qara baxtım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət