Dərc edildi: Baxış sayı: 569
Aşıq Hüseyn Bozalqanlı - Geyindi
Bahar gəldi, çiçək açdı.
Güllər qırmızı geyindi,
Çırtıq dəydi, üz qanadı,
Xallar qırmızı geyindi.
Yarım yuxudan oyandı,
İncidi, küsdü, usandı,
Barmaq buxağa dayandı,
Əllər qırmızı geyindi.
Mayiləm mina gərdəna,
Ağ bədənə, gül əndama.
Zülfünə, qoyubdur xına,
Tellər qırmızı geyindi.
Qaş oymatdı, qıya baxdı,
Könlümün evini yıxdı.
Al geyindi, seyrə çıxdı,
Çöllər qırmızı geyindi,
Yarpaqları güldən təzə,
Ağzı qaymaq, dili məzə,
Hüseyn, canan gəldi bizə,
Yollar qırmızı geyindi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət