Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Telli Qarı

Aşıq Heydər - Telli Qarı
Sakura

Aşıq Heydər - Telli Qarı

Bir gün Mahmud ağa qapıda durmuşdu. Əlini gözünün üstünə qoyub uzaqlara baxırdı. Birdən xeyli uzaqlarda bir atlı görüb xeyli təəccübləndi:
– Bu atlı kimdi belə? Hər kimdisə mənim yanıma gəlir. Qoy gəlsin.
Bu keçdi içəri. Aşıq Heydər dedi:
– Ay Mahmud ağa, sən sözlü adama oxşayırsan.
– Baxdım, bir atlı gəlir. İndicə burya gəlib çıxar. Qoy hələ gəlib çatsın bir, ondan sonra kimdi, nəçidi, bunu da onun özündən öyrənərik. Elə bu vaxt qapıda at kişnədi. Az keçmədi ki, ucaboy, arıq bir arvad içəri girdi. Aşıq Heydər təəccüblə arvadın belindəki tapança və xəncərə baxdı. Arvad ədəblə Mahmud ağaya salam verib dedi:
– Mahmud ağa, nəyə gəldiyimi bilirsənmi?
– Mən hardan bilim, a Telli qarı? Sən deyərsən, biz də bilərik.
– Bu Yastı Alı yaman qudurub ha! Sınıqda özünü padşah hesab edir. İndi nə eləyim ki, mən ondan kasıbam. And olsun Allaha… Üç dəfə qapısına elçiliyə getmişəm. Ağzına gələni mənə deyib. Elə şeylər istəyib ki, qalmışam mətəl. Ay bunun başı batsın, adını da kişi qoyub. Yurdunda bir qız var da… Mən onun qarayandı qızına elçi düşürəm gədənin xatirinə, o da özünü götürüb dağın başına qoyur. Daha demir Telli qarı da Yayçı qızıdı. Cinləndirərsən, qızı basar atın tərkinə. Hünərin var, gəl üstünə. Səni qoyar yana-yana.
Bu belə deyəndə Aşıq Heydər maraqla Telli qarıya baxdı:
– Səndən nə istəyir, onu deməzsənmi?
Mahmud ağa da bu sözləri eşidəndə razılıqla başını tərpətdi:
– Aşıq Heydər düz deyir. De görək Yastı Alı səndən nə istəyir?
Mahmud ağa da belə deyəndə Telli qarı Mahmud ağanın beşaçılanını sinəsinə basıb bir o yana, bir bu yana gedib görək burda nə dedi. Biz deyək, siz də sağ olun:

İyimri qoç istərəm, yanında şişək,
On can yunlu qoyun-yunu bir döşək, 
Maya dəvə gətir, yanında köşək,
On batman yağ, düyü, qəndlə çay gətir.

On dəst paltar lazım təzə gəlinə,
«Yoxumdu» sözünü alma dilinə,
Qızıl kəmər gərək qızın belinə,
Qohuma-qardaşa yaxşı pay gətir.

Vəznəli çuxadan bir beşi bəsdi,
On beş donluq gətir, durma, tələs di,
Çoxmu şeylər dedim – dodağın əsdi,
Xonçalar hazırla, bizi say gətir.

Yaxşı yükünü tut tirmədən, şaldan,
Beş cöngə də ayır heyvandan-maldan,
Daha nə lazımdı deyərəm daldan,
Tutursan özünü mənə tay – gətir!

Qanını qaraltma, a Telli qarı,
Mənə nə, taparsan haradan varı,
Bu elə-obaya salma havarı,
Yuz də qızıl beşlik bura say gətir.

Söz tamama yetən kimi Aşıq Heydər dedi:
– Telli qarı, sən lap şairsənmiş ki!
– İndi onun yeri deyil. Gəlmişəm ki, Mahmud ağa bu işi yolun qoysun. Qoymasa, mən bilərəm, o Yastı Alı bilər.
– Yaxşı, yaxşı.
Mahmud ağa gülümsündü. Bu sərt təbiətli adam mərd adam görəndə yumşalırdı. İndi də belə olmuşdu. Çünki Telli qarının hərəkəti xoşuna gəlmişdi. Odur ki, Aşıq Heydərdən soruşdu.
– Aşıq Heydər, sən bu işə nə deyirsən?
– Ağa, Telli qarı bu qapıdan narazı getməməlidi!
– Bu saat o yastı əclafı bura çağırtdıracağam.
Ona kimi ortaya süfrə salındı. Yeyib-içdilər. Aradan bir az keç-məmiş içəri ortaboylu bir kişi girdi. Kişi qorxa-qorxa Mahmud ağaya salam verdi, içəridə Telli qarını görəndə boğazı qurudu. Mahmud ağa acıqlı-acıqlı dilləndi: 
– Yastı Alı, deyəsən ağlını itirmisən.
– Ağa, ağa…
– De görüm, Telli qarının dedikləri düzdürmü? Sən bir bu qədər şeymi istəyirsən?
– Elə sözgəlişi dedim. Telli qarı da şair adam… Və mən toydan ötrü bir şey istəməyim?
– Belə de… İndi sən Aşıq Heydərə cavab verə biləcəksənmi?
– Yox, yox, mən hara, o hara?! Yenə insaf-mürvət səndədi, Aşıq Heydərə qalsa, evim yıxılacaq.
– Mən bitlmirəm, Aşıq Heydər, istədiyini istə bundan.
– Ağa, bu, Telli qarıdan nə istəyibsə, onun hamısını özü hazır eləsin. Xeyir işi gecikdirmək olmaz. Qaldı o yüz beşlik qızıl. Onu da Yastı Alı sayıb versin Telli qarıya.
Bunu eşidəndə Yastı Alı yerində qurcalandı:
– Ay Aşıq Heydər, bu, heç olmadı. Sən mənim evimi yıxmaqmı istəyirsən?
– Bəs sən bu deyilənləri Telli qarıdan istəməmişdinmi? İstəmişdin! İndi özün ver görək.
– Ay Mahmud ağa, Aşıq Heydər göz görə-görə Telli qarının tərəfini saxlayır. Axı…
Mahmud ağa yenə gülümsündü:
– Yastı Alı, daha mənlik iş qalmayıb. Buna Aşıq Heydər baxır. O nə desə, onu eləməlisən.
– Ona ki qaldı, nə istəsə, onu da alacaq.
Aşıq Heydər məzəynən Yastı Alıya baxıb əlini-əlinə vurdu:
– Utanmırsan heç? O qədər var-dövləti öləndə arxanca gor evinə aparacaqsan? Yox. Daha niyə sızıldayırsan? Nə deyim… nə demişəm, ona əməl elə. Allah xeyir versin. Nə təhər olur? Elə istəməyin belə də qaytarmağı var, daha dalına hay-havar salma.
Mahmud ağa əlini cibinə salıb bir çəngə yüzlük çıxardı verdi Telli arvada:
– Al bu pulu, toy xərci elə. Amma Aşıq Heydərin dediyi şərt qalır. Üç günə kimi toy başlamalıdır. İndi gedin toya hazırlaşın. Toy günü Aşıq Heydər də, mən də gələcəyəm.
Telli qarı da, Yastı Alı da onlarla sağollaşıb getdilər. Üç gündən sonra toy oldu, Telli qarının arzusu yerinə yetdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR