Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( VIII hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( VIII hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( VIII hissə)

Səkkizinci hissə
Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı. Şəhərin bu başından vurub o başına, o başından vurub bu başına çıxdı. Ancaq Mustafa dediyi tək bağça birinci gördüyü rəhmətlik Nağdəlinin bağçasından başqa heç nəyi tapmadı. Çarəsiz qalıb bir də bağçaya yaxınlaşdı. Leyla qızıl güllərə su verirdi.
Ədəb-ərkanla Leylaya salam verdi.
- Qızım, bir fincan mənə su verərsənmi, ciyərim yanır.
Leyla su gətirəndə gördü ki, dərviş qızıl gülləri iyləyib nə isə öz-özünə danışır. Gözlərindəndə yaş sel kimi gedir.
- Bağça həmin bağça, güllər həmin güllər, fincan həmin fincan, amma qızım sən çox cavansan axı. Adın nədi? Leyla.
- Hə, Mustafa dediyi qız demək sənsən.
- Ay baba, bağrımı yandırma, sən Allah de görüm Mustafaya nə olub?
- Heç nə, qızım, qorxub eləmə. Mustafa Ağbabada yağı düşmənlərlə qızğın döyüşə girişib, özü də mənə dedi ki, Leylaya deyərsən ki, bir həftəyə kimi onu mütləq görəcəm. Bax bu altun həmayılı da sənə göndərdi.
Leyla:- Sağ ol, ay baba, bu nə gözəl boyunbağıdı. Keçın içəri bir fincan cay için.
Sərdar:
- Sağ ol qızım, su içdim, ürəyimin közü yatdı.
Leyla:
- Baba, mən dərvişləri deyib - gülən görmüsəm, sənin isə iki gündü ki, göz yaşın sel təki axır, axı sənə nə olub?
Sərdar:
- Qızım mən çəkən dərdi Allah düşmənimə də qismət eləməsin. Mənim üzüm qiyam, qiyamətda güləcək. Qızım yaralarımı qoparma, qulaq as, gör nə deyirəm.
Aldi görək bu dəmdə Sərdar nə dedi:

Başına dondüyüm gül üzlü Sonam,
Mən yandım, sən yanma, gül, bu yanda dur.
Yanıb viran olub məhəbbət bağım,
Bağıma qar yağıb,gül, bu yanda dur.
 
Güllü baxçalara küləklər əsir,
Sünbülün bağrını sarmaşıq kəsir.
Mənə dərd verməyə fələk tələsir,
Az qalır lal olsun dil, bu yanda dur.
 
Taleyim tərs gəlib, bəxtim dönübdü,
Bacam basılıdı, ocaq sönübdü.
Dərvişin bəlası göydən enibdi.
Axir gözlərimdən sel, bu yanda dur!

Söz tamama yetsədə, Leyla dərvişin dediklərindən heç nə başa düşmədi.
Bu dəmdə icəridən Nazdı xanımın səsi gəldi.
- Ay Leyla, o nə səs küydü. Leyla gülə - gülə içəri qaçdı. Ay ana, Mustafadan xoş müjdə gəlib.

Sona xanım dərvişə çörək vermək məqsədi ilə çölə çıxdı, amma heç kimi görmədi. Artıq Sərdar oradan uzaqlaşmışdı. Qayıdıb kor - peşman bağçaya girəndə gördü ki, bağça lalələrlə doludur. Leyla əlindəki altun həmayili anasına göstərərək dedi:
- Ana, bu da Mustafanın mənə hədiyyəsidir, dərviş ilə göndərib.
Altun həmayılı görən Sona xanım huşunu itirib bağçaya yıxıldı.
Üç gün üç - gecə huşsuz vəziyyətdə yerindən dura bilmədi. Qanlı Alı Sona xanıma nə oldu deyib, fırfıra kimi fırlanırdı.
Nazdı isə öz-özünə deyinirdi.
- Ay kişi, iki gündür ki, bizim evə bir dərviş gəlib gedirdi özünü də çox pis aparırdı, üstəlik hələ bizə də atmacalı sözlər də dedi. Başı batmış Leyla onu içəri çağırıb, güya gəlib anasına deyib ki, deməzsənmi dərviş Mustafadan müjdə gətirib. Sona o altun həmayılı Leylanın əlində görəndə halı pisləşib yerə yıxılıb.
Sona yatağa düşməkdə olsun, sizə kimdən danışım Sərdar paşadan.

Sərdar Gümrüdən ayrılan kimi qoşunun yanına gəldi və əmr verdi ki, artıq vaxtdır, düşmənlərin üstünə gedirik.

Sərdar:
- Mənim qoç igidlərim, mənim balalarım, biz yağı düşmənlərin üstünə gedirik, gərək bu döyüşlərdən üzü ağ çıxaq.
Mənim aslanlarım, körpələrə, qadınlara, yaşlılara əl qaldırmayın.

Məni yaxşı - yaxşı dinləyin, mənim balalarım, əgər mənim başıma bir iş gəlsə, məni gülə - gülə Gümrüdə dəfn edin, bu mənim sizlərə son vəsiyyətimdi.
Sonra Sərdar sazı başının üstünə qaldıraraq, aldı görək nə dedi.

Ərəsət günüdür, qoç igidlərim,
Düşmənlər əlində daş oynatmasın.
Mərdin qabağına çıxmasın namərd,
Müxənnət sevinib qaş oynatmasın.
 
Qara zurna çalır döyüş cəngini,
İgidlər oynayır millət səngini.
Əzin igidlərim düşmən əngini,
Başsız qalan kafir baş oynatmasın
 
Ey Allah sən yetiş mərdin dadına,
Qoy xətər gəlməsin Sərdar adına.
Onun sorağına, onun adına,
Gələnlər gözündə yaş oynatmasın.

Yüz minlik bir qoşunun tərpənişi, təbillərin səs küyü, at kişnəməsi bütün Gümrünü ayağa qaldırdı.
Gümrüdən çıxan qosun Ağbabadan başlayaraq düşmənləri qova, qova Çuxur Səd ətrafı düzənlikdə dayandı.
Beləliklə, məqribdən - məşliqə qədər uzanan qədim Türk yurdunun bütün torpaqları yağılardan azad olundu. Qoşun yenə gəlib Gümrünün kənarındakı düzənlikdə dayandı.

Sona xanım üç gündən sonra ayıldı. Qanlı Alının əl ayağına düşüb yalvarmağa başladı:
- Alı qardaş, qurbanın olum. Bu altun həmayil mənim ərim Sərdarın yeganə nişanəsidir. Biz evlənəndə mən onu Sərdara vermişdim. Tez ol məni o dərvişin yanına apar.
Qanlı Alı əl altından adamlar göndərib öyrəndi ki, həmin dərviş Gümrüdən qayıdandan sonra gedib Gümrünün kənarındakı əsgərlərə qoşulub gözdən itirmiş.

-Hə əzizlərim, Allah sizləridə xoşbəxt eləsin, ilan yerisin balası da dalınca.

Qanlı Alı Sona xanımıda götürüb qoşunun dayandığı yerə gəldilər.Yüzbaşı Hamza onları qarşılayıb öz cadırina götürdü. Hamzaya aydın oldu ki, qanlı Alının şəxsən paşaynan görüşmək fikri var. Sona xanım çadırda qaldı. Yüzbaşı isə qanlı Alını paşanın hüzuruna gətirdi.
Sərdar ədəb - ərkanla qanlı Alını qəbul etdi. Ancaq nə Sərdar nə dəki qanlı Alı bir birini tanımadı. Sərdar Alının nə iş üçün gəldiyini soruşdu. Qanlı Alı yalana əl atıb söhbətini belə başladı:
- Paşam sağ olsun, bizim evi bir dilənçi dərviş talayıb, onu tapmaqda sizin köməyiniz lazımdı.
Sərdar: -Ay kişi, axı dərvişlərdən dilənçi olmur?
Qanlı Alı:
- Paşam sağ olsun, qoy sən deyən olsun, amma məndə belə bir məlumat var ki, bizim evi talayan dərniş bizdən çıxıb, özünü sızın qoşuna vurub.
Sərdar o dəqiqə barmağını dişlədi, deməzsənmi bu namərd kişi mənə böhtan atır. Qabağa yemək gəldi. Ancaq Qanlı Alı durub gedəcəyini bildirdi.
Paşam sağ olsun, mənim əmanətim sizin əsgərlərin yanındadı, qorxuram onu da oğurlayalar.
Elə bil Sərdarın başına qaynar su tökdülər. Sərdar hirslə üzünü yüzbaşıya tutub dedi:
- Yüzbaşı Hamza, özünlə bir cəngavər götür, bu kişinin əmanətini göz bəbəyi kimi qoruyun. Amma buna öz başınla cavab verirsən ha. Di haydi.
Sərdar yenə üzünü qanlı Alıya tutaraq dilləndi:
- Hə, kişi, indi ürəyin yerinə düşdümü? Allah verəndən bir qismət ye, səhər o başdan gəl yanıma, əgər o dediyin dilənçi dərvişi burada tanıyıb tapsan, onun başını şəxsən öz əlimlə vuracağam.
Hamza paşanın qılınc tutanlarından birini, yəni Hasanı götürüb Sona xanım qaldığı cadırı göz bəbəyi kimi qorumağa başladı. Sona xanım içəridə oturub qanlı Alının yolunu gözləyirdi.
Çəngavərlər isə bayırda şirin- şirin söhbət edirdilər. Birdən Hasanın gözü Hamzanın qolundakı bilərziyə sataşdı.
Yüzbaşım, nə gözəl bilərziyiniz var?
Cavan oğlan, bu bilərzik mənim valdeyinlərimin yeganə nişanəsidi. Bircə o yadımdadı ki məni sel apardı, Qasım adlı rəhmətlik bir kişi məni sudan tapıb öz oğlu kimi böyütdü. Allah o kişiyə rəhmət eyləsin. Bundan başqa heç nə yadımda qalmayıb.
Hasan kədərli-kədərli dilləndi:
- Mənə baxanda, sənə min şükür. Yüzbaşım mən də sənin kimi yetim olmuşam. Dağlarda qoyun otarmaqdan bezmişdim, çünki qurdlardan çox qorxurdum. Çobanlar deyirdilər ki, səni qurdun ağzından güclə almışıq. Zalım uşağı mənə yaman əziyyət verirdi.
Bu dəmdə Sona xanım qışqıra - qışqıra çölə çıxdı: - Ay bala, o bilərziyi bir mənə göstər. Hamza tez bilərziyi qolundan çıxarıb Sona xanıma verdi.
Ay bala, artıq gözüm heç nə görmür, o bilərziyin üstündə sonra nə var.
Ana, bilərziyin üstündə “Hamza” sözündən başqa heç nə yoxdu. Bu sözləri eşidən Sona xanım “Hamzam, Hasanım”, “oğlanlarım” deyib cəngavərləri qucaqladı.
Hamza qadına nə isə söz demək istəyirdi gördü ki, qadın onların qolları arasında ozündən gedib huşunu itirib.
Hamza gər bir səslə iki nəfər əsgəri yanına çağırdı.
Əskərlər, mən içəri keçirəm, nə badə çadıra bir nəfər buraxasınız, deyib qadın qucağında Hasan da yanında çadıra girdilər.
Hannan - hana Sona xanım ayıldı və bu dəmdə görək nə dedi.

Qalmışam gözü yollarda,
Halım necə yaman idi.
Yolu- izi seçəmmirdim,
Dağlar betər duman idi.
 
Ağlamaqdan kor olmuşdum,
Öz – özümə xor olmuşdum.
Eşitmirdim, kar olmuşdum,
Qəlb sızlayan kaman idi.
 
Ölürdüm, ölə bilmirdim,
Qərara gələ bilmirdim...
Göz yaşım silə bilmirdim,
Zaman betər zaman idi.
 
Qocalmışam qəm əlində,
Sizin adınız dilimdə.
Gəlib tapmırdı ölüm də,
Dərdim həmən – həmən idi.

Söz tamama yetsə də Sona xanımın sinəsi söznən doluydu. Balalarını duz kimi yalıyannan sonra yenə aldı görək nə dedi.

Adınıza qurban olum,
Ananızam, balalarım!
Hamza, Hasan canım-gözüm,
Ananızam, balalarım!
 
Neçə ildi dərd çəkmişəm,
Qamət əyilib, çökmüşəm.
Qədərə boyun bükmüşəm,
Ananızam, balalarım!
 
Saralmışam, çox solmuşam,
Sonayam, qarı olmuşam.
Sərdarın yarı olmuşam,
Ananızam, balalarım!

Söz tamama yetən kimi Sona xanım başına gələn əhvalatları oğlanlarına danışdı. Hər üç həsrətli bir-birinə qovuşdu.
Amma Sona xanım durub dicəlmək bilmirdi. Gözlərinin yaşı sel kimi damırdı. Hamza işi belə görüb dilləndi:
-Ay ana, şükür Allaha səni sağ- salamat gördük. Bəs niyə ağlayırsan.
-Gözlərimə inana bilmirəm, balalarım. İyirmi il ayrılıqdan sovra ovladlarının yolunu gözlədiyi ana həsrətlilərinə qovuşanda sevindiyinnən ağlamazmı?
Bu dəmdə Sona xanım cuşa gəlib, görək oğlanlarına nə dedi:

Sevincdən bilmirəm necə eyləyim,
Barı bir doyunca qoyun ağlayım.
O ötən günləri, gözəl anları,
Mən anım, sizlər də sayın, ağlayım.
 
Gözü kor etmişəm, qulağımı kar,
Üzülüb ürəyim, canda taqət var?
Yediyim, içdiyim olub zəhrimar,
Mətimi hər yana yayın, ağlayım.
 
Sonayam dərdimə bulundu çara,
Daha yas tutmaram, geymərəm qara.
Bitişdi, çox şükür, qövr edən yara,
Siz məni ən xoşbəxt sayın, ağlayım.
 
Söz tamama yetər - yetməz Sona xanım aldı dübarə görək nə dedi:

Hər darda qalanın dadına yetdin,
Sənin kərəminə şükür, Allahım!
O qədər şənəm ki, bu xoş günə mən,
Başıma gülləri tökür Allahım!
 
Darda sığınmışdım sənin kölgənə,
Ümüdüm səndəydi dərd artsa yenə.
Axır qara gündən çıxdım, ağ günə,
Yox oldu dərd – bəla, fikir, Allahım!
 
Ayrılıq oduna çox yandı canım,
Sona deyir; gülzar oldu yanım.
Gərək başınıza dönüb - dolanım,
Min şükür rəhminə, şükür, Allahım!

Söz tamama yetən kimi Sona xanım təkrar balalarını duz kimi yalamağa başladı.

İndi sizə kimdən danışım, Qanlı Alıdan.
Qanlı Alı paşanın yanından çıxıb Sona xanımın qaldığı çadıra gəldi. Ancaq çadırın qarşısındakı əsgərlər onu içəri buraxmadılar.
O, əsgərlərdən içərdəki qadını soruşdu. Əsgərlərdən biri dilləndi:
- Babam, o qoca qadınımı soruşursan?
- Hə bala.
- Babam o qoca qadını yüzbaşı özü ilə Gümrüyə apardı, vəssalam. Qanlı Alı Gümrüyə qayıtdı. Şəhəri bir az o baş - bu baş gəzəndən sonra, öz evinə gəldi. Üzünü Nazlı xanıma tutub dedi:
- Ay Nazlı, Sona xanıma denən ki, hələlik o dərviş tapılmayıb, mən səhər açılan kimi bir də paşanın yanına gedəcəm, deyən kələfin ucunu tapmışam, narahat olmasın.
Nazlı:
- Ay kişi, sən nə danışırsan, nə Sona, nə zad, o səninlə gedəndi, geri qayıtmayıb axı!
Qanlı Alı başı alovlu evindən çıxıb qoşun olan yerə gəldi. Çadırın qarşısında duran əsgərlərə heç nə demədən birbaşa çadıra daxil oldu.
Nə, görsə yaxşıdı!? Gördü ki, hər iki cavan oğlan hərəsi Sonanın bir tərəfinə uzanıb, başlarını da Sonanın sinəsinə sökəyiblər. Sona da qollarını açıb onları möhkəm-möhkəm qucaqlayıb. Hər üçü elə yatıb ki, dünya yansa, bunların bir xorum otu yanmaz.
Qanlı Alı çadırdan çıxıb qışqıra-qışqıra paşanın çadrına yaxınlaşdı.
Sərdar paşa isə gecə yarıdan keçməsinə baxmayaraq yatmamışdı. Paşa Qanlı Alnı qan-tər içidə görüb dilləndi:
- Nə olub, nə qışqırırsan, dünya yandı, nədı?
Qanlı Alı:
- Allah sənin evini yıxsın, paşa, evimi yıxdın, hələ get bax sənin əsgərlərin mənim əmanətimə xəyanət elədilər.
Sərdar:
- Bu kafir nə danışır?
- Haydi əsgərlər, hər üç kafiri cəld bu meydana gətirib və hər üçünün başını elə mənim gözlərimin qarşısında buradaca vurun.
Əsgərlər yüzbaşı Hamzanı, Hasanı və Sona xanımı sürütdüyə - sürütdüyə meydana gətirdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR