Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( VII hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( VII hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( VII hissə)

                                                                           Yeddinci hissə
Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin.
Qeyd: Ağbaba mahalında mehmanxanaya “xan” deyirdilər.
Xanda cəmi on nəfərə qədər adam var idı.
Sərdar adamların icərisindən o dəqiqə yetim Tapdığı tanıdı.
Yetım Tapdıq həzin - həzin tırınqı çalıb oxuyurdu. Sərdar Yetim Tapdığın sözünü kəsərək dilləndi:
- Ayə, ay Yetim Tapdıq, bir əməlli başlı söz desən! Bizi lap qəm dəryasında boğdun axı, bir o telli sazı mənə ver görüm.
Yetim Tapdıq başını qaldırıb dərvişə baxdı.
- Ay zalım oğlu, mən hansı günümüzə yaxşı söz deyim, görürəm, sən buralar adamı deyilsən, bu telli sazım məni qoymur yasdan çıxam. Buyur sazı, kəramətini göstər, dənciyində nəyin varsa, tök ortaya.
Sərdar sazı sinəsınə basıb aldı görək nə dedi:
 
Ay ərbablar, gəlin sizə söyləyim,
Qərib - qərib dolanıram elləri.
Fələk qəm zəncirin salıb boynuma,
Qərib - qərib dolanıram elləri.
 
Yeridim, yürüdüm qürbətə sarı,
Geriyə boylanıb baxmadım barı.
Ələndi saçıma dünyanın qarı,
Qərib - qərib dolanıram elləri.
 
Bir quşa dönəydim, uçaydım geri,
Gəzib dolanaydım o doğma yeri.
Qanan da, qanmaz da hökm edir, kiri,
Qərib - qərib dolanıram elləri.

Söz tamama yetdi.
Yetm Tapdıq qəmli-qəmli dilləndi:

- Eh, a dərviş, bu yerlərdə səni kimi çoxlarının günü, ayı qara gəlib, burada hamı qəribdi.
Yetim Tapdığın ağzında sözü yarımçıq qaldı.
Sərdar aldı dübarə görək indi nə dedi:
 
Yatmışdım yuxuda... ayıldım gecdi,
Karvanın getmişdi, yollarda qaldım.
Yaxşı adım - sanım hörmətim vardı,
Batdı şan – söhrətim, dillərdə qaldım.
 
Taleyim tərs oyun açdı başıma!
Baxmadı gözümün qanlı yaşına!
Müxənnət fələyin bu gərdişinə
Qərib diyarlarda, çöllərdə qaldım!
 
Itirdim ağ günü, qohum – qardaşı,
Əydim qamətimi, ağartdım başı.
Gəzirəm tapmıram yarı – yoldaşı,
Doğma evim yoxdu, ellərdə qaldım.
 
Söz tamama yetən kimi Yetim Tapdıq dərindən bir ah çəkdi.
Ay dərviş, Allah sənə insaf versin, lap tüstümü təpəmnən çıxartdın. Sən mənnən yaxşı söz istəyirdin, bəs nə oldu, mənnən də betər qəmli sözlər deyirsən. Deyəsən, sən elə mənnən də betər dərddəsən.
Sərdar:
- Hələ yenə sözüm var, Yetim Tapdıq, qulaq as gör nə deyirəm.
Yenə Sərdar sözə başladı, nə başladı:
 
Fələyin qəzası tapandan məni,
Tutdu əllərimdən belə apardı.
Atəşli zənciri saldı boynuma,
Dözülməz dərdlərə, hala apardı.
 
Aradım yarı mən qəmə tuş oldum,
Hicran dərdi çəkib, bağrı daş oldum.
Bir qanadı qırıq, yalqız quş oldum,
Gəldi boran vurdu, yola apardı.
 
Qəribəm, tənhayam, düşmüşəm dara,
Para – para oldu, qövr edən yara.
Dərdimə bir kimsə tapmadı çara,
Əlimdən var – yoxu bəla apardı.

Söz tamama yetən kimi Yetim Tapdıq qəmli - qəmli dilləndi:
- Ay dərviş, sənin adın nədi?
- Mədəd.
Ay zalım oğlu, Mədəd! sənin səsin məni keçmişə apardı. Səsin mənə tanış gəlir, amma səni taniya bilmirəm, üzü qara olsun belə zamanənin! dərd-kədər qoyur ki, qırışığımız açılsın. Ay zalım oğlu, təki sənə gələn mala-pula gəlsin, bu dağılmış yerdə nə qalıb ki, camaat sənə nəsə də versin, camaatın özü indi dilənçi vəziyyətinə düşüb.
Sərdar dilləndi:
- Çarəsizəm aşıq, uşaqlar acından qırılır, gərək o başdan durub dağ kəndlərinə gedəm.
Yetim Tapdıq başını bulaya - bulaya dedi;
- Ay getdin ha, sən saydığını say, gör fələk nə sayır.
Yetim Tapdıq sazı sinəsinə basıb aldı görək nə dedi:
 
İndi Ağbabada betər zamandı,
Gülənin gözünü oyurlar, Mədəd.
Dinəni göndərib gedər- gəlməzə,
Adını yarıtmaz qoyurlar, Mədəd.
 
Düşmüşəm səhranın qızmar çağına,
Buradan baxıram Öküz dağına.
Mərdləri çəkirlər şər ayağına,
Çəkib dərisini soyurlar, Mədəd.
 
Yetim Tapdıq deyər dönüb zamana,
Doğru söz söyləsən, düşərsən qana.
Dağlar betər batıb sisə - dumana,
Cücəni payızda sayırlar, Mədəd.
 
Qeyd: Öküz dağları Ağbaba ilə Gürcüstan respublikası sərhəd məntəqəsi arasındakı dağlardı. ( Qaranamaz kəndinin ( “Yeniyol” kəndi ) yuxarı hissəsindəki dağlar Öküz dağları adlanır.

Söz tamama yetdi. Sərdar birdən dözə bilməyib dilləndi:
-Yetm Tapdıq, deyən sən havalanıbsan nədi, Ağbabanın motalı, qaymağı, balı dillər əzbəridi, bəs aşığa sizlərdə necə hörmət edirlər?
Yetım Tapdıq başını bulaya - bulaya dilləndi:
- Mədəd, görürəm buralar adamı deyilsən, bir sözlərimə yaxşı qulaq as.
Yetim Tapdıq sazını kökləyib, aldı görək dübarə nə dedi:
 
Ağbaba deyilən bir gözəl eldi,
Hər yanı çəməndi, çiçəkdi, güldü.
Böyüyü - kiçiyi çox əhli dildi,
Indi bu vətənin adı qalıbdı!
 
Ağbaba deyilən uzaqda qaldı,
Tanrı verdiyini geriyə aldı.
Fələk başımıza qarama saldı,
İndi bu vətənin adı qalıbdı!
 
Ağbaba deyilən Çıldıra yaxın,
Eli pərən oldu bir yaxşı baxın.
Xeyri nə fəryadın, nalənin, ahın,
İndi bu vətənin adı qalıbdı!
 
Yetim Tapdıq gözlərinin yaşını silib, dilləndi:
- Mədəd, sən qabağa düş, mən də dalınca gəldim.
Bir az da gözləsəm, bağrım qana dönəcək.
 
Aldı Mədəd:
Dərd əyib qəddimi, sənə söylədim,
Deyən tanımadın, ay Yetim Tapdıq.
Səni qınamıram, çox qocalmışam,
Olmuşam qocaya tay, Yetim Tapdıq.
 
Yetim Tapdıq:
Dərdimi artırdın, birim min oldu,
Açdın ürəyimdə yüz baca, Mədəd.
Amma danışırsan üstü örtülü,
Burda sirri bizlərə kim aça, Mədəd.
 
Mədəd:
Bir zaman xan idım bu yerlərdə mən,
Qəlbimi açırdı burda çöl – çəmən,
Mən indi piranam, həm də dərd ərkən,
Toyum dönüb olub vay, Yetim Tapdıq.
 
Yetim Tapdıq:
Səsin yanıqlıdı, xoşdu avazın,
Nədən qışın getmir, açılmır yazın?
Taleyin bəd gəlib, qaradır yazın,
Sən ya bəzirgansan, ya xoca, Mədəd!
 
Mədəd:
Necə tanıyasan neçə il keçib
Qəzanın qədəri qəlbimi seçib.
Fələk ağ günümü ot kimi biçib,
Istəsən dərdimi yay, Yetim Tapdıq.
 
Yetim Tapdıq:
Tanışlıq vermirsən, mat eləmisən,
Özünü bizə sən yad eləmisən.
Tapdığın canına od ələmisən,
Dərd səni eyləyib bir qoca, Mədəd!
 
Söz tamama yetsə də, Sərdar yenə söz deməyinnən qalmadı.

Aldı Mədəd:
Pünhan – pünhan çox dolandım,
Sinəm üstü dərdə bax!
Yağı basan, od vurulan
Obaya bax, yurda bax!
Dərdim çoxdu dəymə mənə,
Od alıban yanıram;
Müxənnətin dövranıdı,
Axtar, ara sən mərdə bax!
 
Yetim Tapdıq:
Pünhanlarda dolanıbsan,
Çox olubsan girdə bax!
Nə tapıbsan xəlvətlərdə,
Pünhan olan sirdə bax!
Dərdim üstə dərd gətirdin,
Oduma od elədin;
Huş qarışdı, ağıl itdi,
Ataş oldu sərdə, bax!
 
Mədəd:
Pərən – pərən olan ellər
Harda pənah eyləyib?
Qan ağlayan arvad – uşaq
Gözündən qan ələyib!
Yada əsr düşməkdənsə
Qəfil ölüm diləyib.
Türk deyilən adlı kişi
Qaldı quru yerdə, bax!
 
Yetim Tapdıq:
El – obadan söz salıban
Qəmi çəkdin ortaya.
Müsibəti yada salıb
Dərdi əkdin ortaya.
Açdın hicran bazarını
Mətah tökdün ortaya;
Alıcıyam aldım deyin
Qan ağlayan dərdə, bax
 
Mədəd:
Viran könlüm yaralıdı,
Yarasını qanatma;
Bu bir sirdi, mən nəçiyəm,
Nə çarəyəm, can atma...
Faş olacaq bu da bir gün
Bir səbr eylə, unutma;
Tanımırsan, nəzər eylə
Üz-gözümə bir də bax!
 
Yetim Tapdıq:
Yetim Tapdıq yaralıdı,
Bir yara da sən vurdun.
Nə yaman tərs damarın var,
Dediyin üstə durdun.
Daha heyim qalmayıbdı
Lap qanadım qırdın;
Həqiqəti üzümə de,
Çəkmə gözə pərdə, bax!

Söz tamama yetdi. Amma Sərdarın daha səs – səmiri də cıxmadı. Artıq danışmaq yersiz idi. Çirtma vursan Sərdarın qanı tökülərdi, çünki Yetim Tapdıq onu tanımadı. Artıq gecə yarıdan keçmişdi.
Səhərin ala, qaranlığında Sərdar xanı tərk edib, libasını dəyişərək Gümrü şəhrinin qırağında olan qoşun- ləşkərin yanına qayıtdı. Əsgərlər paşanı salamla qarşıladılar.
Yüzbaşı irəli çıxıb paşanın nə əmr verəcəyini soruşdu. Sərdar dilləndi. Yüzbaşı andın nədir?
- Hamza.
Sərdar:
- Hamza oğlum, adına qurban olum. Mustafa gələ bilməyəcək, qoşunu iki günə kimi döyüşə tam hazırla. Məqsəd-məramımız Ağbabadan başlayıb torpaqları yağılardan təmizləməkdir. Mənim isə iki günlük Gümrüdə görüləsi yarımçıq işlərim qalıb.
Hamza:
- Oldu, paşam, baş üstə: “dedi”.
Səhər açılan kimi Sərdar yenə libasını dəyişib dərviş formasında Gümrüyə qayıtdı.

 

(VIII hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR