Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( VI hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( VI hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( VI hissə)

                                                                                 Altıncı hissə
Aradan iyrmi il keçmişdi.
Dəmirçilər köyündə belə bir səs – səda yayıldı ki, Mosul hakimi yüz minlik böyük bir qoşunla hücuma keçıb yağıları torpaqlardan qovaraq Gümrü şəhrini azad edib.
Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir.

Fərmanda yazılmışdı.

Gümrü şəhərinin əhalisinin nəzərinə,
Yağılar tərəfindən tutulmuş şəhər və kəndlər azad olumuşdur. Kim istəyirsə, öz doğma el – obasına qayıda bilər. Hər bir kəsə Mosul paşası hər cəhətdən köməkliklər göstərəcək.
Carçıların səsini eşidən Sona xanım qanlı Alının əl-ayağına düşüb yalvarmağa başladı.
- Qardaş mən səndən və sənin ailəndən cox razıyam, zəhmətinizi bizə halal edin, ancaq mənim Gümrüsüz hər günüm bir ilə bərabərdi. Bəyaz gecələrim zülmətə dönüb. Gözlərimi yuman kimi ərim və oğlanlarım gözlərimin qabağına gəlir. Onlarin ya sağ, ya da ölüm xəbərini almalıyam. Artıq mənim ölümlü günüm gəlib catıb. İcazə versəydin, gedib bir daha Gümrünü görüb sonra ölərdim.
Qanlı Alı bir az fikrə getdi və başını bulaya-bulaya dedi:
- Ax zamana, zamana, mərdi nə pis yerdə cəkirsən divana. Mən elə bilirdim ki, bir daha əlimə silah almayacağam, sən demə talehim belə imiş. Yaxşı, Sona xanım, mən də sizınlə gedirəm.
Alının arvadı Nazdı xanım dözə bilməyib sözə başladı:
- Ay kişi, sən hara, biz də ora, onsuz da burada güclə dolanırıq, mən cəhənnəm, bəs bu yetişmiş qizları kimə əmanət verirsən, heç olmasa, barı bu tifillərə yazığın gəlsin. Axı deyirdiniz, Sərdar Gümrünün paşasıdı, bəlkə kişi gəlib çıxa, biz də bir ağ günə çıxaq!
Qanlı Alı gülə - gülə dilləndi:
- Ay ağ günə çıxdıq ha! Mən Sərdar paşayla düşmənəm, o mənim ölmümə fərman vermişdi. Əgər ölməsəm, mənim onunla düşmənçəliyim qalıb sonraya.
Nazdı yenə dedi:
- Ay kişi, bəs sən deyirdin Sona mənə qiyam - qiyamata kimi əmanətdi, ona baçı gözü ilə baxırdın, ağzındakı yeməyini çıxarıb onlara verirdin, mən sənin danışdığından artıq heç nə başa düşə bilmirəm.
Qanlı Alı:
- Ay Nazdı, burda başa düşməməyə nə var ki? Bu namus və qeyrət məsələsidi, bir də ki, sən mənim oradakı əməllərimi bilməsən daha yaxşıdı.
Sona xanım Nazdının sözünə müdaxilə elədi:
- Ay bacı, Alı qardaşı sən düz başa düşmədin. Gümrüdə Alı o qədər yaxşı əməllər qoyub gəlib ki, onu bir Allah, bir mənim ərim, bir də mən bilirəm. Mən düz iyirmi ildi ki, Alı qardaşın çörəyini yeyirəm, olmazmı ki, siz də iki gün Gümrüdə bizim çörəyi yeyəsiniz.
Bu zaman qanlı Alı ciddi bir şəkildə dilləndi: İş ki, belə oldu, onda hamınız şey- süylərinizi yiğın, günü səhərdən Gümrüyə yola düşürük.
Alı öz ailəsi, iki qızı, Sona və Leylanı götürüb Gümrüyə getməkdə olsun, görək Sərdar paşa Mosul mahalında nə işlərlə məşğul olurdu. Artıq Sərdar buranın sevimli paşasına çevrilmişdi. Elə bil həqiqətən də, bolluq - bərəkət Sərdarın ayağında imiş. Camaat o qədər şən, firavən dolanırdı ki, gəl görəsən.
Mosulda Sərdar bir yetim dul Lalə adlı qızı öz qızı kimi himayəsinə götürmüşdü. Lalənın isə iki yetim uşağı var idi. Yetimlərin birinin adı Mustafa, qızın adı isə Ayişə idi.
Aradan iyrmi ildən də çox keçmişdi. Sərdarın başı ağ ağappaq dağların qarına dönmüşdü.
Ayişə vəzirin oğluna ərə getmişdi. İyirmi beş yaşlı gənc Mustafa isə Sərdarın qoşununun baş sərkərdəsi idi.
Sərdar paşanın əmrinə əsasən Mustafa yüz minlik bir ordu ilə Mosuldan çıxıb Gümrüdə dayanmışdı.
Mustafanın işi Gümrü şəhrini abad etməkdən ibarət idi.
Artıq Hamza iyirmi beş yaşında bir cavan oğlan idi. Ata əvəzi olan dəyirmançı Qasım dünyasını dəyişmişdi. Un dəyirmanını Hamza işlədirdi. Onu böyüdüb boya- başa çatdıran Qasımın sözləri hər dəfə qulağında cingildəyirdi.
Qasım kişi:
- Bala, bilmək olmaz bu dünyanın işini, mən qəflətən ölsəm, bu qızıl bilərzik səninkidi. Səni çaydan tapanda o qolunda idi. Artıq mənim ölümlü vaxtım gəlib çıxıb, bir az boya – başa çatdıqdan sonra öz doğmalarını axtarıb taparsan.
Artıq Hamza Qasım kişinin son vəsiyyətini yerinə yetirməli idi.
Hamza öz ata əvəzi Qasımın qəbrini ziyarət etdikdən sonra, Arpa çayı boyunca hərəkət etməyə başladı. Əlı şəhri (Ani) yaxınlığında bir böyük qoşuna rast gəldi. Hamzaya məlum oldu ki bu qoşun torpaqları yağılardan təmizləyə - təmizləyə Gümrü şəhrinə gedir. Kimsəsiz Hamza yaraq- yasaq geyinib orduya qarışdı. Döyüşlərdə böyük şücayət göstərdi. Sərkərdə Mustafanın fərmanı ilə yüzbaşı vəzifəsinə qalxdı.
Hasan isə yaylaqlarda o dağ sənin, bu dağ mənim deyib qoyun - quzu otarırdı. Özü də çobanlar arasında həddindən artıq dəcəl böyümüşdü. Sözə baxmayanda cobanlar onu möhkəm döyürdülər. Hələ bəziləri də deyirdi, gərək qoyaydıq bu yetim köpək oğlunu qurd parçayayıb yeyəydi, hara göndəririksə oranı yarıtmır, dəfələrlə qoyun sürülərimizi qurda- quşa yem eləyib.
Artıq Hasan dağlarda qoyun-quzu otarmaqdan cana- boğaza yığılmışdı. O da çobanların əlindən baş götürüb qaçdı. Dərələr dağlar aşıb, gəlib Qarsın düzündə qardaşı Hamza kimi könüllü olaraq Mustafanın qoşununa qoşuldu.
Qanlı Alı isə artıq Gümrüdə idi. Bir tərəfdən zəlzələ, bir tərəfdən də yağılar Gümrünü xarabaya çevirmişdilər.
Mustafanın qoşun dəstələri burada döyüşləri dayandırıb abadlıq işlərinə başlamışdı.
Sona xanım da artıq Gümrü şəhərində idi. Şəhəri gəzib, dolandıqdan sonra oz evinin xarabalığını tapdı.
Xarabalıqda elə hündür qanqallar bitmişdi ki adam içərisinə girsə görünməz olardı.
Bu bəlaya dözə bilməyən Sona xanım aldı görək nə dedi.

Ağlaya - ağlaya dönmüşəm quşa,
Baxıram torpağa, baxıram daşa,
Mən həsrət qalmışam qohum - qardaşa,
Elimi, günümü itirən mənəm.
 
Ağlaya - ağlaya ağlar qalmışam,
Dərdə boyun əyib meyil salmışam,
Vaxtım vədəm keçib çox qocalmışam,
Elimi, günümü itirən mənəm.
 
Ağlaya - ağlaya göz düşdü nurdan,
Dərdimin dərmanı tapılar hardan,
Tək Tanrı qurtarar, məni bu dardan,
Elimi, günümü itirən mənəm.
 
Əlləri hər yerdən üzülən Sona xanım axırda öz doğulduğu evi, yəni Nağdəlinin bəyi evinin xarabalığını tapdı.
Bağı kol – kos basmışdı. Bağın içindəki qonaq evi isə yarıuçuq vəziyyətidə idi.
Qanli Alı tez evə əl gəzdirdi. Qızlar isə bağı kol-kosdan təmizlədilər.
Gümrüdən qaçıb canını qurtaranlar yavaş-yavaş şəhərə axışmağa başlamışdılar.
Geri qayıdanların heç biri bilmirdi ki, burada yaşayan bu qadın vaxtı ilə Gümrü şəhrinin paşası olan Sərdarın xanımı Sona xanımdı. Sona xanım həmin Sona deyildi. Zərif telləri ağappaq ağarmışdı, incə beli bükülmüşdü.
Günlərin birində sərkərdə Mustafanın yolu bu evin yanından düşdü. Mustafanın gözlərinə eyvanda oturan bir su pərisi sataşdı. Bu Leyla xanım idi. Leyla o qədər gözəl idi ki, yemə, içmə, dur bunun büllur camalına tamaşa eylə.
Mustafa tez atdan düşüb dilləndi:
- Ay gözəllər sultanı, mələklər şahı, mən bir fincan su verə bilərsənmi?
Leyla əlində bir fincan suyu Mustafaya uzadaraq dilləndi:- Mən ömrümdə birinci dəfədi ki, belə xoş sözlər eşidirəm.
Mustafa ilk baxışdan Leylaya aşiq oldu.
Artıq Mustafa səhər - axşam yolunu buradan salırdı, ancaq Leyla bu eşqə hər vəchlə razı olmurdu ki olmurdu, hələ üstəlik də Mustafanın əlini Bəkir paşanın Sona xanıma verdiyi qızıldan olan müqəddəs Quranı Kərimə basdı və dedi:
Gümrü nə vaxt abad olsa, mən də o vaxt sənə arvad olaram.
Mustafa qoşun sərkərdəliyini unudub bir Məcnuna cevrildi. Bu xəbər Mosulda Sərdar paşaya çatdı. Sərdar qasidlə namə göndərib Mustafanı təcili Mosula çağırtdırdı.
Mustafa paşanın əmri ilə Mosula gəldi, amma yatağından durub Sərdarın hüzüruna getmədi ki, getmədi.
Bu dəmdə Lalə xanım Sərdara bildirdi ki, baba, bilmirəm, oğluma nə olub, iki gündü heç birimizi yanına buraxmır.
Elə bil Sərdarın başına qaynar su tökdülər.
Sərdar:
- Bu dəqiqə mən ona yatmağı göstərərəm deyib, Mustafanın otağına daxil oldu.
Sərdar Mustafaya xoşdəldin eyləyib ədəb - ərkanla salam verdi.
- Bala, gəldiyini desən ki, bir biz də bilək, axı gözümüz yollarda qalıb. Mustafa anasının və Sərdarın əlindən öpüb sakit bir tərzdə dilləndi:
- Bağışlayın, baba, Gümrüdə yaralanmışam, ona görə yerimdən dura bilmədim.
Lalə əl atdı ki, Mustafanın köynəyidəki düymələri açsin, amma Mustafa dilləndi:
- Ana, sən əziyyət çəkmə, özüm açacam, deyib zalım oğlu başladı nə başladı.
Açma könül düyməsini,
Öz əlimlə vurulmuşam.
deyən kimi Lalədən bir şüvən çıxdı ki, gəl görəsən.
Lalə:
- Ay oğul, nəmərd gülləsi harandan dəyib, oy, Allahım bu nə işiydi, bizim başımıza gəldi? Ay baba, oğluma bir kömək elə, qoyma ölsün.
Sərdar bu işlərdən halı olduğu üçün gülə- gülə dilləndi:
- Ay qızım, bir sakit ol, buna başqa güllə dəyib, qoy dərdini söyləsin, biz də bilək. Hə, bala qulağım səndədi, dərdini bir açıq söylə.
Mustafa sazı kökləyib zili- zil, bəmi- bəm aldı görək nə dedi:

Açma könül düyməsini,
Öz əlimlə vurulmuşam.
İçib eşqin badəsini,
Qızıl gülə vurulmuşam.
 
Gümrü bir gözəl diyardı,
Dağlarının başı qardı.
Eşq atəşi bağrım yardı,
Qara telə vurulmuşam.
 
Gümüş kəmər belindədi,
Eşq kitabı əlindədi,
Haqq kəlməsi dilindədi,
Tuti dilə vurulmuşam.
 
Gedin deyin o Leylana,
Yastığım döndüb ilana.
Nə aqiləm nə divana,
Bir gözələ vurulmuşam.

Söz tamama yetər - yetməz Lalə dedi:
- Zalım oğlu, məni də babanı da qorxutdun. Daha denən ki, bir erməni və ya rum qızına vurulmuşam.
Mustafa:
- Ay ana, o qız rum qızı deyil, əsil türk qızıdı, adı Leyladı, əlində qızıldan düzəldilmış “Müqəddəs Quranı Kərim” var.
Sərdar dilləndi:
- Ay bala, mənə hər şey məlumdu, bircə o müqəddəs kitab məlum deyil axı, qızıldan müqəddəs kitab olmaz.
- Ay baba, öz gözlərimlə görmüşəm. Hətta kitabın üzərində altunla həkk olumuş sözləri özüm öz gözlərimlə oxumuşam. Onu Leylan göz bəbəyi kimi qoruyur, deyir ki, atamın bizlərə qalan yeganə yadigarıdı. Hətta bu günə kimi atasi və anası barədə mənə heç nə deməyib, bircə şərti var ki, Gümrü şəhri nə vaxt abad olsa, mən də sənə o vaxt arvad olacam.
Sərdarın dili topuq vura - vura dilləndi; -Bala, ağrın alım, o müqəddəs kitabın üzərinə nə yazılmışdı, deyə bilərsənmi?
Baba, necə varsa, kəlmə - kəlmə deyirəm.

“Qiyamətə Qədər qoruyun”

Bu sözləri eşıdən Sərdar tir - tap yerə yıxıldı. Şah divanında hamı bir, birinə dəydi. Hər şey yaddan çıxdı, cammat düşdü Sərdarın üstünə. Hannan – hana Sərdar özünə gəldi. Gözlərindən yaş axa-axa dedi:
- Bala, ölmədim, bu günü də gördüm, şad xəbərdən başım hərlənıb yıxıldım. Mustafa sən burada qal, mən günü səhərdən Gümrü şəhrinə yola düşəcəyəm. İki dünya bir olsa da, mən Leylanı sənə almalıyam.
Sərdar:
- Ay bala, bu şad xəbəri gələn kimi mənə deyə bilməzdinmi?
Bəli, Sərdar bir sayil qiyafəsində Gümrüyə daxil oldu.
Gümrünün dağılmış məhəllələrini gəzdikcə dərdi birə min artırdı. İyirmi illik ayrılıqdan sonra Sərdar ilk dəfə idi ki, Gümrü şəhərini görürdü.
Sərdar öz yaşadığı mülkü tapdı. Xarabalıqlar üstündə oxuyan bayquşları görüb, sazını köynəkdən çıxardı. Üzünü bayquşlara tutaraq qəmli - qəmli aldı görək nə dedi:

Dəli könül, bayquş görüb ağlama,
Gəl bu yerdə sən sinəmi dağlama,
Bəxtin yatıb ona ümid bağlama,
Başa gələn yaradana bəllidi.
 
Dəli könül, qanadını qırdı qəm,
Kədər sənin, qədər sənin, yoxdu dəm,
Arvad - uşaq itgin düşüb, yox həmdəm,
Başa dələn yaradana bəllidi.
 
Dəli könül, Ağbabaya yön çevir,
Pərvaz elə o dağlara bir hovur.
Ürəyimi gizlin - gizlin dərd ovur,
Başa gələn yaradana bəllidi.

Sərdar bütün məhəllələri ələk - vələk elədi, ancaq Mustafanın nişan verdiyi yer öz dostu, həm də qohumu Nağdəlinin evi olduğuna artıq heç bir şübhə qalmadı.
Sərdar gördü ki, bağ həmin bağdı. Bağda bir qadın və iki gözəl qız oturub. Qadın qızın birinin başına tumar çəkir.
Bu qadın qanlı Alının arvadı Nazlı xanım idi. Sığal çəkdiyi qız öz qızı, yanındakı isə Leyla idi.
Sərdar: - Ay ev yiyəsi, qonaq qəbul edə bilərsinizmi? - deyib dilləndi, lakin cavab almadı, bir də Sərdar dilləndi:
- Salam əleyküm, xanım, qapı – qapı gəzib, dilənirəm, mənə bir parça çörək verin, uşaqlarım acından batır.
Yenə qadın dinmədi. Sərdar öz-özünə deyindi, yox, bu Sona ola bilməz, Sona son tikəsini kasıblara paylayan bir qadındı. Bu qadın lap kafirin qatısıdı ki, ona bir - iki atmacalı söz deyim bəlkə dili açıla.

Aldı görək Sərdar bu qadına nə dedi:

Gözəllər məkanı Gümrü şəhrində,
Saldı sinəm üstə od, Gümrü qızı.
Salam verdim, salamımı almadı,
Baxa-baxa qaldı mat Gümrü qızı.
 
Eyvanda durmuşdu bir su sonası,
Bağrına basmışdı çeyran balası.
Dedim qonağınam, zalım balası,
Al məni qoynuna, yat Gümrü qızı.
 
Niyə dillənmirsən, dilin lal olub?
Kim sənə deyər ki, əhli – hal olub.
Demə ki, saildi kəmxəyal olub,
Məni qul eylədin, bat Gümrü qızı.
 
Bir suyu oxşayır o nazlı yara,
Bilirəm bəxtimi yazıblar qara.
Sözümü deyirəm daşa - divara.
Xoşbəxt ol arzuna çat, Gümrü qızı.

Söz tamama yetdi. Nazlı üzünü Leylaya tutaraq dilləndi:
- Ay Leyla, a bala get evdən kütdən - külədən gətir ver bu dilənçiyə, qoy cəhənnəm olub buradan getsin, yoxsa zəhləmizi tökəcək.
Leyla əlində bir parça çörək dərvişə uzadaraq dilləndi:
- Buyurun baba, elə olub - qopanımız budu, vallah- billah biz də buraladra çörəyi güclə tapırıq.
Sərdar:
- Əstəfurullah, əstəfurullah, mən nə görürəm, bu röyadı, yoxsamı nədi, şükür məsləhətinə Allahım, nə qəşəng, nə gözəl, ay maşallah, elə bil, bir su pərisidi çıxıb qarşıma.
Allah səni xoşbəxt etsin ay qızım, bu çörəyin əvəzini Allah tala sizlərə artıqlığı ilə qaytaracaq, - deyib Sərdar oranı tərk etdi.
Elə bil bu qız Sonanın özüydü, çıxmışdı onun qabağına.
Bu qızı görəndən sonra Sərdarın dərdi birə min artdı. Oradan geri qayıdan zaman dağılmış evinin xarabalıqlarına baxıb Sona xanımı yadına salaraq Sərdar aldı görək nə dedi:

Əcayib sevdaya düşdüm, Allahım,
Ölürəm, ilqarım söylə, hardasan?
Bilmirəm dilbərim nədi günahım,
Təbibim, loğmanım söylə, hardasan?
 
Bir bağban olmuşam, bağ bar gətirmir,
Əkdiyim gülləri torpaq bitirmir,
Mən çəkən yükü heç fil də götürmür,
Ey nazlı ceyranım söylə, hardasan?
 
Sevdasız günlərim yadıma düşür,
Cismim də, ruhum da, titrəyir üşür,
Hər dəfə ömrümdən bir yarpaq düşür,
Xınalı maralım söylə, hardasan?
 
Axtardım sevdamı günüm il oldu,
Hara qədəm qoydum ora, gül oldu,
Sərdar eşq odunda yandı kül oldu,
Mehriban soltanım, söylə, hardasan?

Sərdar bu qızın kimlərdən olduğunu bilmirdi. İndi ona tam məlum oldu ki Mustafanın dediyi Leyla bu qızdı.
Artıq hava qaralmışdı. Sərdar qərara aldı ki, gedib xanda bir az dincəlsin.

 

(VII hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR