Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( V hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( V hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( V hissə)

Beşinci hissə

 

...Hər yerdən əli üzülən Sona xanım qanlı Alının təhkidi ilə İstanbulun yaxınlığındakı Dəyirman köyünə gəlib çıxdı.
Əslən Dəyirman köyündən olan qanlı Alı, Sona xanım və onun bir yaşlı qizi Leylanı öz doğma evinə gətirdi. Özünün və Sona xanımın başına gələn bütün bu müsibətləri arvadı Nazdı xanıma və yaxınlarına danışdı..

Beləliklə, Sona xanım bu mahalda namus və qeyrətlə, “balalarım” deyə - deyə, qəm – kədər içində yaşamağa başladı.

Artiq Mosul şəhərində Sərdar dövlət işlərini mükəmməl bildiyindən ədalətli qanunlar çıxartdı və kim yanına gəlirdisə, ondan razı qayıdırdı. Bu münvalnan Sərdar burada ədalətli bir sərdar oldu.

Lakin aradan aylar, illər keçməsinə baxmayaraq Sərdarın üzü gülmürdü. Beli əyilib, başı dağların qarına dönmüşdü.
Hər yerdə dilinin əzbəri Gümrü şəhəri, Sona xanım və övladları idi.

Bu işlərin belə davam etdiyini görən baş vəzir Sərdarın hüzüruna gəldi və ədəb - ərkanla salam verərək Sərdara bildirdi ki, artıq bu hal belə davam edə bilməz.
Baş vəzir:
- Paşam sağ olsun, siz gündən-günə saralıb solursunuz. Bir qadın nədir ki, ondan ötəri dəli, divanə olmusunuz! Bizim Müqəddəs Kitabda yazılıb ki, hər bir müsəlman, istər qadın olsun, istər kişi, şəriətlə dul qalmamalıdı. Nə coxdu bu mahalda qız, gəlin. Paşam, gəlin daşı ətəyinizdən tökün, bu işə bir xeyir-dua verin.
Sərdar qəmli - qəmli baş vəzirə baxdı və başını bulayaraq əl atdı telli saza.
Görək bu yerdə Böyük Mosul mahalının paşası Sərdar baş vəzirə nə cavab verdi:

İçdim eşqin badəsini,
Eşq məni boyadı qana!
Açdım könül düyməsini,
Eşq məni boyadı qana!
 
Mən yürüdüm yavaş - yavaş
Eşq mənimlə tutdu savaş.
Dindirməyin məni, qardaş,
Eşq məni boyadı qana!
 
Şamu – səhər yalan oldu,
Əsam döndü ilan oldu,
Könül evim talan oldu,
Eşq məni boyadı qana!
 
Sən Çıldırdan səstə məni,
Ağbabadan istə məni,
Bir gözəlin üstə məni,
Eşq məni boyadı qana!
 
Dil xəstə, könül şikəstə,
Göz yolda,qulağım səstə,
Yarı canda, son nəfəstə,
Eşq məni boyadı qana!
 
Yağmur yağır narın - narın,
Mən ağlaram zarın - zarın,
Qalmayıb halı Sərdarın,
Eşq məni boyadı qana!

Söz tamama yetər- yetməz baş vəzir başladı nə başladı:
- Paşam, sağ olsun, mən qoşuna döyüşə hazır olmaq üçün göstəriş vermişəm. Qoşun döyüşə tam hazırdi. Günü səhərdən mənim başçılığım ilə Gümrü üzərinə hücuma keçirik.
Bu sözləri eşidən Sərdar yerindən qızıl quş təki sıçrayıb üzünü baş vəzirə tutaraq dilləndi:

- Cox sağ ol, baş vəzir, məni sayıb gəlmisən, gözüm üstə yerin var. Amma onu unutma ki, mənim bələyim doyüş meydanlarında qana boyanıb. Mən Mosul xalqı üçün hələ heç nə edə bilməmişəm. Birləşmiş yağı qoşunları bizdən qatbaqat çoxdu. Biz hələ savaşa tam hazır deyilik. Mən gənc aslanlarımı, igid ovladlarımı qirğına verə bilmərəm, hər şeyin vaxtı, vədəsi var, vəzir,tələsmə, Mövlamın səbri böyükdü, səbirli ol vəzir, Allah kərimdi.

Bu sözləri eşidən baş vəzir Sərdardan üzr istəyib paşanın sarayını tərk etdi.

Aradan aylar illər keçdi. Nə Sərdardan, nə dəki uşaqlardan bir xəbər çıxmadı.

Artıq Sona xanımın zərif telləri ağappaq ağarmışdı. Sona xanım əvvəlki Sona xanım deyildi.
Leyla on altı yaşın içidə idi. Leyla o qədər gözəl idi ki, yemə- içmə, dur bircə bu qıza tamaşa eylə.
Leylanın gözəlliyi bir çox cavan oğlanların ağlını başından almışdı. Elçilər qanlı Alının qapısından əl çəkmirdilər, ancaq gələnlərin hamısı əli boş qayıdırdı.
Bu mahalın qoçusu Yahya adlı bir cavan oğlan da Leyla xanıma aşiq olmuşdu. Ancaq Leyla bu qoçuya da “xeyr” cavabı vermişdi.
Leylanın axrıncı cavabı Yahyaya təsir etdi. Odur ki, qoçu Sona xanımı hədələr ilə qorxutmağa başladı.
Yahya:
- Sona, əgər qızı mənə verməsəniz, onu özümlə bərabər dağlara götürüb qaçacam.
Bu işlərdən xəbər tutan Qanlı Alı dəfələrlə Yahyaya xəbardarlıq edib bildirmişdi ki, əgər Leylanın başından bir tük əksik olsa, ozünü ölmüş bil. Ancaq Yahya yenə də Leylandan əl çəkmirdi.
Hətta günlərin birində Yahya qoçunun dəstəsi qanlı Alının qabağını kəsib onu qorxutmaq üçün üstünə silah çəkdilər. Qanlı Alı da kı, Qanlı Alıdı. Onun adı gələndə mənəm- mənəm deyən qoçular sıçan deşiyini satın alırlar. Qanlı Alı məqribdən - məşriqə qədər ad çıxarmışdı, bu mahalda onu tanimayan yoxuydu.
Dəyirman köyündə qanlı Alı ilə Yahyanın qoçuları arasında möhkəm dava düşdü. Qanlı Alı silaha əl atan kimi qoçuların dördünü yerə sərdi. Güllə qoçuların ayağından dəymişdi.
Qanlı Alı silahın lüləsini Yahyanın ağzına soxaraq onu da bu dəqiqə oldürəcəyini deyib gözləri qızarmış vəziyyətdə qışqırırdı.
Sona xanım güclə qoçu Yahyanı qanlı Alının əlindən aldı. Yahya ölümdən qurtardı.
Hər yerdən əli boşa çıxan Yahya axırda molla Şabanın yanına gəldi və ona böyük miqdarda pul verərək dedi;
- Molla Şaban, necə edirsən et, Leylanı yoldan çıxart, qoy mənə arvad olsun.
Günlərin birində Leyla bulaq başında molla Şaban ilə qarşılaşdı. Leylanın xəbəri olmadan molla Şaban Leylanın başından bir tük kəsdi. Bu vəziyyəti görən qanlı Alının qızı Cahan xanım bu hadisəni qanlı Alıya danışdı. Qanlı Alı qızışaraq sılahını götürüb Molla Şabanı öldürəcəyini bildirdi.
Sona xanım qanlı Alının qabağını kəsib, ona yalvararaq dedi:
- Alı qardaş, bir də silaha əl atıb qan töksən, mən bu mahaldan baş götürüb gedəcəm. Səni and verirəm bu əziz “Qurana”, bir daha əlinə silah alma, mənim özüm molla Şabanın cavabını verəcəm.
Elə həmin gün Sona xanım molla Şabanın evinə gəldi. Sona xanım molla Şabana bildirdi ki, bu şeytan əməlindən əl çəksin.
Bu sözləri eşıdən molla Şaban əsəbi vəziyyətdə Sona xanıma dedi:
- Qarı, necə gəlibsənsə, eləcə də buradan rədd ol, bir də gözüm səni görməsin.
Bu sözləri eşidən Sona xanım dözə bilməyərək molla Şabana qarğış eylədi.
Əzizlərim bizdən demək, sizdən eşıtmək.
Aldı görək Sona xanım molla Şabana nə dedi:

Şaban sənə qarğayıram,
Dərdin-sərin bəlan olsun.
Xudam səni zəlil etsin,
Can sağlığın yalan olsun.
 
Sürünəsən, əyiləsən,
Dərd əliylə oyulasan,
Soğan kimi soyulasan,
Haqqdan sənə olan olsun.
 
Özün iblis, sözün saxta,
Çıxmayasan heç vaxt taxta.
Ibadət eyləsən çox da,
Nəsibin bir palan olsun.
 
Sona, ümman ləpələnsin,
Kor gözünə kül ələnsin,
Qanın çölə səpələnsin,
Könül evin talan olsun.

Bu sözləri eşidən molla Şaban bütün gecəni yata bilmədi.
Molla Şaban səhər o başdan Qanlı Alının evınə gəldi və tutduğu əməlinə görə Sona xanımdan üzr istədi.
Beləliklə, Qanlı Alı müqəddəs Qurana əl basıb bir daha əlinə silah götürmədi.
Hə, əzizlərim beləliklə, Sərdar ağa Mosul mahalında, xanımı Sona xanım və qızı Leyla İstambulun Dəyirman köyündə, oğlu Hamza Şərildə, o birisi oğlu Hasan Ota yaylasında ağrılı - acılı günlərini yaşamağa başladılar.
Gümrü şəhri tamamilə yağıların əlində idi.
Sərdarın göstərişı ilə hər il Mosuldan Gümrü və onun vilayətlərinə Sona xanımı axtarmaq üçün adamlar göndərilirdi. Lakin gələnlərin hamısı Sona xanımım ölüm xəbərini gətimişdi. Aradan on beş il keçməsinə baxmayaraq, Sərdarın gözü yollarda, qulağı səsdə qalmışdı. Yenə də qasıd Sonanın ölüm xəbərini gətirmişdi.
Sərdar qəmli - qəmli qasidə baxaraq aldı görək nə dedi:

Ortalığa dağlar düşdü, söz oldu,
Yaralarım yaşıl, yaşıl göz oldu,
Sinəm üstü kömür oldu, köz oldu,
Axtardılar, tapmadılar Sonamı.
 
Eşqimizə əhdi - peyman bağladıq,
Biz bir güldük, bir sevinib ağladıq.
Namə yazıb hər bir yana yolladıq,
Axtardılar, tapmadılar Sonamı.
 
Nazlı yarım gedər oldu gəlmədi,
Onun yerin fələklər də bilmədi,
Mənim üzüm qürbət eldə gülmədi,
Axtardılar, tapmadılar Sonamı.
 
İtirdim Gümrünü, ümmana daldım,
Gələnnən, gedənnən xəbərin aldım,
Məcnun olub səhraları dolandım,
Axtardılar, tapmadılar Sonanı.
 
Duman - çiskin can evimi bürüdü,
Cavan canım qürbət eldə çürüdü.
Mənim yarım gözəllərin biridi.
Axtardılar, tapmadılar Sonamı.
 
Bu dünyada bezar oldum özümdən,
Ah etdikcə, sel töküldü gözümdən.
Iki əlim qalxmaz oldu dizimdən,
Axtardılar, tapmadılar Sonamı.
 
Atım yanaşmayır minik daşına,
Əlim yetişməyir yəhər qaşına.
Gəlib çatdım mən də altmış yaşına,
Axtardılar, tapmadılar Sonamı.

Aradan iyrmi il keçmişdi.
Dəmirçilər köyündə belə bir səs – səda yayıldı ki, Mosul hakimi yüz minlik böyük bir qoçunla hücuma keçıb yağıları torpaqlardan qovaraq Gümrü şəhrini azad edib.

Paşanın sərkərdəsi hər tərəfə sərdarın fərmanlarını göndərmişdir.

Fərmanda yazılmışdı.
Gümrü şəhərinin əhalisinin nəzərinə.

 

(VI hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR