Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( IV hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( IV hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( IV hissə)

Dördüncü hissə

 

 Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər.
Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarın hər iki ayağını yaraladılar.

Sərdar yaralı vəziyyətdə qayalığın arxasına sürünməyə başladı. Qayalığın arxa tərəfi sərt uçurum idi. Sərdar sərt uçurumdan üzü aşağı diyirlənməyə başladı. Dərənin dibindəki gicitikan kolluqlarının arasına düşdü. Namərdlər qayalığı ələk- vələk etdilər, amma Sərdarı tapa bilməyib geri qayitdılar.

İndi sizə kimdən xəbər verim. Sona xanımdan.
Artıq hava açılmağa başlayırdı. Sona xanım Arpa çayına çatdı. Cəld faytondan yerə düşdü. Qanlı Alı huşsuz vəziyyətdə faytonda uzanıqlı qalmışdı.
Yazın əvvəli idi. Çayın həndəvərində və quzeylərdə qar təzə əriməyə başlayırdı. Sona belə qərara gəldi ki, birinci uşaqları, sonra isə Qanlı Alını çayın o biri tərəfinə keçırsin. Hamza və Hasanı arabadan düşürdü, bir uşaqlara, bir də çaya baxdı. Yaz başı olduğundan Arpa çayı gur axırdı. Odu ki, fikrini dəyişdi və Hasana dedi:

- Bala, sən çayın qırağında gözlə, qorxub eləmə, mən Hamzanı o biri tərəfə keçirib sonra gəlib səni aparacəm.
Sona xanim Hamzanı qucağına alıb özünü çaya vurdu.
Suyun tam ortasında birdən Hamza anasına dedi:

- Ana, hələ bir ora bax. Sona cəld geri döndü, nə görsə yaxşıdı. İlahi heç düşmənimə də belə bir müsibəti göstərmə.
Sona xanım gördü ki, körpə Hasanı bir yalquzaq qurd ağzında götürüb qaçır. Bu dəmdə Sonanın qolları boşaldı, Hamza anasının qucağından suya düşdü. Sel də Hamzanı aparıb gözdən itirdi.

Ağlaya-ağlaya kor - peşman geri qayıdan Sona çayın qırağına çatdı. Bu müsibətə dözə bilməyib aldı görək nə dedi:

Mən sənə nə deyim, ey böyük Allah,
Bəlanı bəlanın dalınca verdin.
Kasıba - kusuba cında qıymadın,
Namərdə kürk, papaq, qalınça verdin.
 
Böyüksən, qadirsən, pənahsan bizə,
Bəs niyə mərdləri gətirdin dizə?
Ellərim dağılıb, kim buna dözə,
Niyə boynumuzu qılınca verdin?
 
Tufağım dağıldı, mən təkcə qaldım,
İndi sail olub betər dərd aldım.
Əvvəl gül kimiydim, soldum, saraldım,
Bu dərdi Sonaya ölüncə verdin.

Söz tamama yetdi. Sona xanım güclə özünü ələ alıb faytona yaxınlaşdı. Gördü ki lələ köçüb yurdu qalıb. Qanlı Alı da yoxa çıxıb.

Bu dəmdə Sona xanım təkrar aldı görək nə dedi:

Hayana baxıram bir kimsəm yoxdu,
Qaçma mərd qardaşım, ər meydanıdı.
Bizi yaradanın kərəmi çoxdu,
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Aranım ooy, dağım ooy?
Bostanım ooy, bağım ooy?
Yadlara qismət olan,
Daşım ooy, torpağım ooy?
 
Hamzamı əlimdən bu sellər aldı,
Körpə Hasanımı xırxız qurd çaldı,
Gəlmədi Sərdarım, bəs harda qaldı?
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Eşmə çox,
Çay yanında çeşmə çox.
Qəm dağları var məndə,
Təbib, yaram eşmə çox.
 
Zalım fələk atdı məni zindana,
Könül sarayımı qoydu virana.
İndi əlim çatmır, dağa, arana,
Qaçma mərd qardaşım, ər meydanıdı.
 
Yaram azdı,
Kim deyər yaram azdı.
Fələkdən şəfa dilədim,
Qorxudan yaram azdı.

Sən demə qurd Hasanı aparan zaman Qanlı Alı bu vəziyyəti görübmüş. Yaraqsız, yasaqsız qalan Qanlı Alı kolluqlar içində qurdun dalınca çayın qırağına tərəf sürünməyə başladı , artıq iş - işdən keçdiyini görüb, Sonanın səsinə tərəf gəlməyə başladı.
Qanlı Alı:
- Ay xanım, ağlama, Allah kərimdi, mən Hasanı qurdun əlindən ala bilmədim, bəs Hamza hanı, Sərdar gəlib çıxmadımı!
Sona xanım:
- Ay evi yıxılmış, Sərdar gəlmədi, üstəlik də uşağın birini qurd, birini də sel apardı.
Sona xanım ah - şüvən eləməyə başladı. Qanlı Alı o qədər qan itirmişdi ki, rəngi ağappaq olmuşdu.
Qanlı Alı:
- Ağlama ay bacı, Allah kərimdi.
Sona xanım isə dilləndi:
- Artıq mənim bir kimsəm qalmadı. Gedirəm özümü çaya atıb öldürəm.
Bu sözləri eşidən qanlı Alı Sonanın qollarından bərk-bərk yapışdı.
-Səni heç yerə buraxa bilmərəm. Sən mənim qiyam-qiyamata kimi əmanətimsən. O vaxt əlimdən çıxa bilərsən ki, mənim ruhum bədənimdən çıxmış olsun.
Bu zaman Osmanın oğlu Səlim ağa qoç igidlər ilə birlikdə faytonu dövrəyə aldılar. Ancaq nə faydası. Səlim ağa Sona xanıma bildirdi ki, biz bu dəqiqə uşaqları da, Sərdarı da tapıb gətirəcəyik, sən geri, Gümrüyə qayıt.
Səlim ağa:
- Mən gərək yağı düşmənlərə o qədər qılınc çəkəm ki, qan atın üzəngisinə dəysin. Ancaq Sona bununla razılaşmadı. Mənim uşaqlarım tapılmayınca bu çayın başından heç yerə gedən deyiləm. Sonanı birtəhər razı salıb Arpa çayın qırağındaki Qızıl Çaxçax köyünə gətirdilər.
Həmin gün yağılarla qızğın döyüşlərdə Səlim ağa öldürüldü. Onun cənazəsini Qarsa apardılar. Qızıl Çaxçax köyündə Sona xanıma məlum oldu ki, onun Nağdəli bəydən başqa bir kimsəsi qalmayıb.
Deyilənə görə, bu faciəli hadisədən bir həftə keçməmiş Gümrü şəhrində möhkəm zəlzələ oldu. Gümrü şəhri yerlə yeksan oldu. Bu azmış kimi, düşmən qoşunları Gümrü şəhrini tapdaq altında qoydular.
Sonanın aqibəti isə Qızıl Çaxçax kəndində ah-vay ilə keçirdi. Bir yandan da Gümrünün dağılması demək olar ki, onun tamam qol-qanadını sındırmışdı. Bütün dostları, qohumları, tanışlarının hamısı zəlzələdə ölmüşdü. Gümrü şəhəri yerlə yeksan olmuşdu.
Aradan günlər, aylar keçdi nə Sərdardan, nə də ki, uşaqlardan bir xəbər çıxmadı.
İndi görək Sərdar paşanın başına nələr gəldi.
Bu işlərdən xəbərsiz qalan Sərdar qayadan yıxıldıqdan sonra gicitikan kolluqlarının arasında huşsuz vəziyyətdə qalmışdı. Səlimin ordusu ilə düşmən qoşunları arasında qanlı döyüşlər olmuşdu. Hər iki tətəfdən ölən və yaralananların sayı - hesabı yox idi.
Bir həftəyə qədər kolluqda huşsuz vəziyyətində qalan Sərdarı Canbaz yaylasına gedən çobanlar tapdı, və özləri ilə Sərdarı Cambaz yaylasına apardılar. Amma cobanlar bu kişinin Gümrünün paşası olmasını bilmədilər.
Altı aya qədər Sərdarın yarası və sınıxları tam sağaldı.
Canbaz yaylasında Sərdara məlum oldu ki, Gümrü şəhəri zəlzələ nəticəsində yerlə yeksan olub və bu azmış kimi yağı qoşunları bu fürsətdən istifadə edib, Gümrü və ətraf mahalları zəbt ediblər. Gümrünün paşası isə ailəsi ilə birlikdə Ağbaba mahalında yağılar tərəfindən qətlə yetirilib.
Beləliklə, Sərdar çobanlarla sağollaşıb, düşdü yolların ağına. İndi nə qədər yol getdi, bunun burasını bir Allah bilir!
Bəli, bu gəlhagəl ilə gəib şıxdı Mosul şəhərinə.
Vaxtı ilə Gümrünün paşası olan, indi isə sail olub səhraları gəzən
Sərdar aldı görək bu yerdə nə dedi:

El içində haqqı zay olan canım,
Fələyin cəbrinə gəl sən döz indi.
Məcnuna, Kərəmə tay olan canım,
Səhralarda məlul - məlul gəz indi.
 
Bilmirəm mən hara, buralar hara?
Bu fələk zalımdı, mənsə biçara.
Bilirəm, dərdimə bulunmaz çara.
Qan ağlayır dərə, təpə, düz indi.
 
Anam yoxdu, oğul deyib ağlasın,
Atam yoxdu, yaralarım bağlasın,
Yarım yoxdu, sinə başı dağlasın,
Yetim Sərdar, öz qəbrini qaz indi.

Bütün camaat Mosulun mərkəzi meydanına yığışmışdı. Üst - başı pis vəziyyətdə olan Sərdar camaata qarışdı.
Sərdar: - Ay qardaşlar, burada nə baş verib ki, camaat meydana yığılıb?
Məlum olur ki, bu mahalın sərdarı ölüb, bütün mahal bura sərdar seçməyə yığılıb.
Bu dəmdə üc ağsaqqal kişi Sərdarın başının üstünü aldı. Ağsaqqallardan biri dilləndi:
- Bala üç gündü ki, sənin yolunu gözləməkdən gözümüzün kökü saraldı, bizə ərş - əladan buyruq gəlib ki, bu mahalın sərdarı sən olmalısan.
Sərdar:
- Siz nə danışırsınız? Mən fəqirin, yoxsulun biriyəm, mən hara, sərdarlıq hara, siz kimlərnənsə məni səhv salırsınız.
Sərdar belə danışanda ağsaqqallar bir - birinin üzünə baxdılar, buradan xeyli aralaşıb bir - birinə qaş - göz ilə nə isə qandırdılar.
Amma həmin üç nəfər yenə Sərdara tərəf gəldilər.
Yenə həmin ağsaqqal nurani kişi dilləndi:
- İgid, kasıblıq və fəqirlik insanlar üçün eyib deyil, biz axtar-dığımız adamın bütün nişanələri sənə uyğun gəlir və həmin adamın sağ əlinin içində aypara şəkildə xalı var, bir sağ əlini aç bizə göstər. Sərdar əlini açanda öz ğözlərinə inana bilmədi. O öz əlinin içində aypara şəkilli xal gördü və qəhərdən udğunmağa başladı. Çünki əvvəllər Sərdarın əlində belə bir xal olmayıb.
Hər üç nurani ağsaqqal Sərdarın qolundan tutaraq, onu bir qədər zor – xoşla meydanın ortasına aparıb carçıya car çəkdirdilər.
Ay camaat, bu gündən Mosulun yeni sərdarı seçildi. Yeni sərdar bu meydanda duran şəxsdir.
Bu sözlər Sərdara yuxu kimi gəldi, amma bu bir həqiqət idi.
Hə, əzizlərim, görək indi Sərdarın övladları, Hamza və Hasanın aqibəti necə oldu?
Səhər tezdən qurd Hasanı götürüb qaçan zaman arandan dağa gələn çobanlara rast oldu. Çobanlar uşağı yalquzaq qurdun ağzından alıb, özləri ilə birlikdə Ota yaylasına apardılar.
Hamzanı isə Arpa çayı gətirib Şərilə qədər çıxartdı. Taxıl dəyirmanını işlədən Qasım kişi Hamzanı Arpa çayında bir parça kötüyün üstündə tapdı. Qasım yaşlı bir sonsuz kişi idi. Ona görə də Hamzanı Allah göndərib, deyib onu öz oğlu kimi böyütməyə başladı.
Sona xanımın başına görünməmiş müsibətlər gəldi.
Sən demə Sona xanım Sərdar paşadan hamilə imiş. Sona xanım Qızıl Çaxçax kəndində bir qız uşağı dünyaya gətirdi və adını Leyla qoydular.
Artıq bir il tamam oldu, nə uşaqlardan, nə də ki Sərdardan bir xəbər çıxmadı. Bir yandan da qohum- əqrabası, dostları, tanışları, onları tanıyanlar və tanımayanlar Gümrü zəlzələsində həyatdan köçmüşdülər. Gümrü şəhri tamam yerlə yeksan olmuşdu.
Hər yerdən əli üzülən Sona xanım qanlı Alının təhkidi ilə İstanbulun yaxınlığındakı Dəyirman köyünə gəlib çıxdı.
Əslən Dəyirman köyündən olan qanlı Alı, Sona xanım və onun bir yaşlı qizi Leylanı öz doğma evinə gətirdi. Özünün və Sona xanımın başına gələn bütün bu müsibətləri arvadı Nazdı xanıma və yaxınlarına danışdı..
Beləliklə, Sona xanım bu mahalda namus və qeyrətlə, “balalarım” deyə - deyə, qəm – kədər içində yaşamağa başladı.

 

(V hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR