Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Heydər - Gümrü qızı dastanı ( III hissə)

Aşıq Heydər - Gümrü qızı dastanı ( III hissə)
Sakura

Aşıq Heydər - Gümrü qızı dastanı ( III hissə)

Üçüncü hissə

 

 Hər iki ailədə toya hazırlıq işləri başlandı. Osman paşanın xüsusi fərmanı ilə Gümrü şəhri başdan - ayağa bayram libasında bəzədildi. Toy yeddi gün davam etməli idi. Toya kim istəsə gələ bilərdi. Belə də oldu. Sevgililər bir- birinə qovuşdu.
Hər kəsin evində allah tala belə xeyir- işlər qismət eləsin.
Bir müddətdən sonra Zeynəb xanım, sonra isə Osman paşa dünyalarını dəyişdilər. Mərd cəsur paşalar- paşası dünyadan köçdü. Gümrü şəhri qırx gün bu kişinin yasını saxladı.
Bu ağır günlərdə Sərdarın imarəti başdan - ayağa qara bəzədilmişdi.
Osmanın ölmü yavaş- yavaş müxənnətlərə ayaq açmağa imkan verdi. Bir tərəfdən də dağlarda qaçaq dəstələri peyda olmağa başladı.
Sərdar paşanın əmri ilə bütün qaçaq dəstələri darmadağın edildi. Bircə “Qanlı Alı” deyilən qaçağı tutmaq mümkün olmadı. Qanlı Alinını ölü və diri gətirən hər bir şəxsə böyük miqdarda pul vəd olunurdu.
Amma Qanlı Alı yenə öz işini görürdü. Yolları kəsib tacirləri talayırdı. Tacırlərin əksəriyyəti Rumlu tacirlər idi.
On il Sərdar paşa ilə Sona xanım xoş, firəvan həyat keçirdilər.
Amma onların uşaqları olmurdu. Sona xanım isə onların iki oğlu və bir qızının olacağını bu vaxta kimi Sərdara deməmişdi.
Bir gün Sərdar səhər namazını qılan vaxt Sona xanım gördü ki, Sərdar namazı qılıb qurtardıqdan sonra Allaha yalvarır:
-Allahım, nə günahlarım varsa, məni bağışla, öz dərgahına günahsız apar, ancaq bu qulunu axirət evinə sonsuz aparma.
Bu vəziyyəti görən Sona xanım boş beşiyin başında ağlaya- ağlaya aldı gürək nə dedi:

Yatmışdım, yuxumda mən səni gördüm,
Sən bülbülsən, bu da güldü, dedilər.
Gəlmişdi üstümə buta verənlər,
Qızım , bəxtin üzə güldü, dedilər.
 
Cəfan, əziyyətin çoxdu qabaxda,
Sən yolunnan getnən, demə ya baxta.
Qismət Allahdandı, cörək tabaxda,
Dərdin gözdən axan seldi, dedilər.
 
Vermə bir kimsəyə, pünhanı, sirri,
Yoxla ziyarəti, yada sal Piri.
Hamzaya, Hasana hazırla yeri,
Sona, sənin vədən gəldi, dedilər.

Söz tamama yetdi. Sərdar inciməsin deyə, heç hə olmamış kimi Sona xanım dilləndi:
- Kişi, səbirli ol, verən də o kişidi, alan da o kişidi, əlbət bu yaxınlarda bizim də qapıda bir toy - bayram olar. Bu sözləri eşidən Sərdar paşa dərindən bir ah çəkib heç nə demədi.
Sona xanım aldı dübarə görək nə dedi:

Tanrı qismət verib bir az döz, dayan,
Udduğun kədərdi, qəhərdi, Sərdar.
Fikir ver sözünə, ixtilatına,
Hər sözün sədəfdi, gövhərdi, Sərdar.
 
Atəşin artdıqca, çıxmasın külün
Inşallah, açılar o qızıl gülün.
Əlbət çarəsi var hər bir müşkülün,
Ağzın acı dadır, zəhərdi, Sərdar.
 
Əzəldən qoşadır, ağ ilə qara,
Nə olar, Sonanı salma odlara.
Hicran sinən üstə vurmasın yara,
Gecə adlayıbdı, səhərdi Sərdar.

Söz tamama yetən kimi, Sərdar başladı, nə başladı. Nə dedi, nə söylədi, biz deyək siz qulaq asın:

Mən haqqın quluyam, üstümdə ağam,
Tanrı istəyimi bir gün çin eylər.
Qaranlıq qəlbimdən tamam çəkilər,
Ürək işıq saçar, toy - düyün eylər.
 
Mən ata olaram, sən də ki, ana,
Can sözü işləyər ilikdən - qana.
Gəl məni incitmə, ay gözəl Sona,
Qara gəlsə silər, mənə gün eylər.
 
Sərdarın əlindən yapışan sənsən,
Şirin ixtilatla danışan sənsən.
Mənim dərd - sərimə alışan sənsən,
Tanrı xoş günləri birə min eylər.

Söz tamama yetən kimi Sona xanım yüyürüb Sərdarı bərk - bərk qucaqladı.
Bu əhvalatdan xeyli sonra Sona xanım hamilə oldu.
Onların iki əkiz oğlan uşağı dünyaya gəldi. Sona xanım oğlanlarının adını Hamza və Hasan qoydu. Uşaqlar üç yaşına çatanda Sərdar paşa onları şəriətlə müsəlman elətdirdi.
Amma Gümrünün şən - firavan həyatı yavaş – yavaş acılı günlərlə əvəz olunmağa başlayırdı.
Bir yandan qanlı Alının qaçaq dəstələri karvan yollarını bağlayıb tacirləri soyur, bir yandan da yadellilər yavaş – yavaş mahalları talayıb çapırdılar. Sərdar ağanın elə bil bu mahalları idarə eləmək taqəti qalmamışdı. Övladlarının dünyaya gəlməsi ilə dövlət işləri ön plana keçmişdi. Hərdən arvadına deyirdi:
Osmanın oğlu Səlim ağa baş vəzirimdi, hər şeyi ona həvalə etmək fikrim var. Axı mən bir yetim uşaq olmuşam. Məni bu şad günə çatdıran Səlimin babası Bəkir paşaya ölüncə borcluyam. Səlim ağa ilə danışmışam, öz ata yurdum Ağbabada ömrümün qalan günlərini başa vurmaq istəyirəm, amma buna Səlim ağa qətiyyən razı deyil.
- Sona xanım, bu fikir mənim başımdan çıxmır ki, çıxmır.
Vəziyyət detdikcə çətinləşirdi.
Günlərin birində gecə yarısı qan - tər içində yuxudan oyanan Sərdar paşa arvadını yuxudan oyatdı:
- Sona xanım, dur ayağa, mənə bir məsləhət ver. Üç gündü ki, məni gecələr qoymurlar yatam, dilimi çəkib ağzımdan çıxarırlar.
- A kişi, danış görək nə olub axı?
- Ay arvad, mənə üç gündü yatdığım yerdə deyirlər ki, göydən sizlər üçün bəla gəlir, ya indi qəbul edin, ya da kı, sonra, mənim isə dilim - ağzım quruyur, heç nə deyə bilmirəm.
Sona xanım ağıllı və uzaqgörən bir qadın idi. O,gülə -gülə dilləndi:
- A kişi, bəyəm başa düşmürsən ki, bu bir Allahın işidi, verən də, alan da onun özüdür. Göydən zəhrimar da gəlsə biz bunu şərbət bilib qəbul etməliyik. Amma bu bəlanı gərək indi qəbul edək, qocalsaq qorxuram, dözə bilməyək. Kişi əvvəlimiz yaxşı olunca, axırımız yaxşı olsun.
Bu sözləri eşidən Sərdar paşa elə bil qəm dəryasına batdı.
- Yaxşı, arvad, qoy sən deyən olsun. Səhər namazını Gümrüdəki göy məsciddə keçirib, günorta vaxtı şəhəri tərk etməliyik. Həm Ziyzrət dağındaki Ziyarəti, həm də Ağbabada atamın qəbrini bir ziyarət etməliyəm, sonrasına baxarıq. Yolumuz Ağbabayadı.
Səhər-səhər Sərdar paşa faytonçu qıllı Minası yanına çağırtdırdı:
- Minas, faytonu hazırla süb namazından sonra biz Ağbabaya yola düşəcəyik. Bir iki günlük orada işlərim olacaq. Al bu pulları, get iki gün dincəl. Sənin getməyin vacib deyil.
Günorta Gümrüdən yola çıxan Sərdar ağa Ziyarət dağındakı ziyarətgahı ziyarət edib, şər qarışan vaxtı Ağbaba tərəfə hərəkət etməyə başladı.
Bu zaman qarşıdan atışma səsləri eşıdildi. Qabaqlarına bir dəstə ağlaya - ağlaya arvad- uşaq çıxdı.
Səradar:
- A bala, sizə nə olub, niyə ağlaşırsınız?
Bunların içərisindən bir yaşlı kişi dilləndi:
-Ayə, zalım oğlu, hara gedirsən, görmürsən ki, yağılar bütün kəndlərə od vurublar. Bizim qaçaqlarla yağılar arasında möhkəm savaş gedir.
Arvad, uşaq və yaşlılar ağlaşa-ağlaşa gecə qaranlıqda gözdən itdilər. Sərdar faytondan düşüb dərindən bir ah çəkdi.
Hə, Sona xanım, artıq bəla başımın üstünü aldı,- deyıb, sazı sinəsinə basdı.
Görək bu yerdə bu mahalın paşası nə dedi:

Könül, by yerlərə düşdü güzarım,
Bəlaya düşmüşəm haraya varım?
Artıq əldən gedir gözəl diyarım,
Başıma iş gəldi qaçaqaçıynan.
 
Könül, bu yerlərə həsrətəm necə,
Fəğan eyləyirəm hey gündüz- gecə,
Mahudum bez oldu, məxmərim keçə,
Başıma iş gəldi qaçaqaçıynan.
 
Könül, bu yerləri arama, bəsdi!
Duz basma, insaf et, yarama, bəsdi!
Yetimsən, səs salıb, zarıma bəsdi!
Başıma iş gəldi qaçaqaçıynan.

Söz tamama yetdi. Atışma səsləri get - gedə yaxınlaşırdı. Birdən yaraqlı-yasaqlı bir atlı peyda oldu. Atlı ağır yaralanmışdı, qanı su kimi axırdı. Atlı gülcə danışmağa başladı.
- Paşam, durma buradan uzaqlaş. Yağı yaxınlaşır. Tez ol, vaxt itirmək olmaz.
- Ay cavan oğlan, sən haradan bilirsən, mən Sərdar paşayam?
- Hə, paşa, on ildi ki, sən məni necə axtarırsansa, mən də səni elə axtarıram. Mənim adamlarım Gümrüdə sənin faytonçun qıllı Minası izləyirdilər. Şər qarışanda qıllı Minası Öküz dağında yaxaladıq.
Artıq gec idi. Ailən ilə birlikdə Ağbabaya gəlməyini qıllı Minas yağılara ötürmüşdür.
Qıllı Minası cəhənnəmə vasil edib, səni qurtarmağa gəlmişəm, mənlə səninki qalsın sonraya deyib,- atlı huşsuz vəziyyətdə atdan yıxıldı. Tez Sona xanım başındakı kəlağayını açıb, kişinin yaralanan sağ qolunu sarımağa başladı.
Sərdar:
- Ayə, ay bala, üzünü yaxşı görə bilmirəm, de görüm sən kimsən? Atlı güclə ata sökənərək dilləndi:
- Cəld Arpa çayına tərəf gedin, mənim igidlərimin hamısı yanımdaca qanlarına qəltan olndu, cəmi beş nəfər qalmışıq, artıq səni qorumağa gücümüz çatmır, yağı bizdən yüz qat coxdu, çəpik olun.
Sərdar yenə dilləndi:
- Əyə, zalım oğlu, de görüm sən kimsən axı?!
- Paşam, qətlimə fərman verdiyin Qanlı Alı deyilən qaçaq mənəm. Sərdar paşa cəld Qanlı Alının əlindən silahı aldı.
Sərdar:
- Qanlı Alı, indi artıq hər şey mənə məlumdur. Sən elə düz buyurdun, mənimki səninlə qalsın sonraya. Sən yaralanmısan, bu külfəti Arpa çayına kimi sən aparmalısan, mən isə mərd igidlərə köməyə gedirəm. Ancaq onu da unutma ki, mən öz ailəmi sənə əmanət verirəm, qiyam - qiyamatda əmanətimi səndən istiyəcəm. Qanlı Alı coxlu qan itirdiyindən yenidən bihuş vəziyyətidə yerə yıxıldı.
Sərdar qanlı Alını faytonun içərisinə qoyub üstünü öz qalın kürkü ilə örtərək dedi:
- Sona xanım, çərik özünüzü Arpa çayına çatdırın.
Sona:
- Ay kişi bu zülmət qaranlıqda bizi hara qoyub gedirsən?
Sərdar:
- Sona, sən görürsən bu mərd oğullar bizdən ötəri qanlarına qəltan oldular, bəs kişilikdəndimi o oğulları meydanda tək buraxam. Adamları toparlayıb düşmənlərə qarşı vuruşmalıyam. Bu mənim borcumdu.
Sərdar:
- Ax yağı düşmən, məni silahsızmı görüb arxadan vurdunuz deyib, sazı götürüb, aldı görək bu zülmət qaranlıqda nə dedi:

Ağbaba deyəndə dolur gözlərim,
Yenə dilə gəlir qəmli sözlərim,
Yurdu itirirəm tutmur dizlərim,
Tanrı, darda qoyma bu yerdə məni!
 
Ağbaba deyəndə yada dağ düşür,
Doğma el,doğma yurd,qara-ağ düşür.
Bel dərddən əyilir, saça ağ düşür,
Tanrı, darda qoyma bu yerdə məni!
 
Ağbaba deyəndə alışır sinəm,
Gərək ki Qəribi üstündə dinəm?
Mənim bu dağlarda dağılır binəm,
Tanrı, darda qoyma bu yerdə məni!

Artıq namərdlərin səsi aydın eşıdilirdi..
- Sərdarı öldürməyin, o diri vəziyyətdə bizə lazımdı.
Sərdarın ailəsi gecə qaranlığında gözdən itdi. Sərdar isə yağılara qarşı savaşa girişdi.
Qanli Alının cəmi beş qaçaq igidi qalmışdi. Hər igid bir alaya bəs edirdi. İrəli gələn yağı süvarilərini igidlər sərrast atəşlə yerə sərirdilər.
Səhərin açılmağına az qalırdı. Meydanda bir Sərdar və bir nəfər cavan iğid oğlan qalmışdı. Hər ikisi də döyüşə - döyüşə Ziyarət dağının ətəyindəki qayalığa pənah gətirdilər.
Qayalıqda cavan oğlan qətlə yetrildi. Düşmənlər Sərdarı mühasirəyə alıb hər iki ayağını yaraladılar.

 

(IV hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR