Dərc edildi: Baxış sayı: 509
Aşıq Heydər - Görən bu tutuşla hara gedirik
Şura gəldi, bəylər çıxdı aradan,
Görən bu tutuşla hara gedirik?
Urus paşa oldu, qaxtağan qazı,
Görən bu tutuşla hara gedirik?
Əsdi yollarıma boranlar, yellər,
Bizə düşmən oldu danışan dillər.
Bizdən nə anlasın gələn nəsillər,
Görən bu tutuşla hara gedirik?
Mən nə deyim, kor taleyə, kor baxta,
Gədalar ağa olub çıxıblar taxta.
Yurtda qan qusuruq biz laxta - laxta,
Görən bu tutuşla hara gedirik?
Yatağımda zarıncıyam, zar mənəm,
Qəfəsdəyəm, el içində ar mənəm.
Ay həzarat, bu dünyada xar mənəm,
Görən bu tutuşla hara gedirik?
Yalan dünya, yalançılar dünyası!
Odlanasan, talançılar dünyası!
Heydər der: gəlib qoçular dünyası,
Görən bu tutuşla hara gedirik?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət