Dərc edildi: Baxış sayı: 600
Aşıq Ələsgər - Mənəm
Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabil, kəlməsi bisəmər mənəm.
Məcnun kimi viranələr küncündə
Sərgərdan, səhrayi-qələndər mənəm.
İbadət vaxtında müşgül hal oldum,
İblis əməlində pürkamal oldum,
Qəza vurdu, sin içində lal oldum,
Hər sözü dillərdə bir dəftər mənəm.
Sənətim məsiyət, yoxdu savabı,
Nəkrеyinə dilim tutmaz cavabı,
Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm.
Dolandım bihudə, gəzdim əfsana,
Tabе oldum nəfsə, uydum şеytana,
Xеyir əməlim yoxdu mərdü mərdana,
Günahkar, günahkar, günahkar mənəm.
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı,
Bağışla təqsirim, ya kərəm kanı,
İrəhm еylə, yazıq Ələsgər mənəm!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət