Dərc edildi: Baxış sayı: 600
Aşıq Alı - Mədinə
Gözəl qiyafəli, Leyli kamallı,
Sənsən gözəllərin şahı, Mədinə.
Sevənlərdən gəl birinə könül ver,
Çəkdirmə amanı, ahı, Mədinə.
Bəyaz sinən dağda qarı andırır,
Hüsnün möminlərə dinin dandırır.
Mübtəlanı eşq atəşi yandırır,
Kəc dolanır rəvan rahı, Mədinə.
Bir an firqətinə tab etmir ürək,
Əsil məlakəsən, hüsnün mübarək.
Camalın şölədi, şəmsi nə gərək?
Heyran qoydun ərşdə mahı, Mədinə.
Sevənindən seyrə çıxma aralı,
Zamanın hökmüdü, vədə daralı.
Kamil səyyad ram eyləyər maralı,
Sən səyağı, zülf siyahı, Mədinə.
Şanə bil zülfünə badi-səbanı,
Qoyma qilü-qalda, eli-obanı.
Tədbirdə aqil bil Alı babanı,
Seç birini, ol pənahı, Mədinə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət