Dərc edildi: Baxış sayı: 934
Aşıq Alı - Gətirmə
Məcnunun məskəni səri-kuy olar,
Səcdəgaha sən divana gətirmə.
Əhdə vəfalıyam, peymana mərdəm,
Min bəhanə qaibana gətirmə.
Əl götürməz gözüm gözlə savaşdan,
Geyin əndamına aldan, qumaşdan.
Bir seyrə çıx laləzarı o başdan,
Pünhan gəzib, məni cana gətirmə.
Tənə gəlməz pərvanəyə yanmaqdan,
Al canımı, qurtar məni dannaqdan.
Sədaqətdə Alı çıxıb sınaqdan,
Əbəs yerə imtahana gətirmə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət