Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( V hissə)

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( V hissə)
Sakura

Aşıq Alı - Aşıq Alının Türkiyə səfəri ( V hissə)

Aşıx Alı baxıf gördü kü, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu
nə qədər gözəl olsa da, mənim öz istəklim, öz elim, öz ovam var. Camahat mana nə
deyər? Hamı dədəmin göruna söyməzmi?!
Alı öz-özünə fikirrəşdi, amma gərək elə eliyim ki, Əsmər xanımın da qəlbi
mənnən qalmasın. Bu xəyalnan Aşıx Alı aldı görək nə dedi:

Sənəmlər sənəmi, gözəllər xası,
Necə deyim sən də mənnən varalı.
Ayıfdı aləmə düşməsin səsin,
Necə deyim sən də mənnən varalı.

Aldı görək Əsmər xanım öz dərdi-dilini nejə izhar elədi:

Aşiq oldum sənin şirin dilinə,
Dərya kamalına, gövhər, ləlinə,
Qəbul eylə məni, apar elinə,
Gəl al məni, mən də sənnən varalım.

Göhər gəlif dürr mədanın tutufdu,
Yaxşıyı qaldırıf, yaman atıfdı,
Baxtı yazan məni sana yazıfdı,
Gəl al məni, mən də sənnən varalım.

Qalyan-qorçu Əsəd dedi:
- Aşıx Alı, daha burda nə Mehdixan var, nə də camahat. Onun sözünü yerə
salma. Denən alajam. Sonra mən deyən kimi eliyərik.
Aşıx Alı dedi:
- Aya, elə danışırsan, elə bil dünya görmüyüfsən. Özünü niyə biyavır eliyirsən?
Onnan sana arvad olar? Xanzadələr, bəyzadələr ona söz deməyə cəsarət eləmir.
Yuyulmamış qaşıx kimi ortuya nə düşüfsən?
Aldı görək Alı Əsmər xanıma nə dedi:

Bir xalın bəzirgan, bir xalın hajı,
Bir xalın qiymattı Urum xəracı.
O dünya, bu dünya sən mana bajı,
Necə deyim sən də mənnən varalı.

Əsmər xanım baxıf gördü kü, aşıx buna bajı deyir. Əli yerdən, göydən üzüldü.
Dərinnən bir ah çəkif aldı sözün o biri xanəsini:

Əsmərəm, səninlə olaydım sirdaş,
Ağlaram, eynimnən gedər qannı yaş.
Sən ki, bajı dedin, sən mana qardaş,
Qardaşımsan, bu ilqarda duralım.

Aşıx Alı işin belə qurtarmasına çox sevinif, aldı görək sözünün sonuncu
xanəsində nə dedi:

Aşıx Alı nə xəyala dalıfsan?
Heyva kimi, saralıfsan-solufsan.
İlqar verif bajı-qardaş olufsan,
Sona qədər bu ilqarda duralım.

Söz tamama yetdi. Əsmər xanım Aşıx Alıya bir dəst bəy paltarı, dəvə yununnan
başdıx, məngülə arxalıx, gümüş vəznəli çuxa, bir də bir buxara papax bağışdadı, -
Aşıx Alı, bu da mənnən sana bajı payı, - dedi. Sonra Alıya toy nəməri bir kisə də
qızıl verdi.
Görüşüf-öpüşüf, halal-hümmət eliyənnən sonra bunnar vətənə yola düşdülər.
Qalyan-qorçu yaman tələsiyirdi. Tez-tez Alıya deyirdi:
- Bə sən deyirdin adna axşamı gedəjiyik, cümə günü yola düşməliyik.
Yolumuzu gözdəməkdən evdəkilərin gözünün kökü saraldı.
Ərzurum dağlarının ətəyində qalyan-qorçu bir də onu tələsdirəndə Alı sazı
sinəsinə basıf qəmli-qəmli oxumağa başdadı.

Budu gəldi aylar sultanı Novruz,
Dolandı ruzigar, havalar keşdi.
Dəli könül gündə yüz xəyal eylər,
Balalı sərimnən sevdalar keşdi.

Başına mən dönüm, ey şahı-doxtər,
Apardı ağlımı gözdəri xumar.
Tapmadım ömrümə bir münasib yar,
Neçə məleykələr, sonalar keşdi.

Alı deyər bu qəm məni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Cavan canım qürvət eldə çürüdü,
Neçə çərşənbələr, cumalar keşdi.

Bu sözü qurtarannan sonra onnar başdadılar getməyə. Bir az gedənnən sonra
gəlif İydir şəhərinə çatdılar. Bir az da gedif çatdılar Axuranın yalına. Artıq Ağrı
dağı görünürdü.
Aşıx Alıya demişdilər ki, Ağrı dağının yanınnan getmiyin. Orda yeddi zilan
qaçağı var, sizi saxlayıf soyajaxlar.
Aşıx Alının sazının simi qırılmışdı. Sazını düzəltdirmək isdiyirdi. Bir də baxdı
ki, əli silahlı, yeddi nəfər Ağrı dağınnan enif onnara tərəf gəlir.
Aşıx Alı böyük bir daşın dalına girif sazı daşın üstünə qoyuf dedi:
- Ayə, tərpənməyin silahları qoyun yerə. Yoxsa hammızı dənniyəjəm.
Zilan qaçaxları baxıf gördülər ki, qavaxda qəribə bir silah görünür. Doqquz
nişanə götürən qaraulu var. Bunnar yalvarmağa başdadılar.
- A qardaş, vallah, biz düzgün adamlarıx, düşmanmyıx, ona görə dağlara
çəkilmişik. Bizim siznən nə işimiz var?
- Ayə, sizə demirəm tökülün atdan, silahları yəhərin qaşına keçirdin!
Onnar atdan düşüf, silahları, qatarrarı yəhərin qaşına keçirtdilər.
Aşıx Alı dedi:
- Əllərinizi yuxarı qaldırın, and için! Dedilər:
- Nəyə and içək?
- And için Ağrı dağına, peyğəmbərin bulağına, Nuhun gəmisinə. And için ki,
bizim siznən heş bir işimiz olmuyajax.
Birinin civində bıçağı varıydı. Əlini salıf onu da civinnən çıxardif yerə atdı.
Öz-özünə dedi:
- Qansız adama oxşuyur. Birdən üstümü yoxluyuf tapar. Məni vuruf öldürər.
Aşıx Alı dedi:
- Di gəlin addayın.
Bunnar əlləri yuxarıda gəlif addıyırdılar. Biri gözünün qulağınnan baxanda
gördü kü, aya, silah-zad nədi, bunun əlindəki sazıymış. Bir göz qırpımında aldılar
Aşıx Alının başının üstünü.
- Aşıx, and içmişik ki, səni öldürməyəjəyik. Ağrı dağında nə nişangah varsa,
hamısını deyejəksən. Yoxsa, sənin qaşoyluğunu bu qamçıya verəjəm.
Aşıx Alı dedi:
- İcazə verin deyim.
Aldı görək Aşıx Alı nə dedi:

Alçaxdan ucuya çəkilif başın,
Dağların sərdarı nər Ağrı dağı.
Payızın, baharın olar zimistan,
Sənnən əysik olmaz qar, Ağrı dağı.

Dedi:
- Aşıx, Ağrı dağının nə nişanəsi var biz bilirik. Düz deməsən, səninkini sana
verəjəyik.

Xan atdanar, xan yerinə xan düşər,
Leşgər vurar, mahallara qan düşər,
Hər dağdan irəli sana gün düşər,
Hər zaman açılsa dan, Ağrı dağı.

Qaçaxlar bir ağızdan dilləndilər:
- Aşıx Alı, sağ ol. O biri nişannarı da düz desən, nəmərin bizdə.
Alı alıf sözün o biri xanələrində görək nə dedi:

Səkkiz rizvandı, o cənnət bağı,
Neçə qapısı var, neçə otağı...
Nuh gəmisi, peyğəmbərin bulağı,
Çox nişana səndə var, Ağrı dağı.

Aşıq Alı insanata sirridi,
Tozun qalxıf İrəvanı bürüdü,
Axşam üstü bir tərəfin yeridi,
Batırdın Axuranı pir Ağrı dağı.

Söz qaçaxların çox xoşuna gəldi. Yeddi nəfəriydilər. Hərəsi bir onnux qızıl da
bunnar verdi.
Aşıx Alıynan qalyan-qorçu Əsəd xeyli gedənnən sonra sağ-salamat gəlif Şərur
torpaxlarına çatdılar. Alıynan qalyan-qorçu Əsədin ayrılmax məqamı yetişdi.
Görüşüf, öpüşüf, halallaşannan sonra Aşıx Alı çıxardıf Əsədin pullarını verdi. Hələ
otuz manat da üstünə qoydu. Baxdı Əsəd ayağınnan yer qurdalıyır. Alı dedi:
- Əsəd, noluf, niyə yer eşəliyirsən?
- Aşıx Alı, mana az verdin.
- Niyə danışdığımız yadınnan çıxıfmı?
- Yox, yadımdadı. Amma mən çox çətinniklər çəkdim sənin yolunda. Sən də ki,
yüz aşığın pulunu qazandın.
Aşıx Alı çıxarıf ona otuz manat gənə verdi. Sonra halal-hümmət eliyif
ayrıldılar. Aşıx Alı gejəni gündüzə qatıf özünü kənddərinə çatdırdı. Gejə yarısı
qapılarını döydü. Tez dədəsi qapının dalına gəlif soruşdu:
- Səsinə qurvan olum, Alı, sənsənmi?
- Ay dədə, mənəm.
Allah heç kəsi kasıf eləməsin. Bir ağac qırığı yoxuydu ku, qapının dalına
söyküyüf yatalar. İmirzə kişi qapının dalına daş yığmışdı. Daşdan bir-bir götürüf
qırağa qoyur. Qoyduxca danışırdı:
- Alı, mən bir şey düzəldəmmədim. Ölmüş anan da bir şey düzəldəmmədi.
Aşıx Alı dedi:
- Ay dədə, qorxma, yaxşı gəlmişəm.
İmirzə kişi qapıyı açdı. Aşıx Alıyı bağrına basdı. İmirzə kişi dedi:
- Öyü xaravanın qızı, Alı gəldi.
Anası yetirif oğlunu ayaxdan başa duz kimi yaladı.
- Anan ölsün. Anan öləydi, səni görmüyəydi. Bəsdi xanımı ayrı adama veriflər.
Bu saat toy çalınır.
İmirzə kişi hirsdi adamıydı, amma adam döyməknən işi yoxuydu. Arvadın
üstünə qıjğırılıf dedi:
- A gijvəsər qızı, gijvəsər. Cahaldı, ona niyə elə xəvər verdin?!
Savah açılhaaçılıydı. Anası tez çay qaynadıf onun qavağına qoyuf, dedi:
- Anan ölsün, bir istəkan çay iç.
Aşıx Alı bir istəkan çay içənnən sonra baxıf gördü kü, dədəsi böyründə
hərrənir. Alı dədəsinin üzünə baxanda İmirzə kişi soruşdu:
- Ah, a bala, nətəri gəldin?
- Ay dədə, yaxşı gəlmişəm. Üç kisə qızıl gətirmişəm. Dan yeri ağardı.
Camahat mal-qoyunu naxıra qatan vaxtı İmirzə kişiyə dedi:
- Ay dədə, mən Çamırrıya Bəsti xanımın toyuna getmək isdiyirəm, nə deyirsən?
- A bala, o toyda on yeddi cahal əli tüfəngli dayanıf, deyillər toya kim duz
qatsa, onu vurajaxlar.
- Yox, dədə, ölsəm də gedəjəm.
Aşıx Alı sazım götürüf Çamırrıya, toy öyünə yollandı. Camahata şüd düşdü kü,
Aşıx Alı gəldi. Hamı elə bilirdi ki, Aşıx Alı ölüf. Ona görə də Bəsti xanımı
başqasına verillər. Aşıx Alı məclisə girəndə hamı məəttəl qaldı.
- Aşıx Alı, sazını çıxart, bir oxu.
Aşıx Alı sazı çıxartmaxda olsun, sizə kimnən xəvər verim, İmirzə kişidən.
İmirzə kişi arvadına dedi:
- Arvad, o farmaşın qoynundakı xançalı çıxart mana gəti.
- A kişi, neynirsən onu?
- Gədənin dalıncax gedirem, tez ol!
- Ayə, sən bu xançalnan nağayrajaxsan?
- Əşşi, sənin işin döyül. Yüz gün yarax, bir gün gərək.
İmirzə kişi ətmi doğramışdı, köşəmi çəkmişdi, ya gönmü sıyırmışdı, bilmirəm
elə qannı-qannı xançalı qınına qoymuşdu. Xançalın yarıya qədəri qındaydı, yarıya
qədəri də çöldə. Nə qınına otururdu, nə də çıxırdı. İmirzə kişi bunu kürkün altınnan
belinə bağlayıb getdi həmin toy məclisinə. Gördü kü, on yeddi cahal əlində tüfəng
dayanıf. İmirzə də bir tərəfdə dayandı. Əli də kürkün altındakı xançalın dəstində.
Camahat dedi:
- Aşıx Alı, oxu.
Aldı görək Aşıx Alı nə dedi:

Günahkaram yar yanında,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.

Bəsti xanım Aşıx Alının səsini eşitdi. Üzünnən ürbəndini azajıx araladı. Gördü
kü, Aşıx Alı qəmli-qəmli oxuyur. Aşıx Alı da baxdı ki, Bəsti xanım ağlıyır. Özözünə
dedi:
Ayə, bu bizim kənddi filankəs kimi gözündən mayıf olajax.

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.

Bəsti xanım baxıf gördü kü, söznən onu başa salır ki, gedifsən get, günahkar
mənəm.
Bəsti bu töhmətə dözmədi, oğlanın bajısını yanına çağırıf dedi:
- Ala, qardaşının üzüyünü.
- Aaz, toya qan salarsan, aaz nə danışırsan?
- Cəhənnəmə qan düşsün. Mən elə bilirdim ki, Aşıx Alı ölüf.
İndi ki, Aşıx Alı sağdı, getmiyəjəm.
Bir azdan xəvər yayıldı kı, deməzsənmi Bəsti xanım Aşıx Alı gəlif deyən üzüyü
geri qaytarıf, toyu pozmax isdiyir. Aşıx Alı isə oxuyurdu:

 

(VI hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR