Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( III hissə)

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( III hissə)
Sakura

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( III hissə)

Aldı Aşıx Alı:
Eşidən alimlər, mömün olanlar,
Bizə bəxş elədi ol pərvərdigar.
Tanıyan islama mümkir olanlar,
Qapısız, bacasız damın içində.

Aldı Aşıx Ələsgər:
Qəfilsən, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş.
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan dar məzarın içində.

Böyükağanın adamları pıçıldaşdılar ki, əyə, deyəsən Ələsgər üstələyir, amma
bu bəndi yaman dedi ha! Onlar məclisi daha da qızışdırmaq üçün əl çalır, hər iki
aşığı alqışlayırdılar.

Aldı Aşıx Alı:
Bir divan əyləşib, adil, ədalət,
Oxunur şabaxda dəlili-əyyət.
Məhəmməd şəninə verir səlavət,
Gəzir bağı gülüstanın içində.

Aldı Aşıx Ələsgər:
Mən demək nə lazım, özün bilirsən,
Bir gün yaranıbsan, bir gün ölirsən.
Arsız, qəmsiz nə gününə gülürsən?
Yandırırlar səni narın içində.

Böyükağa bərkdən güldü, dedi ki, sən öləsən, bu bəndə lap kökündən vurdu.
Əyər bu məclisdə Aşıx Ələsgər üstələsə atamın goru haqqı ona bir at
bağışlayacam.

Aldı Aşıx Alı:
Bir neçə təxt qoyub, nuri-Münəvvər,
Hər yana düzülüb yüz on dörd nəfər.
Hərəsində səksən, səkkiz piltə var,
Şölə verir ol məqamın içində.

Məclisində, yaşa, Aşıx Alı, yaşa! Böyükağa dedi ki, ay ustad, deyəsən şəyirdini
çətinə salıf, darıxmağa çalışırsan, ha?

Aşıx Alı gülə-gülə dedi ki, mən onu yaxşı tanıyıram, onun hünərinə, qeyrətinə
bələdəm. O, darıxan oğul döyül. Amma eşit, Ələsgər, sözümüz sözdü - ya sən, ya
mən. Ustad-şəyird bir sınaxdan çıxmalıyıq. Yoxsa, sən deyən kimi "iki qoçun başı
bir qazanda qaynamaz".

Aldı Aşıx Ələsgər:
Ələsgər söyləsin sən mətləbi qan,
Belə qərar qoyub qadiri-sübhan.
Unutma ilqarı, itirmə iman,
İman durur düz ilqarın içində.

Aldı Aşıx Alı:
Çağır Şahi-Mərdan, denən, ya Əli,
Museyi-Kazımı, bir də Cəfəri.
Saxlar Alı kimi zəlil müstəri,
Qoymaz qala o zindanın içində.

Böyükağa dedi ki, Aşıx Alı, hər ikiniz sağ olun, sizin hər ikiniz böyük
sənətkarsınız. Siz Aşıx Ələsgəri çox bərkə-boşa çəkdiniz. O da sağ olsun ki, öz
sənətkarlığını sübuta yetirdi, həm də sizi kimi ustad aşıxnan ayaxlaşa bildi. İndi də
bütün məclis əhli sizdən xahiş eləyir ki, izin verəsiniz bu dəfə Aşıx Ələşgər qavağa
düşsün. Sizin qoyduğunuz şərtə görə məclis dava etsin. Allah hansınıza verər,
verər.

Ələsgər razı olmasa da, Aşıx Alı əl çəkmədi, dedi ki, oxu görüm nə üstündə
oxuyursan?

Aldı Aşıx Ələsgər:
Gözəllər sultanı, mələklər şahı,
Şahmarzülfün nə tökmüsən dal-dala?
Boyun sərf üstündə bənzər budağa,
Mürğü-ruhum uçar, qonar dal-dala.

Məclisdə Böyükağa və onun yaxın adamlarınnan savayı, heç kəs nə Aşıx
Alının, nə də Aşıx Ələsgərin pisikməsini istəmirdi.

Aldı Aşıx Alı:
Şahmar zülfün çin-çin edib hörəndə,
Görən deyir qoy tökülsün dal-dala.
Bu dünyada şir də yalqız qalmasın,
Qardaş gərək qoşa dursun dal-dala.

Hər tərəfdən afərin sədası eşidilir, maraq daha da artırdı.

Aldı Aşıx Ələsgər:
Geydim qəm libasın yasın içində,
Gələcək nəkreyin ya sin içində.
Doxsan min kəlmədə yasin içində,
Neçə yerdə mütəsildi dal-dala?

Məclis əhli də gördü ki, Ələsgər ustadını möhkəm silkələdi. Aşıx Alı da yaman
qeyzlənmişdi.

Aldı Aşıx Alı:
Muxənnət heç baxmaz dala, qabağa,
Hərcayinı məclisindən qov, ağa!
Yaxşı köhlən cəhd eləyər qabağa,
Yaxşı igid fikir verər dal-dala.

Aldı Aşıx Ələsgər:
Dərs alanlar zikr eləyir, hər ayə,
Bayram ayı demək olmaz hər aya.
Şahlar-şahı özün yetiş haraya,
Mən yalqızam, düşmən verib dal-dala.

Böyükağa dedi ki, Ələsgər, sən niyə tək olursan, kim sənə düşmən ola bilər?
Ayə, sən öz bacarığını, ustadına sübut eləməlisən, vəssalam.

Aldı Aşıx Alı:
Xudam səni tək yaradıb, təkbətək,
Gecə-gündüz zikr edirəm, təkbətək.
Aşıq Alı, çək döşünə təkbətək,
Müxənnətdən çək ətəyin dal-dala.

Aldı Aşıx Ələsgər:
Bil, ehtiyac deyil, sənə mal indi,
Geyibsən qəddinə, sənəm, al indi.
Can alansan, canım, Sənəm, al indi,
Əzrayılın cəngəlindən daldala.

Aşıx Alı gördü ki, Ələsgər sözü yekunlaşdırdı, təxəllüsünü bənddə demədi.
Dedi ki, ay oğul, mən sözü yekunlasdırdım axı. Ələsgər cavab verdi ki, ustad,
mənim məqsədim məclisin sonuna qədər "dal-dala" rədifi üstündə oxumaqdır.
Aşıx Alı dedi ki, ay oğul, mən elə belə də bilirdim, daha mən pəs.
Aşıx Alı sazını ona tərəf uzadanda Ələsgər gülə-gülə dedi ki, ustad, onda icazə
ver sözümü yekunlaşdırım.

Aldı Aşıx Ələsgər:
Ələsgərəm, əldən getdi buta, yar,
Huşum çaşıb ağlım olub bu tahar.
Sinəm qoydum müjganına buta, yar,
Əsirgəmə, at oxların dal-dala!

Hamı Aşıx Ələsgəri alqışladı. Böyükağanın sevinci yerə-göyə sıgışmırdı, ona
görə ki, artıx o məqsədinə çatmışdı.

Aşıx Alı dedi ki, oğul, mən sənin qüdrətinə, dərin zəkana bələd idim, belə də
olmalıydı. Mən məğlub olsam da, icazə ver, bir təcnis deyim, sən o rədifdə təcnis
desən də olar, deməsən də.

Ələsgərin özü də bikef olmuşdu, dedi ki, buyur, ustad.

Aldı Aşıx Alı:
Xəndan, xəbisdən sevinclik yağmaz,
Hirsindən çəkilər ay damar-damar.
Qəza kəməndinə salsa yaxşını,
Qanı cövlan edər, ay damar-damar.

Ələsgər gördü ki, ustadı çox pərişan oluf, odur ki, onun ürəyini ələ almağa
çalışdı.

Aldı Aşıx Ələsgər:
Başına döndüyüm, xaliqdi sübhan,
Haçan qüdrətindən yağ damar-damar?
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar.

Hamı Ələsgərin ustadına olan bu məhəbbətini alqışladı. Aşıx Alının üzü güldü.

Aldı Aşıx Alı:
Məhəbbət eşqindən kənar olmuşam,
Daldalanıb nədən geri qalmışam?
Payız xəzəli tək indi solmuşam,
Saralmış yarpaqlar, ay damar-damar.

Aldı Aşıx Ələsgər:
Sən aşıx elmindən halısan, halı,
Sözü çox uzatsan, uzanar dalı.
Mən də sevməz idim, qovğanı, qalı,
Sağlam canım nədən, bax damar-damar?

Aldı Aşıx Alı:
Alı deyir dünyam oldu dar indi,
Daha qalmayıbdı etibar indi.
Məğlub olub, eyləyərəm ar indi,
Sellənib gözümdən yaş damar-damar.

Aşıx Alının bu etirafı, pərişanlığı Böyükağadan savayı, bütün məclis əhlini,
ələlxüsus Aşıx Ələsgəri bərk kədərləndirdi. İndi görək aşıq Ələsgər öz istəkli
ustadının könlünü necə alır, tərəfindən ərz eliyək, sizin də damağınız çağ olsun.

Aldı Aşıx Ələsgər:
Ələsgərəm, kamil ustad dərindi,
Bir bağrım var, barı, onu dər indi.
Çox ömrün var, bağlanmayıb, dər indi,
Kükrə şimşək kimi, çax damar-damar.

Aşıx Ələsgər ustadı Aşıx Alının üzündən öpdü, onu bağrına basıf dedi ki, ustad,
inanın ki, Sizin bu toyda olduğunuzu mən bilmirdim. İndi başa düşdüm ki, məni
aldadıf, Sizinən qavaxlaşdırmağa gətiriflərmiş. Məni də Siz məcbur etdiniz. Ustad,
məni bağışla.

Aşıx Alı da Ələsgərin alnınnan öpüb, onu bağışladı, şəyirdinə uğurlar dilədi.
Amma sonralar arayıb, axtarıb, öyrəndi ki, bu qurğunu quran Böyükağa imiş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR