Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( II hissə)

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( II hissə)
Sakura

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( II hissə)

Aşıx Ələsgər arif adam idi, başa düşdü ki, ustadı hansı simə toxunur.
O, istədi gedə, Aşıx Alı onun qabağını saxladı. Bütün məclis tələb etdi ki, bir
cavab ver. Məcburi Ələsgər sazını köynəkdən çıxardı. Dedi ki, ustad, mən Sizin bu
məclisinizə pis niyyətlə gəlməmişəm. Mənim Sizə böyük bir ustad kimi hörmətim
var. Onda icazə ver, bir cığalı təcnislə Sizə öz fikrimi bildirim.

Aldı Aşıq Ələsgər öz ustadına necə məsləhət vermək istiyir, tərəfindən ərz
edək, Siz də xoşbəxt olun.

Aldı Aşıx Ələsgər:
Arif olan bir od düşüb canıma,
Əridib döndərir a yağa məni.
Aşıq deyər, ay ağa,
Yetiş dada, ay ağa,
İllər xəstəsi canım,
Yar gəldi, qalx ayağa,
Ağa olan, qulun salmaz nəzərdən,
Salma nəzərindən, ay ağa, məni.

Kamil ovçu, ovun görcək, sin, ayə.
Oxu dərsin əzəl başdan "sin", ayə.
Aşıq deyər sin ayə,
Tər damlaya sin ayə.
Xəstənin gözü düşmüş,
Yetgin nar, tər sinəyə.
Ömür azaldı, vədə yetdi sin ayə,
Bir gün də bükərlər, ay ağa məni.

Mənim yarım yaşıl geyib inci, dür,
Gümüş kəmər incə beli incidir.
Aşıq deyər incidir,
İnci, mərcan, inci dür,
Yaman övlad, pis qonşu
Qohum-qardaş incidir.
Xəstə düşdüm, bu dərd məni incidir,
Tut dəstimdən, qaldır ayağa məni.

Ələsgərəm, dada gəldi, budu yar,
Bayquşların məskənidi, bu diyar.
Aşıq deyər budu, yar,
Gül bəsləyən, bu diyar.
Canım sadağa verrəm,
Qəbuldursa, budu, yar.
Al xancalı, bağrım başın buda, yar.
El içində salma ayağa məni.

Aşıx Ələsgər sözünü tamam edəndən sonra, sazını köynəyə qoymaq istəyəndə,
Aşıx Alı dedi ki, Ələsgər, mənim sözüm sözdü, biz bu gün hesabı çürütməliyik.
Özü də qıfılbənd, tapmaca kimi şeydi, biz məclisdə bədahətən söz demək
bacarığını yoxlamalıyıq. İndi mən hansı vəzndə, hansı rədifdə oxuyuramsa, sən də
həmin vəzndə, həmin rədifdə cavab verməlisən, razısanmı?

Ələsgər cavab verdi, yox, ustad, mən qavaxlaşmaq istəmirəm.

Böyükağanın adamları hər iki aşığı daha da qızışdırmağa çalışdılar. Böyükağa
dedi ki, aşıq Ələsgər, ə, yumurta ha döyülsən, sınasan, niyə qorxursan? Bir özünü
sına görək.

Aşıq Alı sazı zilə çəkib, Ələsgəri həvəsə gətirməyə can atırdı. Aldı aşıq Alı
görək şəyirdi Ələsgərə cığalı təcnislə öz fikrini necə bildirir, tərəfindən ərz edək,
Siz də şad olun.

Aldı Aşıx Alı:
Kişi odu, öz dostuna dost ola,
Düşməniylə düşmən ola başa-baş.
Aşıq deyər başa-baş,
Oxu dərsin başa-baş.
Bəd əsildən qaç qurtar,
Ayaq götür başa-baş.
Can deyənə, can deyərəm mərdana,
Baş qıyana, baş qıyaram baş-başa.

Hamı heyrətlə göz dikib, Ələsgərdən cavab gözləyirdi. Naəlac qalan Ələsgər
sazın zilini zil, bəmini bəm eliyərək meydana girdi. İndi görək ayaqlı, cığalı
təcnisdə, eyni rədifdə ustadına necə cavab verir, tərəfindən ərz edək, Siz də
xoşbəxt olun.

Aldı Aşıx Ələsgər:
A bimürvət, həsrətini çəkməkdən,
İllərə tən xəstə düşdüm başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Eşqindən səməndərəm,
Oda yandım başa-baş.
Can deyənə can deyinən mərdanə,
Baş qoyanın qoy yolunda başa-baş.

Məclisi daha da qızışdırmaq üçün əl çalıb
Ələsgəri coşdurmaq istəyirdilər.

Aldı Aşıx Alı:
Fələyin kəməndi möhkəm qalandı,
Bimürvətsən, dost, ürəyin qalandı.
Mən aşığam qala-qala,
Yapışıb qala-qala.
Cavan ömrüm çürüdü,
Qürbətdə qala-qala.
Suleyman mülkündə kimlər qalandı,
İllərə tən üzü gülsün başa-baş.

Məclis get-gedə şirinləşir, canlanırdı. İki nəhəng sənətkar üz-üzə gəlmişdi, kimin
məğlub olmagı kimin qalib gəlməsi səbirsizliklə gözlənirdi.

Aldı Aşıx Ələsgər:
Səndən ayrı mən geymənəm, al, inci,
Geyinibsən, yar, qəddinə al inci.
Mən aşığam al, inci,
Gey qəddinə al, inci.
Dosta xəyanət olmaz,
Qurma mənə, al, inci.
Bir canım var alacaqsan, al İnci
Qoy kəsilsin qilü-qalın başa-baş.

Aldı Aşıx Alı:
Aşıx Alı hazır dərdə davadı,
Bir dərdim var, hazır dərdə davadı.
Mən aşıx dava gəzər,
Dərdlilər dava gəzər.
Əsil olan nan verər,
Bedəsil dava gəzər.
Davaçısan bu meydanda davadı,
İrəli gəl, kəllə vuraq başa-baş.

Aşıx Ələsgər başa düşdü ki, ustadı dediyindən əl çəkən döyül. Öz-özünə
fikirləşdi ki, bəlkə onu yolundan azdıran var. Hər halda o, mənim hörmətli
ustadımdı, ona qarşı yumuşaxlıx lazımdı.

Aldı Aşıx Ələsgər:
Ələsgərəm, dərdim budu, ay ağa,
Çeşmim yaşı leysan kimi a yağa.
Mən aşığam, ay ağa,
Piltə yanar a yağa.
Mərd sözün üzə söylər,
Heç yapışmaz ayağa.
Gah bas olan, gah da düşər ayağa,
Kimsə varmaz bu fələknən başa-baş.

Böyükaga ayağa qalxıb gülə-gülə dedi ki, doğrudan da Ələsgərsən ki,
Ələsgərsən, gərək ustadından geri qalmayasan. Hər ikinizə afərin. Alı dedi ki, oğul,
Ələsgər, sözümüz sözdü, halal olsun, yaxşı gəlirsən, indi səni dini təriqətnən də
yoxlayacam. Həmin söz rədifinə özünü hazırla.

Böyükağanın adamları da xısın-xısın danışırdılar ki, Alı da Alıdı, ha, yaman
qeyizlənif, deyəsən Ələsgəri çətinə salacax.

Aldı Aşıx Alı:
Məhəmməd Mehraca qədəm basanda,
Səsləndi guşələri, gəldi qıjhaqıj.
Cəbrayıl vah gəldi, ərşi-əladan,
Açıldı şahpəri, gəldi qıjhaqıj.

Aşıx Alı da, bütün məclis əhli də belə fikirləşirdilər ki, Ələsgər cavab deyə
bilməyəjək.

Aldı Aşıx Ələsgər:
Əli Düldülünü gətirdi ərşdən,
Əlində Zülfüqar gəldi qıjhaqıj.
Tifil ikən qılınc çaldı Əntərə,
Endirdi zərbəsin, böldü qıjhaqıj.

Hər tərəfdən yaşa, Ələsgər yaşa! Aşıx Alı kimi nəhəng ustadın qabağında belə
dayandığına görə, Göyçə mahalının o çörəyi, suyu sənə halal olsun!

Aldı Aşıx Alı:
Ağam Zülfüqarı çəkdi qınından,
Zülfüqar, boyandı kafir qanından.
Kafir heç dönmədi öz ilqarından,
Əlində şəmşiri gəldi qıjhaqıj.

Aldı Aşıx Ələsgər:
Məhəmməd tacını verdi Əliyə
Şahid olub getdi, ərşi-əlayə.
Şükür olsun dedi haqqı-mövlayə,
Ərşi-səmavatdan güldü qıjhaqıj.

Aşıx Alı Ələsgərin qabiliyyətinə əvvəlcədən də bələd idi, ancax indi birə on qat onun
gözündə ucaldı, ürəyində ona afərin dedi.

Aldı Aşıx Alı:
Aşıx Alı deyər zəhərlə bişdi,
Kəsilib qismətim, qürbətə keçdi.
O, məhşərin günü yadıma düşdü,
Didəmin selləri gətdi qıjhaqıj.

Böyükağa xısın-xısın gülərək dedi ki, ayə, deyəsən ustad yavaş-yavaş yumşalır,
qorxusundan kövrəlib. Bərkdən qışqırdı ki, başına dönüm Ələsgər, möhkəm dur!

Aldı Aşıx Ələsgər:
Ələsgər badəni əlindən içdi,
Əlinin yolunda canından keçdi.
Axtarıb ummanı, lələni seçdi,
Dayazdan, dərindən bildi qıjhaqıj.

Hamıda böyük maraq, böyük heyrət var idi. Elə bil ki, iki böyük nəhəng qaya
baş-başa gəlmişdi. Bu qayalardan biri uçub dağılmalı idi.Camahat hər iki aşığı
dönə-dönə alqışladı.

İndi görək Dədə Alı öz şəyirdini hansı rədifdə söz demək imtahanına çəkir
tərəfindən ərz edək, siz də şad-xürrəm olun.

Aldı Aşıx Alı:
O, xabi-qəflətdə, şirin yuxuda
Bir pir gördüm, din islamın içində.
Bir qətrə nur gördüm əyləşmiş alim,
Bir sin arasında, damın içində.

Aldı Aşıx Ələsgər:
On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qalır bir bazarın içində.
Kimi atlas geyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.

(III hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR