Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( I hissə)

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( I hissə)
Sakura

Aşıq Alı - Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi ( I hissə)

Gedər oldum, yar-yoldaşım sağ olsun,
Bol olsun çörəyi, aşı dünyanın.
Bundan sonra dərdləriniz durulsun,
Sürmələnsin gözü, qaşı dünyanın.

Ərənlər qoyduğu yolları seçdim,
Dolduruban, eşqin badəsin içdim.
Bir belə sövdayçın sərimnən keçdim,
Ləli-gövhər olsun daşı dünyanın.

Bağla bostan olsun çöllər, səhralar,
Bal ilə yağ olsun, yeddi dəryalar.
Meyvə versin bütün bağlar, ovalar,
İstərəm yaz olsun qışı dünyanın.

Dərdli Kərəm deyər dünya fanidi,
Neçələrin üzü üstə sürüdü.
Kimsə bilməz nə zamandan bəridi,
Heç hesaba gəlməz yaşı dünyanın.

Ustatlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun.

Arifi-müəzzəm, ey nuri-eynim,
Mənim kimi ömrü bad olan varmı?
Qohumdan, qardaşdan, dostdan, aşnadan
Xəyalı dolanıb, yad olan varmı?

Hər kəs özü mətləbini qanmayan,
Dünya cifəsinə səhl sönməyən,
Fələk əli dəyib, çərxi dönməyən,
Ləzzəti dəhanda dad olan varmı?

Dağlar qan ağlayır, düşüb borana,
Daha bundan sonra çətin yarana,
Göyçə qana batsın, qaldı virana,
Daha Ələsgər tək ad olan varmı?

Mənim üçün nə ata, var, nə ana,
Arif görək bu mətləbi tez qana.
Minə qəm atina çıxaq cahana,
Görək bu dünyada şad olan varmı?

Günbəgündən bağlayıram qəm, vərəm,
Könül sakit olub, heç tapmır aram,
Nə Şirin, nə Fərhad, nə yazıq Kərəm,
Abdulla tək cismi od alan varmı?

Ustatlar ustadnaməni iki yox, üç deyər, biz də deyək üç olsun, namərdin ömrü püç olsun.

Açma mətahını naşı tüccara,
Qiymətini bilib, xiridar olmaz.
Bədöyün qocası olsa da arıq,
Sürsən mənzil kəsər, kəmhünər olmaz.

Qaşın fırqətindən dağlar qərəli,
Üç hərifdir yerin, göyün qərəli.
Misə qalay vursən axır qaralı,
Nə lələ bənzəməz, nə gövhər olmaz.

Hüseynəm, sinəmdə haqqın baratı,
Yaxşı iyidin var sözü, söhbəti.
İyidin olmasa binadan zati,
Tanınıb, heç yerdə aşikar olmaz.

Sizə kimdən söylüyüm, haradan söylüyüm, Göyçə mahalının keçən
günlərinnən, keçmiş dövranından, adları dillər əzvəri olan ustad aşıxların
kamalından, Göyçə mahalının adlı-sanlı aşıxları Dədə Alıynan, Dədə Ələsgərin
qavaxlaşmasından.

Bəli, mənim əzizlərim, tarixə yaxşı-yaxşı baxsaq, görərik ki, Göyçə mahalı
bizim ulu babamız oğuz tayfalarının doğma vətənidi. Göyçənin adı çəkiləndə saz,
söz, ustad aşıxları yada düşür.

Dədə Qorqud döyründən saza, sözə olan məhəbbət bu mahalda yaşayanların,
cavanından tutmuş qocalarına qədər hamısının qanına, iliyinə hopuf.
Ulularımız yaxşı deyif: "Göyçədə yeni doğulmuş uşax, beşikdə ağlayanda
qoşma, təcnis üstündə ağlayır, səsi də saz havasına köklənmiş olur".
Saza, sözə olan bu məhəbbət Göyçə mahalında neçə-neçə ustad aşıxların
yaranmasına səvəf oluf. Belə ustad aşıxlardan indi qulluğunuzda ərz edəcəyim
Aşıx Alıynan Aşıx Ələsgərdi.

Aşıx Alı döyrünün tanınmış ustad aşığı olan Ağ Aşıxdan dərs alıf, yüksək
kamala çatmışdı. Dədə Alı addı-sannı sənətkar olannan sonra, bir çox şəyirdlər
yetişdirmişdi. O cümlədən adını fəxrlə çəkdiyimiz Dədə Ələsgər də Dədə Alının
istəkli şəyirdlərindən biri olmuş, onun sayəsində yüksək kamala çatmışdı.
Ancaq onu da deyək ki, ustaddan öyrənən şəyirdin də görək öz qabında bir şeyi
olsun. Yoxsa bir ustanın noxudnan divar suvamağına oxşayar. Ustanın divara
vurduğu noxudlar dığırlanıb yerə töküldüyü kimi, fərsiz şəyird də ustadın qiymətli
sözlərini bir qulağından alıf, o biri qulağından çölə buraxıf, küləyəcə verəcək.
Xoşbaxtlıqdan Ələsgər belə şəyirdlərdən döyüldü. Aşıx Alı şəyirdlərinin
hamısından daha çox Ələsgərin xətirini istəyər, onun kəskin hafizəsinə heyran
qalıf, şəyirdinnən fəxr edərdi. O, Ələsgərin gələcəyinə böyük ümüd gözüynən
baxırdı. Ələsgər də ustadına doğma oğul kimi yanaşar, onun hörmətini həmişə əziz
tutardı.

Bəli, əzizlərim, artıq Ələsgər də püxtələşmiş, eldə, obada ad-san qazanmış
aşıxlardan saydırdı.

İcazə verin, söhbətimizi burada yığcamlaşdırıf, əsas mətləbə keçək. Çox haxlı
və maraxlı bir suval ortalığa çıxır ki, axı nejə olur ki, belə istəkli ustadla şəyird
arasında inciklik, zidiyyət düşüf, biri-birinə meydan açıf, deyişməli olmuşlar?
Əvvəla, onu deyək ki, mərdimazarın öyü yıxılsın, bu mərdiməzarlar, xayınlar,
xəbislər olmasa, dünyada yaşamağa nə var ki, mərdiməzarlar nə ölüf, nə də öləcək,
onlar hər döyranda oluf, yaralı çivan kimi həmişə xalqa əziyyət verif, indi də
verirlər.

Əhvalat belə oluf: "Göyçə mahalının Çaxırlı kəndində Böyükağa addı, sözü
keçən, varlı adam oğluna toy eliyəsi olur. Qohumlarınnan bir nəfəri Aşıq Alının
dalınca Qızılvəng kəndinə göndərir, tapşırır ki, gedif Aşıq Alıya deyərsən ki,
Böyükağa bazar günü oğluna toy eliyəsidi, durmasın, tez bir bizə gəlsin.

Bəli, mənim əzizlərim, Böyükağanın göndərdiyi qasid ağanın sifarişini Aşıx
Alıya çatdırır.

Aşıx Alı çıxılmaz vəziyyətə düşür, özü də Böyükağanı yaxşı tanıyırdı. Bilirdi
ki, o çox çətin, inad adamdı. Aşıx Alı dedi ki, ay oğul, kəndimizdə bir nəfər kasıb
adam oğluna toy eleyir. Özü də keçən həftədən mən ona söz vermişəm. Ələsgəri də
Qazağa toya aparıflar, burada olsaydı onu göndərərdim. Ağaya deynən təvəqqe
edirəm, mənnən inciməsin, söz verdiyim adamı naumud qoyuf ora gələ bilmənəm,
özgə aşıx tafsın.

Qasid Aşıx Alının cavabını Böyükağaya çatdıranda, elə bil Böyükağanı zəhərli
bir kürzə ilanı çalır. Hirsindən cin atına minən Böyükağa Aşıx Alını söyüb
yamanladı da, ürəyində dedi ki, yaxşı, Aşıx Alı, sən sən ol, mən də mən olum. Bu
hayıfı səndə qoysam, onda başımdakı bu qiymətli papax gərək mənə haram ola.
Əziz dinləyicilər, aradan bir müddət keçəndən sonra Çaxırlı kəndində dəli Şirin
aldı bir nəfər kasıb adam oğluna toy eliyəsi olur. Dəli Şirin özünü Aşıq Alının
yanına çatdırır, şirin dilini işə salıb, onu oğlunun toyuna çağırır. Xoşbaxtlıqdan
Aşıx Alı da heç kəsə söz verməyibmi?. Dəli Şirinə deyir ki, arxayın get, gəlib
oğlunun toyunu ürəyin istəyən kimi keçirəcəm. Dəli Şirin şad-xürrəm kəndə
qayıdır. Onu da deyim ki, Dəli Şirin Böyükağanın Aşıx Alıdan möhkəm incik
düsdüyünü bilirdi, elə ona görə də Aşıx Alının yanına naumud gəlmişdi. İndi bu
kasıb öz işinin düzəldiyini görəndə az qaldı ki, qanadlanıf uça. Kənddə Böyükağa
eşitdi ki, Dəli Şirinin oğlunun toyunu Aşıx Alı eliyəjək, elə bil bədəninə qor doldu.
Öz-özünə dedi ki, bir bu ləvənd oğlunun işinə bax. Qohumlarını evinə yığıb dedi
ki, bilir-siniz ki, Aşıx Alı mənim oğlumun toyunu keçirmədi, Dəli Şirinin oğlunun
toyunu keçirməyə gedir. Biz onu bu məclisdə pisikdirməliyik.

Bəziləri, insafən, dedi ki, ay Böyükağa, sənin adın-sanın var, ayıf döyülmü elə
bir ustad aşığı pisikdirirsən? Bir də ki, axı onu kim pisikdirə bilər?
Böyükağa dediyindən dönmədi ki, dönmədi. Dedi ki, Aşıx Ələsgər Qazaxdan
gəlif, Aşıx Alının toyda olduğunu ona demək lazım döyül, onu lapdan Alının
üstünə gətirmək lazımdır. Alıya da xəlvətcə deyək ki, Aşıq Ələsgər səni yaman
hədələyir, deyir ki, iki qoçun başı bir qazanda qaynamaz, mən ustamla qavaxlaşıb,
deyişəcəm, Allah ya ona verər, ya da mənə, qoy ilana öz balası qənim olsun, deyiblər. Onu bağlayıf pisikdirə bilsə, ancaq Aşıq Ələsgər pisikdirə bilər.

Bəziləri dedi ki, qoy elə də olsun, biz bunları bir sınaxdan çıxaraq, Allah
hansına verər, verər.

Bəli, müxənnətə, söz qəhət ha döyül. Böyükağanın adamları hər tərəfdən Aşıx
Alıya çatdırdılar ki, ay Aşıx Alı, sənin çörəyinin duzu yoxmuş, indi öz yetirmən
sənə qənim kəsilmək isdəyir. Ələsgər səni yaman yanıyır. Hər yerdə deyir ki, gərək
ustamla deyişəm, Allah ya ona verər, ya da mənə.

Aşıx Alı bu sözlərə gah inandı, gah da inanmadı, öz-özünə fikirləşdi ki, axı
mən yaxşılıqdan başqa Ələsgərə nə pislik eləmişəm ki, o, məni belə hədələyir. Bir
də fikirləşdi ki, əşşi, insan çiy süd əməndir. "Xamır yeyənin fağırı olmur, deyiflər",
bəlkə də onu öyrədif, yoldan çıxarıflar.

Bəli, mənim əzizlərim, Aşıx Ələsgəri da aldadıf, həmin məclisə gətirdilər, Aşıx
Ələsgər saz qoltuğunda məclisə girəndə artıq, məclisin şirin yeriydi, öz ustadının
məclisdə olduğunu görəndə utanıb dayandı, axı ona demişdilər ki, bu toyda sənnən
başqa aşıx olmayacax. Getsə, bu o, deməkdir ki, deyişməliyik, Aşıx Ələsgər
aldandığına görə çox pərt olmuşdu.

Aşıx Alı da çox çətin adam idi, Aşıx Ələsgəri görəndə deyilənlərə tamam
inandı, üzünü Ələsgərə tutub dedi ki, oğul, nə fikirlə gəlifsən, xoş gəlif, safa
gətirifsən, deyişmək isdəyirsən, açıq danış, daha orda-burda məni niyə
hədələyirsən, a bala? İndi çıxart sazını, bu sən, bu da mən. Aşıq Ələsgər and-aman
elədi ki, ustad, mən Sizin bu məclisdə olmağınızı bilməmişəm, bilsəm Sizin
icazəniz olmasa, heç gələrəmmi? Bir də, o nə sözdü, nə hədə-qorxu, nə deyişmə,
bu nə olan sözdü, ustad? Axı mənim Sizə ata qədər hörmətim var.

Aşıx Alı dedi ki, Ələsgər, mənə dil tökmək lazım döyül, mən sənnən əl çəkəsi
döyüləm. Bu məclisdə bu gün söz-söhbətə son qoymalıyıx.

Ələsgər ustadınnan qavaxlaşmaq istəmirdi. Oydu ki, sazını köynəkdən
çıxartmadı. Bu Böyükağanın adamları tələb etdi ki, Aşıx Ələsgər, sən qorxursan?
Sən ustanın sözünü yerə salma, sazını köynəkdən çıxart. Ələsgər getmək istəyəndə
Aşıq Alı dedi, Ələsgər, bir divani deyəcəm, ona qulax as.

Aldı Aşıx Alı:
Məhəmmədə xaliq özü,
Göndərdi Qur'anı mərd.
Altı min altı yüz altmış ayə,
Yüz on dörd surəni mərd.
İlahidən nazil oldu,
Göydən endi dörd kitab.
O, Qur'ana baş əyənlər,
Tez tapır imanı mərd.

Beş kəlməyə aşiq olan,
Sinəsi dəftər gərək,
Haqq-taalanın min bir adı,
Dillərdə əzbər gərək,
Bu aləmə zülm eyləyən,
Olmaya rəhbər gərək.
Açıb cənnət qapısını,
Göstərdi rizvanı mərd.

Gəl, biçarə Aşıx Alı,
Xəbərdar ol dünyada.
Uca könül, alçax saxla,
Havalanma dünyada,
Haqqın min bir adını gəl,
Gündə üç yol sal yada.
Vaqif ol, haqqın yolunda,
Gəl eylə tobanı mərd.

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR