Slimfit
  1. AZƏRBAYCAN

Arye Qut: “Erməni nazirə dedim ki, ayağım o ölkəyə dəyməyəcək” – Brifinq

Arye Qut: “Erməni nazirə dedim ki, ayağım o ölkəyə dəyməyəcək” – Brifinq
Sakura

Arye Qut: “Erməni nazirə dedim ki, ayağım o ölkəyə dəyməyəcək” – Brifinq

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı İsraildə yaşayan həmyerlimiz, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin icraçı direktoru, beynəlxalq münasibətlər üzrə ekspert, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qutdur. Onunla müsahibəni təqdim edirik:

Səxavət Həmid: – Bəs İsraildəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Açığını deyək ki, bu gün İsraildə diaspor hərəkatı qənaətbəxş deyil. Qeyd etdiyim kimi, mən vaxtilə diaspor hərəkatında iştirak etmişəm. Təkcə mən yox, digər insanlar bir yerdə, komanda şəklində çalışırdıq. Sonra orda bəzi xoşagəlməz hadisələr oldu. Götürək, elə Xocalı faciəsi ilə bağlı mənim fikirlərimi. Hansı ki, onlar bunu qəbul etmədilər. Mən də dedim, Azərbaycan xalqının gözəl bir sözü var: “sayanın quluyam, saymayanın ağası”. Beləliklə, onlardan ayrıldım və öz qeyri-hökumət təşkilatımı yaratdım. Onlara heç bir problem yaratmadım. Öz işimlə məşğul olmağa başladım. Mən dialoq platformasından çıxış edirəm. Heç kimlə şəxsi qərəzim yoxdur. Əksinə, deyirəm Azərbaycan üçün kim nə edirsə, biz müzakirə apara bilərik. Mən görürdüm ki, Azərbaycan həqiqətlərini çatdırmaq üçün təkcə azərbaycanlıları bir yerə yığıb tədbir keçirməyə ehtiyac yoxdur. Biz bunu dünya müstəvisinə çıxarmalıyıq. Yavaş-yavaş İsrail mətbuatı ilə işləməyə başladım. Mən əsasən, özümə güvənirdim. Mənimlə çox jurnalistlər əməkdaşlıq əlaqələri qururdular, deyirdim gedək, sizə Azərbaycanı göstərim. Beləliklə, “Haaretz”, “Maariv” qəzetlərində yazmağa başladım. Hazırda “The Jerusalem Post” qəzetində mənim iki həftədən bir Azərbaycanla bağlı məqaləm dərc olunur. Həmçinin, İsrailin 9-cu və 10-cu telekanallarının siyasi şərhçisi kimi də efirə çıxıram. Bu, Azərbaycan deyib, Azərbaycan eşitmək üçün mənə bütün şəraiti yaradır. Mən bu işləri ürəyimin hissi kimi, bir azərbaycanlı olaraq edirəm. Düzdür, Arye Qut kimi çıxış edirəm, ancaq hamı görür ki, bu Arye Qut kimdirsə, iki həftədən bir Azərbaycanın maraqlarını, haqq işini müdafiə edən, Azərbaycan həqiqətlərini əks etdirən məqalələr yazır. Bu yaxınlarda ermənilər bir məqalə yazmışdılar. Həmin məqalədə qeyd olunurdu ki, “The Jerusalem Post” açıq-aydın Azərbaycan platformasından çıxış edən bir İsrail mətbu orqanı olub. Bu məqalə mən deyərdim, anti-İsrail yönümlü bir məqalə idi. Məqalənin linkini mənə göndərdilər. Linkə daxil olub gördüm ki, mənim “Feysbuk” səhifəmdəki paylaşımları, hətta övladımın fotolarını da skan edib yazının içinə yerləşdiriblər.

Bilirsiniz, diaspor işi elədir ki, sən yalnız onunla məşğul olmursan. Aydındır ki, sənin ailən, valideynlərin var. Onlara da vaxt ayırmalısan, bundan başqa hər gün gedib-gəldiyin iş yeri var. Xaricdə yaşayan insan üçün diaspor fəaliyyəti ilə məşğul olmaq o qədər də asan deyil. Azərbaycanda isə elədir ki, sən burada yaşayırsan, burada hər şey sənə tanışdır. Xarici ölkədə dili bilmək, özünə yer tapmaq çox çətindir. Ancaq daha əvvəldə də qeyd etdiyim kimi, mənə çox çətin olduğunu deməzdim.

Mənsur Rəğbətoğlu: –Yəhudilərə münasibətdə bu ayrı-seçkiliyin, aqressiyanın kökündə nə dayanır?

– Ümumiyyətlə, antisemitizm hər yerdə var. Almaniya ilə bağlı məsələ aydındır. Bilirsiniz ki, nasistlərin fəaliyyəti nəticəsində 6 milyon yəhudi həyatını itirib. Mən sizin hamınızı İsrailə dəvət edirəm, nə vaxt istəsəniz, gəlin. Azərbaycandan gələn hər bir jurnalisti öz doğma bacı-qardaşım kimi qəbul edirəm. Bu yaxınlarda jurnalistlər Emin Musəvi, Ayaz Mirzəyev İsrailə gəlmişdilər, her şeyi öz gözləri ilə görmüşdülər.

Siyasətçi və dövlət xadimi, keçmiş prezident Şimon Peresin yaxşı bir sözü var. O deyib ki, yəhudiləri başqa xalqlardan fərqləndirən odur ki, onlar heç zaman dayanmır. Yəni, o, bu gün nəyi varsa, ondan artığını istəyir. Yüksək səviyyəyə gəlib çıxıb, deyir yox, bundan da artıq olmalıdır. Yəni, bu xalq inkişafa çox meyilli bir xalqdır. Böyük bir şirkətdə çalışıram. Bu şirkətin fəaliyyətinin bir hissəsi Azərbaycan-İsrail kənd təsərrüfatı əməkdaşlığı ilə bağlıdır. Bu yaxınlarda Azərbaycandan bir aqro kompleksin rəhbəri İsrailə gəlmişdi. Maşınla gedirik, deyir, Arye müəllim, 70 il qabaq buralar səhralıq idi, indi sağ-sol hər tərəf istixanadır. Amma gəlin Misirə, İordaniyaya baxaq. Səhra necə varsa, elə də qalıb və o torpaqlarda nəsə yetişdirmək çox çətindir, demək olar ki, mümkün deyil. Biz soruşduq ki, Azərbaycandakı inəklər gündə nə qədər süd verir? Dedi, bizdə 20-22 litr ancaq olur. İsraildə isə gün ərzində bir inəkdən alınan südün həcmi faktiki olaraq 60 litrə gəlib çıxır. Həmin aqrokompleksin rəhbəri gördü ki, inəkləri süd vermə saatınadək 6 dəfə duşun altına salırlar, çimdirirlər. Şok yaşadı. Zarafatla dedi ki, bizdə heç adamları gündə 6 dəfə çimdirmirlər.

Gəlin, kənd təsərrüfatından yüksək texnologiyalara keçək. O artıq başqa bir dünyadır. Mən çox istəyirəm ki, bu yüksək texnologiyalar Azərbaycana da gəlsin, yerləşsin.

S.Həmid: – Arye müəllim, İsrail-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– İsraillə Azərbaycan arasında çox yaxşı siyasi, iqtisadi əlaqələr var. Ancaq mən həmişə deyirəm və yazıram ki, mənim üçün bu əlaqələrin başında insani əlaqələr dayanır. Məsələn, bu gün Ermənistanda yəhudi yoxdur. Ermənistanla İsrail arasında əlaqələr, o cümlədən hərbi-texniki əlaqələr sıfır səviyyəsindədir. Düzdür, indi turizm əlaqələri yaranıb. Ancaq turizm hələ heç nə demək deyil. Turizmdən başqa heç bir əlaqə yoxdur. Mən inanmıram ki, yaxın gələcəkdə də hansısa əlaqə yarana biləcək. Ancaq hər halda biz İsrail-Azərbaycan münasibətlərinin inkişafı məsələsində bir qədər aktiv olmalıyıq. Biz adətən, bir-birimizə səfərlər edirik, sonra yaddan çıxarırıq. Bu intensivliyi itirməməyimiz çox önəmlidir. Əlaqələrimizdə hər zaman intensivlik olsun.

Mən bu yaxınlarda Moskvada antisemitizmlə bağlı konfransda iştirak edirdim. Dedim ki, Ukraynadan və başqa ölkələrdən danışırsız, ancaq sizə ən yaxın ölkə, forpostunuz olan Ermənistandan niyə danışmırsız? Bu gün İrəvanda Qaregin Njdeyə heykəl qoyulur. Biz – İsraildə yaşayan insanlar buna necə münasibət bəsləyə bilərik? Hansı ki, bu adam II dünya müharibəsi zamanı 20-25 min yəhudini Sevastopolda, Feodosiyada, Krımda məhv edib. Onlar deyirlər ki, bunun Njdeyə aidiyyatı yoxdur. Necə aidiyyatı yoxdur? Ortada faktlar var.

Avqust ayında Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün İsraildən olan jurnalistlərin Azərbaycana səfərini təşkil etmişdik. Sağ olsun, “Gilan Holding” bizə bu işdə böyük dəstək verdi. Festivalda bir gün iştirak etdikdən sonra mən dedim, daha bəsdir, getdik işləməyə. Musiqi ilə yanaşı bizə Azərbaycan həqiqətlərini təbliğ etmək lazımdır. Biz Qubaya, Oğuza və sərhədyanı bölgələrə getdik. İsrailli jurnalistlər sərhədyanı bölgələrdə insanların üzləşdikləri çətinlikləri öz gözləri ilə gördülər. “Maariv” qəzetinin xanım əməkdaşı çox gözəl məqalə yazmışdı. Məqalənin adı “Azərbaycan – sevgi və odlar yurdu” idi. Düşmən bizim bütün mətbuatımızı izləyir. Bu xanıma deyiblər ki, siz Azərbaycanda olmusuz, gəlin bir biz tərəfə də baxın. O, Ermənistana gedib, orada xarici işlər naziri Levon Mnatsakanyanla da görüşüb. Birinci sual belə olub ki, siz Arye Qutu tanıyırsız, ya yox? Xanım deyib ki, Arye Qut mənim yaxın dostumdur. Telefonla zəng etdi ki, Ermənistanın xarici işlər naziri ilə danışmaq istəyirsən? Mən dedim, sən ona de ki, Azərbaycan torpaqlarını işğaldan azad etsinlər, bundan sonra onunla danışaram. Mən belə cavab verəndə xanım jurnalistə dedi ki, biz Arye Qutu Ermənistana dəvət edirik. Yenə dedim ki, Azərbacan torpaqları işğaldan azad edilməyənədək mənim ayağım o ölkəyə dəyməyəcək. Bunu nəyə görə danışıram? Biz daha güclü çalışmalıyıq. Mən nə qədər iş görsəm də, kifayətlənmirəm. Düşünürəm ki, bundan da artıq iş görmək lazımdır. Buna bizim insani potensialımız, maddi resurslarımız da var. Bilirsiniz, ermənilərdə bu işlər çox koordinasiyalı görülür. Hər şeyi güdürlər. Real olaraq belədir. Təəssüf ki, biz düşmənlərimizi güdmürük. İnciməyin, amma mən bunu açıq deməliyəm.

İsrail-Azərbaycan əlaqələri doğrudan da çox yaxşıdır. Tərifləmək üçün demirəm, ancaq bu, real olaraq belədir. İsrailə gələn azərbaycanlılar da bunu hiss edir. Onlar özlərini tamamilə başqa bir mühitdə hiss edirlər.

O ki qaldı, bizim əlaqələrimizin digər sahələrinə... Mən çox istərdim ki, burda İsraillə birgə “Hi-Tech”, yəni yüksək texnologiyalar laboratoriyaları olsun. Düzdür, bu gün Belarusda , Ukraynada bu cür laboratoriyalar var, amma onlar hamısı bizdə çalışır. Onlar hamısı gəlib bizdə təcrübə toplayır, sonra onu faktiki olaraq başqa yerlərə satırlar. Öz oğlumdan misal çəkmək istəyirəm. Avielin 12 yaşı var. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan “Cisco” şirkəti ABŞ şirkəti olsa da, onun baş ofisi İsraildə yerləşir. ABŞ-dakı isə törəmə müəssisədir. Onlar ən ağıllı, vunderkind uşaqları seçirlər. İngilis dilini, riyaziyyatı və kompüteri yüksək səviyyədə bilməlidir. Bu üç prinsip varsa, uşaqları kursa götürürlər. Onlara 12 yaşından 17 yaşınadək hər həftə 2 dəfə kurs keçirlər. 17 yaşınadək kursu bitirir, ordan gedib İsrail Müdafiə Nazirliyində işləməyə başlayır. Bax bu, uğur formuludur.

Hər şey elmə, təhsilə bağlanır. Çalışmaq lazımdır ki, Azərbaycanda müdafiə, təhsil, səhiyyə yüksək səviyyədə olsun. İndi bu sahələr İsraildə ən yüksək səviyyədədir. Ancaq mən demirəm ki, İsrail yaranan gündən bu, belədir.

– İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasından sonra münasibətlərinin inkişafında hansısa axsamalar ola bilərmi?

– Bu fikirləri mən də eşidirəm. Deyirlər ki, Liberman getdi, bizim işimiz çətin olacaq. Deyirəm, bizim işimiz çətin olmayacaq. Bu, strateji bir yoldur. İsrail Dövləti Cənubi Qafqazda Azərbaycanı özünə müttəfiq seçib. İnanın ki, İranla bağlı olaraq Azərbaycanın da işi çox çətindir. İran Azərbaycana təzyiq göstərir. İsrailin müdafiə naziri Azərbaycanda 5 gün qaldı. İsrailin tarixində hələ bu cür hal olmamışdı ki, müdafiə naziri bir müsəlman dövlətində, nəinki müsəlman dövlətində, adi digər bir dövlətdə 5 gün qalsın. Düzdür, bu səfər İsraildə bayramlar vaxtına düşdü. Liberman dedi ki, 2 günlüyə gedirəm, 3 gün bayramı da Azərbaycanda qalaram. Maşallah, Libermanın Azərbaycanda dostları çoxdur. Ümumiyyətlə, o Azərbaycan xalqının böyük dostudur. Mən həmişə deyirəm ki, bizim diasporumuz Libermanla iş görməyəcəksə, o heç nəyə nail olmayacaq. Çünki bizim İsraildə ən böyük siyasi gücümüz Libermandır. Liberman da bunu yüksək qiymətləndirir.

Rəşad Sarıyev: – Sirr deyil ki, Ermənistan-Fələstin münasibətləri hər zaman yaxşı olub. Sizcə münasibətlərdəki bu istilik hardan qaynaqlanır?

– Bu gün İsraildə 10 minə yaxın erməni yaşayır. Həmin ermənilər İsrail Dövləti yaranmamışdan əvvəl orda olublar. Ermənistandan İsrailə köçən, qarışıq nikahlardan dünyaya gələn bəzi yəhudilər var ki, onlar faktiki olaraq daha çox erməni icmasının bir hissəsidir. Yerusəlimdə erməni məhəlləsi var. Fələstinin keçmiş lideri Yasir Ərəfat vaxtilə demişdi ki, ermənilər mənim xalqımdır. İndiki Fələstin lideri Mahmud Abbas da eyni leksikondan istifadə edir. Amma artıq qeyd etdiyim kimi, İsrail Dövləti bu regionda Azərbaycanı özünə müttəfiq seçib. 2016-cı ilin aprel döyüşləri erməniləri çox incitdi. Onlar inanmırdılar ki, İsrailin Azərbaycana bu qədər hərbi-texniki köməyi ola bilər.

S.Həmid: – İsrail-Fələstin münaqişəsinin hazırkı durumuna da qiymət verməyinizi istərdik...

– Sizə bir misal gətirim. Bu yaxınlarda xəstələnmişdim. Yatdığım xəstəxanada həkimlərin yarısı ərəblər idi. Bəzən İsraildə ərəblərə münasibətdə diskriminasiya olduğunu deyirlər. Əgər diskriminasiya varsa, onlar burda necə işləyirlər? İsraillilər qədər maaş alırlar, maaş məsələsində yəhudi-ərəb ayrı-seçkiliyi deyilən bir şey yoxdur. Təsəvvür edin, mənim oğlum 3 il hərbi xidmətdən sonra Tel-Əviv Universitetində oxuyanda təhsil haqqının 75 faizini dövlət, 25 faizini mən ödəməliyəm. Ərəblər isə hərbi xidmət keçmirlər. Baxmayaraq ki, bunu İsrail Dövləti ilə əlaqələndirirlər. Əksinə, İsrail Dövləti deyir ki, gəlin, əsgər də olun, bizimlə bir yerdə dövlət quruculuğunda iştirak edin. Yox, biz istəmirik. Yaxşı, istəmirsən, istəmə. Amma səhiyyə və digər sahələrlə bağlı bütün təminatlarını, tibbi sığortalarını dövlət ödəyir. Hətta, Qəzzadan xəstələri müalicə üçün İsrailə gətirirlər. HƏMAS-ın rəhbəri İsmayıl Haniyə zəng edib xahiş edir ki, mənim qardaşım oğlunu İsrailin ən yaxşı xəstəxanasında yerləşdirin. Baxmayaraq ki, bizdə bütün xəstəxanalar eyni səviyyədədir. Onun qardaşı oğlunu xəstəxanaya götürürlər. Haniyə özü isə bu tərəfdən İsrailə raket atır.

Bilirsiniz, mən demirəm ki, İsrail yüz faiz haqlıdır. Amma bu bir tarixdir ki, 2005-ci ildə İsrail Qəzzadan tamamilə çıxdı. Necə ki, biz Ermənistan-Azərbaycan münaqişəsindən danışanda Ermənistanın bütün əraziləri boşaltmalı olduğunu deyirik. 2005-ci ildə İsrail ordusu o ərazilərdən tamamilə çəkildi. Orda bir nəfər qalmadı. İsrail Qəzzada xeyli sayda kənd təsərrüfatı texnologiyası qoyub getdi. Qoydu ki, bu insanlar çalışsın, yaşasın, texnologiyalardan istifadə etsin. Bunlar nə etdilər? İsrail orda nə etmişdisə, hamısını darmadağın etdilər, yandırdılar və raketləri sərhədə düzdülər. Bu, Ariel Şaronun hərbi baxımdan böyük bir səhvi idi. Yəni, sən sənin ərazinə olan təhdidi gətirib düz ortaya qoydun. Amma faktdır ki, İsrail bunu etdi. İsrail fələstinlilərə deyir, yaşayın da, nə probleminiz var? Deyirlər ki, İsrail Qəzzanı blokadada saxlayır. Bunu Türkiyə də hərdən deyir. Bəlkə də bilmirsiniz, amma istəyirəm biləsiniz. Bu gün Qəzza bölgəsinə təbii qaz, elektrik enerjisi, içməli su, digər hər şey İsrail Dövlətinin büdcəsindən gedir. Biz – İsraildə yaşayanlar işığa, suya, qaza iki dəfə artıq pul xərcləyirik.

Problem ondadır ki, nə o tərəf – HƏMAS-la, nə də bu tərəflə - Mahmud Abbasla dil tapmaq olmur. O tərəf aydındır ki, onlar İran tərəfdən dəstəklənən bir rejimdir. Amma Mahmud Abbas özü bilmir ki, nə istəyir. Ona deyirlər ki, gəl sənə kömək edək, dövlət, dövlət orqanları yarat. Universitetlər qur, gənclərə təhsil ver. Təhsil var, amma o təhsil sistemi öyrədir ki, yəhudiləri qırmaq, İsraili zəbt etmək lazımdır. Baxmayaraq ki, heç bir başqa dövlət buna dözməzdi. Düz bir ay bundan qabaq HƏMAS İsrail ərazisinə 500 ədəd raket atdı. Dedilər ki, bunların pulları yoxdur. İsrail həm o blokadanı götürdü, sərhədi açdı, Qətərdən 15 milyon dollar pul göndərdilər. Pulu göndərən günün səhəri İsrailin ərazisinə 500 raket yolladılar. Liberman dedi ki, biz buna cavab verməliyik, baş nazir Netanyahu qoymadı. Belə olanda Liberman dedi ki, mən gedirəm. Müdafiə naziri kimi üstlərinə raket atılan insanların gözlərinə baxa bilmərəm.

– İran-İsrail münasibətləri barədə fikirləriniz nədən ibarətdir?

– Bilirsiniz ki, vaxtilə, yəni ayətullah rejimindən öncə İsraillə İran arasında çox yaxşı əlaqələr var idi. Bu əlaqələr hərbi, siyasi və iqtisadi olmaqla strateji xarakter daşıyırdı. Bu gün siz məndən yaxşı görür və eşidirsiniz ki, faktiki olaraq İran rejimi İsrail Dövlətinin Yaxın Şərqdə olmasını istəmir və onu “xərçəng şişi” adlandırır. Mən sizə açıq demək istəyirəm ki, İsraillə İran xalqı arasında heç bir problem yoxdur. Bu gün İranda 30 minədək, bəlkə bir qədər az – 20 minədək yəhudi yaşayır. Onlar böyük təzyiq altında, qorxu içində yaşayırlar. Onların işləri çox çətindir. Düzdür, onlar bizneslə məşğul olurlar, işlərində heç bir problem yoxdur. Bu gün İsraildə də İran kökənli yəhudilər yaşayır. Elə adamlar tanıyıram ki, onlar bu gün İsraildə fars dilində iranlı kimi danışırlar.

– İsraildə farslar yaşayırmı?

– Farslar yox, İran yəhudiləri yaşayırlar. Aydındır ki, bu problem region üçün böyük təhlükədir. Biz bunu başa düşürük. Bu gün Yaxın Şərqdə faktiki olaraq bir sünni zolağı var. Bu zolağa daxil olan Oman, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir İsraillə çox yaxın və sıx əməkdaşlığa çalışır. Onu da deyim ki, bu ölkələrin İsraillə münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində Bakı platformasından istifadə olunur.

Aydındır ki, İran İsraillə bu ölkələr arasında qarşıdırma yaratmaq üçün bütün vasitələrdən istifadə edir. HƏMAS-a dəstək göstərir, “Hizbullah” da faktiki olaraq İranın büdcəsindən formalaşan bir təşkilatdır. Bu real bir faktdır və İsrail üçün böyük bir təhlükədir. Ona görə də İsrail regionda özünə müttəfiqlər axtarır. Bu proses artıq formalaşmaq üzrədir. Yaxın Şərq çox çətin region olacaq. Qığılcımlar istənilən an alova çevrilə, alışıb yana biləcək. Yaxın Şərq içəridən yanır, o istənilən an partlaya bilər.

– İsrail-Türkiyə münasibətləri də son illərdə xoş günlərini yaşamır...

– Türkiyə ilə İsrail arasında siyasi baxımdan problemlər var. Baxmayaraq ki, mənim İsrailin Türkiyədəki səfiri Kamal Ökemlə çox yaxın dostluq əlaqələrimiz mövcuddur. Son vaxtlar əlaqələrdə yaranmış soyuqluğa baxmayaraq, iki ölkənin iqtisadi əlaqələri çox güclüdür. Deyim ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard dollar idisə, bu il 6 milyard dollara yüksəlib. Bu, çox böyük rəqəmdir. İsrail turistləri bütün dünyanı gəzsələr də, Türkiyəyə getməyi daha çox sevirlər. Elə mən özüm də ora – Antalyaya getməyi çox sevirəm. Baxmayaraq ki, İsrail kurortları da bəs edir, ancaq israillilər daha çox Türkiyəni sevir. Bilmirəm, yəqin ki, bu türk xalqına olan sevgidən irəli gəlir. Yəni, boş-boşuna deyil. Türkiyəyə xüsusi münasibət var. Ona görə də bu əlaqələri sahmana salmaq lazımdır. Bu gün Yaxın Şərq regionu o qədər çətin regiondur ki... İsrailə Türkiyə nə qədər lazımdırsa, o qədər də Türkiyəyə İsrail lazımdır. Onu da deyim ki, burda da Azərbaycanın rolu önəmlidir. Türkiyə ilə Rusiya arasında problemlər yaranmışdı və çözüldü. Mən inanıram ki, Azərbaycan xarici siyasətinin rolunu həm İsraildə, həm də Türkiyədə çox yüksək qiymətləndirirlər. İnanırıq ki, əlaqələr strateji səviyyəyə gəlib çatmasa belə normal siyasi dialoq olmalıdır. Bu, çox önəmlidir. Hər iki ölkə üçün önəmlidir. Aydındır ki, bu, Cənubi Qafqaza da təsir edir.

– Sentyabrın 17-də Suriya səmasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-20 hərbi kəşfiyyat təyyarəsinin vurulması Moskva-Tel-Əviv münasibətlərində də gərginliyə səbəb oldu...

– İsraillə Rusiya arasında əlaqələr o hadisəyədək çox yaxşı idi və faktiki olaraq iki tərəfdən hərbçilər rusca danışırdı. Tərcümə lazım olmurdu. Bütün bu problemlər çözülürdü. Düzdür, bu gün Rusiya mətbuatı və ekspertləri İsrailin günahkar olduğunu deyirlər. Amma hamı başa düşür ki, o hadisə Rusiya zabitləri ilə Suriya zabitlərinin böyük səhvi idi. O hadisənin baş verməsində İsrailin heç bir günahı yox idi. Deyirlər ki, İsrail əməliyyata bir dəqiqə qalmış Rusiya tərəfini xəbərdar edib. Siz buna inanırsız? Mən buna inanmıram. O boyda İsrail Dövləti ola, o boyda generalitet ola, bir dəqiqə qalmış deyə ki, mən indi vuracam. Açığı, bir qədər gülməli səslənir.

Bu gün Rusiyada anti-İsrail isteriyası yaşanır. Amma buna baxmayaraq, Netanyahu çalışır ki, qırmızı xətt keçilməsin. Onun Putinlə öz əlaqələri var. Netanyahunun xarici siyasətdə ən böyük uğuru o oldu ki, Putinlə çox yaxşı şəxsi əlaqələr yarada bildi. Bu əlaqələrdən istifadə edərək, böyük konfliktlərdən yayınmaq mümkün oldu.

Ruslan Xəlil: – Səhv etmiriksə, İsrail Qərbin Rusiyaya qarşı sanksiyalarında iştirak etmir...

– Bəli, iştirak etmir. Hətta, İsraildə deyirlər ki, Trampın Yaxın Şərq bölgəsində bütün əlaqələri Netanyahudan keçir. Netanyahu hər iki liderlə faydalı dialoq qurmağa nail olub.

Sonda bir daha onu demək istəyirəm ki, mən İsraildə yaşasam da, ürəyim Azərbaycanla döyünür. Mən Azərbaycanı sevən bir insanam. Bu bir fakt olaraq belədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR