AQTA üzərində tarixi yanlış qeyd olunan “pryanik”in satışına münasibət bildirib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkədə üzərində tarixi yanlış qeyd olunan “pryanik”in satışı ilə bağlı məsələyə münasibət bildirib.
AQTA-dan “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, “Yeyinti məhsulları haqqında” qanunun 11-ci maddəsinə əsasən, yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləməlidir.
Agentliyin cavabında bildirilib ki, etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır:
“Hər bir istehsalçı bu məlumatların düzgün və dolğun olmasına görə məsuliyyət daşıyır. Məhsulun köhnə olması ilə bağlı bidiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 16-cı maddəsinə əsasən, növbədənkənar yoxlama insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi məlumatlar daxil olduqda aparılır. Odur ki, sözügedən mövzuda faktlara əsaslanan müraciət daxil olduqda Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət