Slimfit
  1. MEDİA

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
Sakura

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Gündəlikdə duran birinci məsələ, beş cilddə nəşr edilməsi nəzərdə tutulan “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib. Kitabın ideyası, məzmunu, strukturu, redaksiya və müəlliflər heyəti haqqında geniş müzakirə aparıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev nəzərdə tutulan çoxcildliyin baş redaktoru və 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın 75 illik yubileyi ilə bağlı Tədbirlər planı haqqında olub. Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini iclas iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatları, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələri tərəfindən təqdim edilən təkliflər əsasında Tədbirlər planı hazırlanmışdır. Tədbirlər planı və onun icrasından irəli gələn məsələlər geniş  müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Daha sonra “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın  icrası ilə bağlı Tədbirlər planı haqqında danışan AMEA-nın akademik-katibi Əminağa Sadıqov proqramın əsas məqsədlərindən söz açıb. Proqramın mövcud elmi-texniki potensialın qorunması, inkişaf etdirilməsi, elmin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi sistemlərinin təkmilləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə yönəldilməsi, elmlə təhsilin inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi kimi məqsədləri özündə ehtiva etdiyini bildirib. Tədbirdə AMEA Rəyasət Heyətinin 28 dekabr 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş inkişaf proqramının icrasına dair Tədbirlər planı geniş müzakirə olunduqdan sonra təsdiq edilib.

İclasın gündəliyində duran növbəti məsələlər yubileylərlə əlaqədar olub. Belə ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illik yubileyi, Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri, akademik Adil Qəribov və AMEA-nın  müxbir  üzvü  Əbülfəz Quliyevin 70 illik yubileylərinin, həmçinin SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 120 illik yubileyinin keçirilməsi qərara alınıb.

Sonra AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrində qoyulmuş vəzifələrin həyata keçirilməsi üzrə AMEA-nın 2019-2020-ci illərə dair Tədbirlər Planı”nın icrasından danışaraq Tədbirlər planının 2019-cu ildə icra vəziyyəti barədə məlumat verib. Məlumatlar Rəyasət Heyəti tərəfindən nəzərə alınaraq AMEA müəssisələrinin bu istiqamətdə fəaliyyəti dəyərləndirilib, müvafiq qərar qəbul edilib.

Digər məsələ, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlı olub. AMEA-nın vitse-prezidenti, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev bölmənin ümumi yığıncağında seçilmiş 13 nəfərdən ibarət yeni tərkib haqqında məlumat verib. Məsələ müzakirə olunduqdan sonra tərkib təsdiq edilib.  

Gündəlikdə yer alan növbəti elmi-təşkilati məsələ, AMEA-nın Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova danışıb, məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

Daha sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfrans barədə məlumat verib. O, son illərdə ölkəmizdə aparılan gənclər siyasətindən, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən, AMEA-da intellektual gəncliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Akademik-katib bildirib ki, sözügedən konfrans Azərbaycan gəncliyinin avanqard hissəsi olan intellektual gəncliyin öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi, onların beynəlxalq elmi əməkdaşlıq proseslərində yaxından iştirakı baxımından xüsusi əhəmiyyətə malikdir.

Digər qərar doktorant və dissertantların AMEA-nın elmi müəssisələrinə köçürülməsi haqqında olub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ləğv olunmuş Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin bir qrup doktorant və dissertantlarının fəlsəfə doktoru hazırlığı üzrə təhsillərini davam etdirmək üçün AMEA-nın müvafiq institutlarının doktorantura və dissertanturasına köçürülməsi ilə bağlı qərar qəbul olunub.

İclasda digər bir qərarla AMEA-da ödənişli əsaslarla fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə, habelə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün doktorantura və dissertanturada müvafiq ixtisaslar üzrə təhsil haqqının illik məbləği təsdiqlənib.

Sonda kadr məsələlərinə baxılıb. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub. Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR