Slimfit
  1. MEDİA

AMEA Rəyasət Heyətinin bəyanatı

AMEA Rəyasət Heyətinin bəyanatı
Sakura

AMEA Rəyasət Heyətinin bəyanatı

Azərbaycan alimləri bütün ictimaiyyətimiz kimi son aylarda Azərbaycan cəmiyyətini parçalamaq, xalqla dövlət arasında nifaq salmaq istiqamətində cərəyan edən prosesləri dərin narahatlıq hissilə müşahidə etməkdədir. Bu prosesin sifarişçiləri və icraçıları ayrı-ayrı sosial qrupların üzləşdiyi problemlərə, bəzi hallarda məmur məsuliyyətsizliyindən qaynaqlanan arzuolunmaz hadisələrə, həmçinin müxtəlif ideoloji baxışları olan şəxslərin fikir ayrılıqlarına hər vəchlə siyasi çalar verməyə, fərdi narazılıq hallarını ümumiləşdirərək rəsmi orqanlara qarşı yönəltməyə çalışırlar. Ölkəmizdə 44 günlük Vətən müharibəsinin gedişində ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və müzəffər ordumuzun misilsiz şücaəti hesabına qazanılmış ümummilli vəhdəti pozmaq naminə canfəşanlıq edənlər öz məqsədlərinə çatmaq üçün heç bir vasitədən çəkinmirlər. Belələri üçün mənəviyyət amili mövcud deyil. Onların mübarizə vasitəsi kimi söyüşə, təhdidə, böhtana, təxribatçı çağırışlara üstünlük verməsi bunun bariz sübutudur.

Təəssüf ki, bəzi hallarda dövlət strukturlarının nümayəndələri öz passivlikləri, etinasızlıqları ilə belə təxribatlara geniş meydan verir, ölkəmizin simasını layiqli şəkildə müdafiə etməkdə acizlik göstərirlər. Azərbaycan alimləri dövlətimiz üçün həssas olan belə bir məqamda vətəndaşlıq və ziyalı mövqeyindən çıxış etməyi özünə borc bilir.

Müstəqillik tariximizin bu taleyüklü mərhələsində qazandığımız tarixi Qələbənin nəticələrini möhkəmləndirmək, dağılmış ərazilərimizi bərpa etmək işində dövlətimizə dəstək vermək əvəzinə, dağıdıcılıq və təfriqə yolunu tutanların Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan təxribatlar haqqında düşünmələri faydalı olardı. ABŞ Prezidenti Co Baydenin saxta erməni soyqırımını tanıması, Rusiyanın Dağlıq Qarabağda təzadlı davranışları, Fransa rəsmilərinin isə Dağlıq Qarabağın tanınmasının zəruriliyi fikrini intensiv şəkildə hallandırması yaxın gələcəkdə Azərbaycan üçün ciddi çətinliklər vəd edir. Qeyd edilən proseslərin həm Azərbaycan, həm də qardaş Türkiyə üçün ciddi fəsadlarının olacağına heç kəsin şübhəsi olmamalıdır. Görünən odur ki, böyük güc mərkəzləri XX əsrin əvvəllərində olduğu kimi, indi də erməni kartından güclənməkdə, öz maraqlarını müdafiə etməkdə olan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək niyyətindədirlər. Ümid edirik ki, Avropanın və ABŞ-ın ədalətinə, humanizminə kor-koranə, sadəlövhcəsinə inananlar, özləri üçün Qərb strukturlarından mədət umanlar da baş verənlərdən lazımi nəticələr çıxaracaqlar. Həmin şəxslər nəhayət başa düşəcəklər ki, Azərbaycanla bağlı böyük dövlətlərin maraqlarının əsasını ölkəmizin təbii sərvətləri və onun əlverişli geosiyasi marağı təşkil edir. Cəmi 29 il bundan əvvəl Xocalıda bütün dünyanın gözü önündə vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların faciəsinə laqeyd qalan, heç bir ciddi dəlil-sübutu olmayan erməni miflərini isə soyqırım adlandıranların xalqımıza dost olacağı şübhəlidir. 

Belə vəziyyətdə siyasi baxışlarımızdan, əqidəmizdən və sosial mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin ümdə vəzifəsi doğma Azərbaycanımızı qorumaqdır. Ölkəmizin ətrafında təhlükəli geosiyasi oyunların getdiyi bir vaxtda böyük təhlükəni görməmək, Vətənin mənafelərini xırda siyasi, yaxud maddi mənfəətlərə qurban vermək yolverilməzdir. Vətənin taleyini düşünməmək, onun çətin məqamında vəzifə və sərvət davası etmək kimliyindən asılı olmayaraq hər kəs üçün utancvericidir.

Vətən müharibəsinin bitdiyini zənn edənlər aldanmasınlar. Doğrudur, müharibənin aktiv hərbi fazası başa çatıb, lakin ideoloji-siyasi və informasiya mübarizəsi hələ qarşıdadır. Cəmiyyətimiz bu mübarizəyə də hazır olmalı, düşmən qarşısına vahid, bölünməz qüvvə kimi çıxmalıdır. Azərbaycanın gələcək taleyi məsələsində müxalifət və iqtidar yoxdur. Unutmayaq ki, Azərbaycanın müstəqilliyini həzm etməyənlər, onu xəritədən silmək istəyənlər hələ də var.

Mövcud reallıqlardan çıxış edərək, biz cəmiyyətimizi vəhdətə və birliyə çağırırıq. Xalqımızın nümayəndələrinin bir-birini təhqir və şantaj etməsi, alçaltması, ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsi yolverilməzdir. Belə hallar Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış milli xüsusiyyətlərinə, mənəvi dəyərlərinə tamamilə ziddir.

Eyni çağırışla biz dövlət vəzifələrində çalışanlara da müraciət edirik. Cənab Prezident hər hansı məmuru yüksək dövlət vəzifəsinə təyin edərkən ondan ilk növbədə dövlətin və vətəndaşların mənafelərini qorumağı tələb edir. Öz növbəsində məmurlar da onlara göstərilən yüksək etimadı doğrultmalı, xalqın problemlərinin həlli üçün səylə çalışmalıdırlar. Onlar başa düşməlidir ki, öz fəaliyyətlərilə sabitliyə, rifaha və tərəqqiyə xidmət etməli, vətəndaşları dövlətdən narazı salmamalıdır.

Bir daha AMEA kollektivi adından ölkəmizdə gedən islahatlar və yenilənmə prosesinə dəstək verdiyimizi bəyan edir, dövlətimizə qarşı yönələcək bütün təhdidlərlə mübarizədə cənab Prezidentin yanında olduğumuzu bildiririk. Alimlərimiz bundan sonra da milli birliyin, xalq-dövlət vəhdətinin təmin edilməsinə öz əməli töhfəsini verəcəklər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR