AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA-nın Rəyasət Heyəti və Bakı Dövlət Universitetinin Elmi şurasının birgə iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Öncə akademik Akif Əlizadə Prezident İlham Əliyevin 13 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunan AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevə ordenini təqdim edib.
Sonra iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" mövzusunda məruzəsi dinlənilib. Müzakirədən sonra qəbul olunan qərara əsasən innovativ elm sahəsi olan nanotexnologiyanın əhəmiyyətini nəzərə alaraq, aparılan multidissiplinar tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab olunub. Qərarda respublikada nanomateriallar sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi və elmi araşdırmaların hazırkı vəziyyətini müəyyən etmək məqsədi ilə AMEA, BDU və bu istiqamətdə tədqiqat aparan digər müəssisələrlə prioritet istiqamətlər üzrə müştərək meqalayihənin hazırlanması üçün işçi qrupun yaradılması da yer alır.
Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlarla bağlı olub. Akademik Akif Əlizadə hesabatların işlənməsi üçün metodiki təlimatın hazırlandığını vurğulayaraq, hesabatların müəyyən olunmuş formalarda Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə təqdim etməyi tapşırıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən səmərəli istifadə edilməsi haqqında olub. Rəyasət Heyəti məsələ ilə bağlı müzakirə aparıb. AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması məqsədəuyğun hesab edilib. Bununla bağlı təkliflərə baxılması üçün komissiya yaradılıb.
Digər qərarla AMEA Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2018-2020-ci illər üzrə kollektiv Saziş təsdiq edilib.
İclasda həmçinin AMEA əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətin tərkib hissəsi olaraq onların istirahətinin səmərəli təşkili üçün binalardan effektiv istifadə edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Rəyasət Heyəti AMEA-nın magistrant və doktorantlarının tədris müddəti ərzində yaşayış yeri ilə təmin edilməsi və bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə də tapşırıq verib.
Bundan əlavə, qərarla AMEA-nın Neft və Qaz, Torpaqşünaslıq və Aqrokimya institutlarının strukturunda qismən dəyişiklik edilib. Həmçinin AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.
Rəyasət Heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin yaradılması məsələsini müzakirə edərək təsdiq edib.
Sonda kadr məsələlərinə baxılıb. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba bölgə təcrübə bazasının direktoru təyin edilib. Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinə də müvafiq kadrlar təyin olunub. Mərkəzin rəhbərinin vəzifə səlahiyyətlərinin icrası AMEA İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevə həvalə edilib.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət