AMEA-nın prezidenti Əfqanıstanın ölkəmizdəki səfiri ilə görüşüb
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Xeyrullah Spelenay ilə görüşüb. Görüşün keçirilməsində əsas məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Əvvəlcə akademik Akif Əlizadə Azərbaycan-Əfqanıstan əlaqələrinin tarixindən, iki ölkə arasında iqtisadi, humanitar və digər sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən söhbət açıb.
Alim Azərbaycan elminin dünya elminə və təhsil sistemlərinə inteqrasiyasından danışaraq, AMEA-da gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirildiyini bildirib. Əfqanıstanlı gənc tədqiqatçıların, doktorant və dissertantların prioritet istiqamətlər üzrə AMEA-da təcrübə keçməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Səfir X.Spelenay səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edən diplomat ölkəmizin inkişaf təcrübəsinin Əfqanıstan üçün vacib olduğunu söyləyib.
Əfqanıstanda 175 ali təhsil müəssisənin fəaliyyət göstərdiyini deyən səfir ölkəsinin təhsil qurumları və Elmlər Akademiyası ilə AMEA arasında əlaqələrinin qurulmasının zəruriliyini vurğulayıb, bu işdə səfir kimi əlindən gələni əsirgəməyəcəyini deyib.
Görüşdə tərəflər arasında müxtəlif elm sahələri üzrə əməkdaşlığın imkanları müzakirə edilib, iki ölkənin elmi qurumları arasında anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.
Sonda xatirə şəkli çəkilib.
AMEA Rəyasət Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət