Slimfit
  1. MEDİA

AMEA Mərkəzi Elmi Kitabxananın 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib

AMEA Mərkəzi Elmi Kitabxananın 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib
Sakura

AMEA Mərkəzi Elmi Kitabxananın 2018-ci ildəki fəaliyyəti yüksək qiymətləndirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2018-ci ildəki fəaliyyətinə dair hesabat iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq kitabxanada oxuculara göstərilən müasir xidmətlər sisteminin, fondlara daxil edilən yeni qiymətli sənədlərin, kolleksiyaların, Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə gerçəkləşdirilən müxtəlif formatlı layihələrin, Milli Rəqəmsal Yaddaş (MRY) layihəsinin, UNESCO işçi qrupunun üzvü qismində fəaliyyətin, ictimaiyyətlə əlaqələrin, beynəlxalq akademik qurumlarla əməkdaşlığın, yeni layihələrin, tədbirlər də daxil olmaqla kitabxananın 2018-ci il ərzində fəaliyyətinin ən yüksək qiymətə layiq olduğunu bildirib. Akademik İsa Həbibbəyli daha sonra vikipedia fəaliyyətinə toxunub, MEK-in Vikipedia Metodik Mərkəzinin yüksək rəqabət qabiliyyətli quruma çevrildiyini qeyd edərək, informasiya təhlükəsizliyinin təmin olunması, onun bir neçə dildə paylaşılması istiqamətində çalışmalarını yüksək qiymətləndirib, gələcəkdə vikipedia təlim şəbəkəsinin genişləndirilməsini təklif edib. O, MRY-da yeni “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları”, “AXC dövründə xaricə təhsil almağa göndərilən və məzarı tapılmayan tələbələr” siyahılarını, yalnız MEK-də mövcud olan Turfan tapıntılarına məxsus mətnlərin əks olunduğu alman dilində nəşrləri, 1911-ci ildə Bakıda ərəb qrafikası ilə Azərbaycan dilində çıxan “Həqiqəti Əfkar” ədəbi, siyasi-ictimai türkcə müsəlman qəzetini xüsusi təqdir edib. Akademik Nadir Fondda mühafizə olunan sənədlərin vahid kataloqunun hazırlanıb istifadəyə verilməsini tövsiyyə edib.

Tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova təqdimatla çıxış edərək ilk növbədə 2017-ci ilin hesabatının müzakirəsi zamanı səslənən tövsiyyələrin həyata keçirildiyini qeyd edib və 2018-ci ildə görülən işlərdən danışıb. Bildirib ki, MEK-in fəaliyyəti ölkə Prezidentinin, Nazirlər Kabinetinin fərman və sərəncamlarının, dövlət proqramlarının, AMEA-nın qərar və sərəncamlarının, eləcə də MEK-in strateji hədəflərinin, yeni layihə və təşəbbüslərinin üzərində qurulub.

L.İmanova qeyd edib ki, 2018-ci ildə ümmumilli lider Heydər Əliyevin anadan omasının 95 illiyi münasibətilə “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” adlı elektron resurs hazırlanıb oxucuların istifadəsinə verilib. Resursa MEK-in MRY bazasında mühafizə olunan Heydər Əliyevə aid 1000-dən çox sənədin elektron reyestri, məlumat bazası, MEK-in hazırladığı video-film daxil edilib. MEK-in Sərgi salonu və Akademiklər zalında Heydər Əliyevin görkəmli siyasi xadim kimi həyat və yaradıcılığını əks etdirən, eləcə də özünün müəllifi olduğu sənədlər kolleksiyası yeni daxil olan əsərlərlə zənginləşdirilib. Leyla İmanova Vikipediya ensiklopediyasında 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin  hakimiyyətə qayıdışı üçün açıq və fəal mübarizəyə səsləyən müraciətə imza atmış, YAP-ın “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalı haqqında “91-lər” adlı məqalə və www.mek.az saytında və MEK-in qeydiyyatda olduğu bütün sosial şəbəkələrdə “Heydər Əliyev 95 illik” başlığı altında mütəmadi məlumatların paylaşılmasını eləcə də MEK, YAP Yasamal rayon təşkilatı, “Yeni Azərbaycan” qəzeti, AMEA Qadınlar Şurası ilə birgə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbirlərinin keçirildiyini diqqətə gətirib.

            2018-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında”, “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında”, “Qara Qarayevin 100 illik yubileyi haqqında” Sərəncamlarının icrasına dair fəaliyyətlə bağlı məlumat verən L.İmanova “AXC – 100”, “Milli yaddaşımıza qaytarılan AXC irsi (Türkiyə arxivləri əsasında)”, “Azərbaycan Silahlı Qüvvələri-100” və “Milli Mətbuat informasiya bloku” adlı kolleksiyaların yaradıldığını, e-kataloq və rəqəmsal baza ilə təmin edildiyini, ictimaiyyətə təqdim olunduğunu, tədbirlər, sərgilər keçirildiyini bildirib. Bundan əlavə, “Vikipediyada AXC ayı” çərçivəsində müxtəlif dillərdə 500-dən çox məqalə yaradıldığını, redaktə edildiyini, Bakı şəhərindəki 100 məktəb arasında “Səndən qeyri biz hamımız ölə billik...” şuarı altında “Vətənim Azərbaycan” şeir qiraəti müsabiqəsinin keçirildiyini, Şamaxı, Qusar rayonu kəndlərinin orta məktəblərinin kitabxanalarına “Açıq Kitabxana” layihəsi çərçivəsində AXC-yə, o cümlədən Azərbaycan tarixi və mədəniyyətinə dair ədəbiyyat nümunələrinin təqdim edildiyini, Qobustandakı naməlum türk əsgərinin məzarı ətrafında rəmzi olaraq 100 ağac əkildiyini, bir sıra dövlət əhəmiyyətli tədbirlərə MEK tərəfindən təşkilatı və informasiya dəstəyinin verildiyini diqqətə çatdırıb. 

            Kitabxanalar üçün 20 il öncə aktuallıq kəsb edən problemləri müasir kitabxana-informasiya problemləri ilə müqayisə edən L.İmanova MEK-in strateji hədəflərinin məhz müasir dövrün çağırışları üzərində qurulmasını vurğulayıb. Bildirib ki, oxucuların və mənbələrin artan sayı, eləcə də müasir kitabxana xidmətləri sistemi 20 il öncəki məqsəddən kitabxana infrastrukturunda adi iş rejiminə çevrilib. MEK bu infrastruktur üzərində yeni məqsədlər və çağırışlar reallaşdırır. İnformasiyanın kiber və kontent təhlükəsizliyi, sərbəst ensiklopedik resurslarda, milli yaddaş və vahid idarəetmə sistemi layihələrində tətbiq edilməsi, kitabxananın akademik icmanın mərkəzinə çevrilməsi, kitabxanada mühafizə edilən və oxucuların istifadəsinə verilən sənədlərin müəllif hüquqlarının qorunması, küllü sayda sənədlər arasında etibarlı, elmi informasiya mənbələrinin düzgün seçilməsi və təqdim olunması kimi mövzular 2018-ci ildə aktuallıq kəsb edən məsələlərdir. Vurğulanıb ki, ilk dəfə olaraq, Elmin İnkişafı Fondunun dəstəyi ilə server yaddaşından optimal istifadə alqoritmi hazırlanıb, MEK-in e-kataloq formatı UNESCO işçi qrupu tərəfindən “Məzarlar” layihəsi üçün təsdiq olunub, eləcə də Nazirlər Kabinetinə 1046 kitab abidələri MEK tərəfindən yeni, çevik və ekonomik reyestr formatında işlənilib təqdim edilib, “İnformasiyanın kontent təhlükəsizliyi” alqoritmi ictimaiyyətin müzakirəsinə təqdim olunub.  

            Hesabatda MRY bazasının qeydiyyat, rəqəmsallaşdırma, qorunub saxlanılma proseslərinin işlək səviyyəyə gətirilməsi haqqında da məlumat verilib. Bildirilib ki, Elmin İnkişafı Fondunun dəstəyi ilə davam edən MRY layihəsinin mövcud xarici layihələrdən fərqli olaraq, bazasında əsasən akademik strukturlar tərəfindən Milli yaddaşa daxil edilməsi məqsədəuyğun sayılan və tövsiyə olunan elmi əsərlər toplanılıb. Keçirilmiş təqdimatlar və mediada işıqlandırılma sayəsində MRY layihəsinə geniş diqqət cəlb edilib. Nəticədə bir sıra dövri mətbuat orqanlarının rəqəmsal arxivləri, bir çox nadir nəşrlər MEK-ə təmənnasız təqdim olunub. Həmçinin MEK-ə təcrübə üçün gələn tələbələrə ümumi kitabxana-informasiya hazırlığı ilə yanaşı MRY, VİS, SER və başqa layihələrə dair təcrübi biliklər verilib, təcrübə və seminar proqramına Milli Rəqəmsal Yaddaş məlumat bloku daxil edilib. Qeyd edilib ki, səfirliklər tərəfindən verilən 221 sənəd, o cümlədən  Azərbaycanın elm və mədəniyyət xadimləri, AMEA-nın həqiqi üzvlərinə aid bio-bibliqorafik göstəricilər hazırlanaraq MRY bazasına əlavə edilib. Kitabxananın oxucu sayının 5000-i keçdiyini, 40-dan çox ölkənin 250-ə yaxın təşkilatı ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib. L.İmanova gələcəkdə görülməsi planlaşdırılan işlərdən də danışıb.

            Hesabat iclasında peşəkar kadr axını, təhlükəsizlik, sənədlərin bərpa və konservasiyası, informasiyanın əlaqələndirilməsi kimi problemlər müzakirə edilib.  

            Sonda Mərkəzi Elmi Kitabxananın daha da inkişaf edəcəyinə inandığını söyləyən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2018-ci ildəki fəaliyyəti və hesabat təqdimatını bir daha yüksək qiymətləndirməklə iclasa yekun vurub.

 

 

AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR