Slimfit
  1. MEDİA

AMEA-da “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib

AMEA-da “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib
Sakura

AMEA-da “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar…

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbadulla Ağayev, Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, baytarlıq elmləri üzrə fəlsəfə doktoru Sialə Rüstəmova, müvafiq sahələr üzrə tanınmış alim və mütəxəssislər iştirak ediblər.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bugünkü tədbirin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə elmi ictimaiyyətin maarifləndirilməsi məqsədilə təşkil olunduğunu deyib, ölkədə yeni növ koronavirusun yayılmasına qarşı dövlətimiz tərəfindən görülən müxtəlif qabaqlayıcı tədbirlərdən, rəsmi orqanlar tərəfindən verilən məlumatlara əsaslanmağın vacibliyindən, problem ətrafında süni təşviş yaradılmasının ziyanlarından danışıb.

Sonra gündəlik üzrə məruzələrin dinlənilməsinə başlanılıb. “Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər” mövzusunda məruzə ilə çıxış edən akademik İradə Hüseynova viruslar, onların mənşəyi, yaranması və yayılması, davamlılıq mexanizmləri, həmçinin yoluxucu xəstəliklərlə mübarizə yolları barədə ətraflı məlumat verib. Ən son statistikaya görə dünyanın 81 ölkəsində koronavirusla (COVİD-19) 93574 yoluxma və 3204 ölüm halının olmasından danışan alim insanın virus infeksiyalarından və sintetik viruslardan da bəhs edib. O, həmçinin koronavirusun həyat tsikli, genom tərkibi və filogenetik ağacı, SARS və ona bənzər epidemiyalara qarşı 2019-nCoV-un amin turşu əvəzləmələri barədə danışıb.

Sonra AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, bir neçə il ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzində çalışmış Aytən Ağayevanın ümumən patogenlər, onların növləri, təhlükə səviyyələri, təsir mexanizmləri, törətdikləri xəstəliklər və məsələlərə eksperimental yanaşmalar mövzusunda məruzəsi dinlənilib.

Baytarlıq elmləri üzrə fəlsəfə doktoru Sialə Rüstəmovanın SARS-Co-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri haqqında təqdimatı maraqla qarşılanıb.

Daha sonra professor İbadulla Ağayev Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı görülən işlərdən söz açıb. Baş infeksionist qeyd edib ki, karantin xəstəlikləri ilə mübarizədə Azərbaycan istənilən maliyyə və texniki imkanlara, yüksək hazırlıqlı kadr potensialına malikdir. Ölkədə mövcud olan Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi bu mənada xarici ekspertlər tərəfindən çox yüksək qiymətləndirilib. Natiq, həmçinin jurnalistləri və sosial şəbəkələrin fəallarını Azərbaycanda koronavirus epidemiyası haqqında danışarkən ehtiyatlı və məsuliyyətli olmağa, yalan şaiyələrin yayılmasına yol verməməyə çağırıb.

Növbəti məruzəçi AMEA-nın müxbir üzvü Pənah Muradov cəmiyyət arasında böyük maraq doğuran daha bir problem – patologiyaların törədicilərinin miqrasiya yolları və biotəhlükəsizlik prinsipləri haqqında danışıb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov isə “Viruslarla bağlı risk menecment və ictimayiyyətin cəlb edilməsi: qabaqlayıcı tədbirlər və fövqəladə vəziyyət zamanı mümkün senarilər” adlı məruzə ilə çıxış edib.

Seminarın sonunda aparıcı alimlər seminar iştirakçılarının suallarını cavablandırıblar.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR