AMEA “Clarivate Analytics” təşkilatı ilə növbəti əməkdaşlıq müqaviləsi imzalayacaq
Bakıda səfərdə olan “Clarivate Analytics” agentliyinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovla görüşüblər.
Görüşdə AMEA ilə “Clarivate Analytics” təşkilatı arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyanın bütün elmi müəssisə və təşkilatlarından alim və mütəxəssislərin “Web of Science” bazasından geniş istifadə etdiyini bildirib və baza məlumatları əsasında AMEA-nın statistik və analitik göstəricilərinin əvvəlki illərlə müqayisədə keçən il daha yüksək olduğunu qeyd edib. “Clarivate Analytics” təşkilatı ilə fəal əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayan akademik-katib növbəti ildə də AMEA-nın göstəricilərinin yüksək olacağına əminliyini ifadə edib.
Sonra təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov “Web of Science” bazasında AMEA ilə bağlı elmi-analitik məlumatları diqqətə çatdırıb və ümumilikdə bu bazada elmi əsərlərin sayına görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ön sırada yer aldığını bildirib.
“Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə AMEA-nın elmi jurnallarının bu bazanın tələblərinə uyğun təkmilləşdirilməsi üçün təşkilatın ekspertləri tərəfindən xüsusi seminarların təşkil ediləcəyini, eyni zamanda “Web of Science” məlumat bazasının yeni imkanlarından istfadəsinə dair təlimlərin keçiriləcəyini vurğulayıb.
Daha sonra “Clarivate Analytics” təşkilatı ilə növbəti illər üçün müqavilənin hazırlanması və imzalanmasına dair fikir mübadiləsi aparılıb, sənəddə yer alacaq məsələlər müzakirə edilib.
Görüşdə AMEA Rəyasət Heyəti aparatı Elm və təhsil baş idarəsinin rəisi Fail Kazımov da iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət