Alman mütəxəssislər Azərbaycanın su təsərrüfatı işçilərinə təlim keçib
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında Almaniyanın Lüdviqshafen şəhərinin tullantı suların emalı və analizləri laboratoriyasının mütəxəssislər tərəfindən təlim keçirilib.
“Azərsu” ASC-dən "Report"a verilən məlumata görə, təlim Azərbaycan ilə Almaniya arasında imzalanmış Sumqayıt və Lüdviqshafen şəhərlərinin qardaşlaşmış şəhərlər elan olunması barədə memorandum çərçivəsində təşkil olunub.
İşçilərin peşəkarlığının artırılmasına hesablanmış təlimdə Mərkəzi Laboratoriyanın, “Birləşmiş Sukanal” MMC-nin, “Sumqayıt Sukanal” İdarəsinin, “Göygöl Sukanal” İdarəsinin, Hövsan Aerasiya Stansiyasının mütəxəssisləri iştirak edib. Təlim Lüdviqshafen şəhərindəki tullantı suların emalı və analizləri laboratoriyasının mütəxəssisləri - Kristian Keyt və Kristina Veys tərəfindən keçirilib.
Təlimdə tullantı sularının təmizləmə mexanizmi, qurğuların istismarı və laboratoriya analizləri barədə geniş nəzəri biliklər verilib, diskussiyalar aparılıb. Qonaqlar Almaniyada mövcud olan yerli tullantı sutəmizləyici qurğularının iş prinsipi, onların istismar müddəti və təmizlənmiş suyun keyfiyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Manheym şəhərində tullantı suları yüksək standartlara cavab verən tullantı sutəmizləyici qurğuda təmizləndikdən sonra kömür filtrlərdən keçirilərək təhlükəsiz şəkildə Reyn çayına axıdılır. Almaniyalı mütəxəssislər həmin qurğuda fəaliyyət göstərən və yüksək texniki təchizatla təmin olunmuş laboratoriyanın iş fəaliyyəti, strukturu, həmçinin tullantı sularının standartları və testlər barədə geniş məlumat veriblər. Bildirilib ki, Almaniyada fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin kanalizasiya xətlərinə axıtdıqları tullantı sularının da tərkibinə ciddi nəzarət olunur. Həmin sulardan götürülən nümunələr əsasında aparılan analizlərə əsasən, normativlərin tələblərini pozan müəssisələr cərimələnir.
Təlimdə laborator təhlillərin aparılması, tullantı sularının keyfiyyət parametrləri, qeyri-müəyyənliklərin hesablanması və laboratoriyanın strukturunun tənzimlənməsi məsələləri barədə geniş məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət