Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
=
Sentyabrın 16-da Hyatt Konfrans Mərkəzində Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, palatada təmsil olunan işadamları və səfirliyin nümayəndələri iştirak ediblər.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və tədbirin məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük islahatları prosesində innovativ həllər" mövzusunda çıxış edərək, gömrük sistemində aparılan islahatların mahiyyəti, bu islahatların kontekstində həyata keçirilən innovativ layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Komitə sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının İmpuls tədbirinin gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaranmasına, gömrük sisteminin təkmilləşdirilməsi ilə bağlı bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyən edilməsinə və dayanıqlı həllərin işlənib hazırlanmasına xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaratdığını bildirən DGK sədri gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırıldığını, gömrük prosedurlarının, malların sərhədkeçmə prosesinin sadələşdirildiyini, sürətli ticarətin təmin edildiyini vurğulayıb və bütün bu nailiyyətlərin, eyni zamanda informasiya texnologiyalarının tətbiqi ilə əldə olunduğunu diqqətə çatdırıb. Bu gün biz fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın gömrük sistemi artıq Avropanın ən qabaqcıl dövlətləri ilə müqayisə olunacaq informasiya və texnologiyalar mərkəzi formalaşdırıb.
Xüsusilə, son illərdə dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlara toxunan Komitə sədri qısa idxal bəyannamələrinin, risk analizlərinin və "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını qeyd edib.
Səfər Mehdiyev vurğulayıb ki, informasiya proqramı təminatları ilə risklərin idarəedilməsi mərkəzi daha da təkmiləşdiriləcək və bu sahədə fəaliyyətimizi genişləndirəcəyik. Həyata keçirdiyimiz konsepsiyalar ticarətin sürətlənməsinə, asanlaşmasına, həmçinin əlavə maliyyə itkilərinin qarşısının alınmasına gətirib çıxaracaq.
"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən bəhs edən Komitə sədri, bu tətbiqin vaxt itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaratdığını diqqətə çatdırıb və bildirib ki, idxal-ixrac əməliyyatlarının orta hesabla 25-30%-ə qədəri artıq "Yaşıl Dəhliz" iştirakçıları tərəfindən həyata keçirilir.
İnformasiya texnologiyaları sahəsində tətbiq edilən layihələrdən birinin də elektron məlumatların qabaqcadan alınması olduğunu deyən DGK sədri bu sahədə görülən işlər nəticəsində 10-a yaxın dövlətlə qarşılıqlı ilkin məlumat mübadiləsi həyata keçirildiyini vurğulayıb.
Səfər Mehdiyev onu da qeyd edib ki, artıq sürətli ticarətin tam təmin olunması üçün bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq, beləliklə bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin ediləcək.
Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirin sonunda "My Broker" şirkətinin icraçı direktoru İlqar Vahabov təqdimatla çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət