Slimfit
  1. AZƏRBAYCAN

Alimlərin rüsvayçı hesabatı gülüş doğurdu – Peşəkardan cavab

Alimlərin rüsvayçı hesabatı gülüş doğurdu – Peşəkardan cavab
Sakura

Alimlərin rüsvayçı hesabatı gülüş doğurdu – Peşəkardan cavab

Milli Televiziya və Radio Şurasının Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında ədəbi dilin leksik normasının pozulması ilə bağlı apardığı monitorinqin nəticələri cəmiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycan dilinin izahlı və orfoqrafiya lüğətlərində yer alan sözlərin (“əşi”, “hələm-hələm”, “rədd olsun”, “çocuq”, “qarantiya”) yanlış kimi təqdim edilməsi monitorinqi gülüş hədəfinə çevirməklə yanaşı, dillə bağlı monitorinqlərə böyük bir inamsızlıq aşılayır.

Adətən, belə monitorinqlərdən sonra efirdə, aparıcılarda ciddi bir silkələnmə müşahidə edilir və onlar yanlışlarını aradan qaldırmağa çalışırlar. Lakin bu dəfə təəssüf ki, aparıcılar monitorinqi gülüş və istehza ilə qarşılayıblar.

Əlbəttə, lüğətlərimizdə mövcud olan sözlərin yanlış kimi təqdim edilməsi heç bir halda birmənalı qəbul edilə bilməz.

MTRŞ-dan verilən məlumata görə, monitorinqi MTRŞ-nin dəstəyi ilə dilçi alimlər – Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə İsmayılova aparıb.

“Lider”, ARB və “Xəzər” televiziyalarında gedən verilişlərdə dil normalarının pozulması ilə bağlı monitorinqi aparan filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə Kult.az-a açıqlamasında sözügedən ziddiyyəti belə izah etməyə çalışıb:

“Kanallarımızda işlənən “Sən öləsən, qanın getdi”, “döşəyin gəlsin” ifadələri loru ifadə (bizim dilçi alimlərimiz canlı danışıq dilinə “loru dil, loru ifadə” deyirlər – red.) tərzinin nümunəsidir. Bu, frazeoloji birləşmədir, amma ictimai yerdə kiməsə “sən öləsən, qanın getdi” demək yaxşı səslənmir”.

Mehriban Əlizadə “qarantiya” sözünün Azərbaycanın lüğət fondunda olduğu halda niyə qüsur kimi göstərilməsi məsələsinə isə bu cür cavab verib:

“Qarantiya” sözü “zəmanət” formasında daha çox işlənir. Dilimizdə paralel olaraq işlənən eyni və ya yaxın mənanı verən sinonim sözlər var. Amma bunların içərisində xalq dilində hansı daha çox işlənirsə, anlaşıqlıdırsa, həmin sözdən istifadə etmək daha məqsədəuyğundur”.

Məsələyə həm media eksperti, həm də peşəkar dilçi alim kimi münasibət bildirən professor Qulu Məhərrəmli lüğət fondumuzda olan sözlərin dilimizdə işlənməsində hər hansı problem olmadığını deyib və onların hesabatda yanlış göstərilməsinə qarşı çıxıb.

Professor monitorinqi aparan alimlərin səhv hesab etdikləri “döşə gəlsin”, “qanın getdi” kimi ifadələrin işlədilməsinin də təbii olduğunu bildirib:

“Belə ifadələrin efirdə işlədilməsində heç bir problem görmürəm. Ona görə də bu ifadələri işləndiyi şəraitdən ayırmaq olmaz. Üslub etibarilə fərqli proqramlar var və belə proqramlarda hansı ifadələrin işlədilməsini o verilişin üslubu, forması və oradakı şərait müəyyənləşdirir. Məsələn, “tutan mahnı” ifadəsi çox işlədilir. Bu sözdə daha çox kommersiya havası var, amma uğursuz ifadə deyil. Şou xarakterli verilişlərdə belə ifadələrin işlədilməsinə normal baxıram.

Şou tipli verilişlərdə aparıcı özünü sərbəst göstərməyə çalışır, canlı danışıq dilindən istifadə edir. Mənə elə gəlir ki, aparıcılara bu cür irad tutmaq olmaz. Belə getsə, bir azdan aparıcılara ümumiyyətlə danışmağı qadağan edəcəklər”.

Qeyd edək ki, dilin lüğət fondunda olan sözdən istifadə etdiyi üçün aparıcıya “sözün daha çox işlənən sinonimindən istifadə edilməlidir” arqumenti ilə irad tutmaq, eyni zamanda, canlı danışıqda işlənən söz və ifadələrin efirdə səslənməsinə qarşı çıxmaq və bunu səhv kimi hesabata daxil etmək Azərbaycan dilinin inkişaf istiqamətlərinə qarşı çıxmaqla bərabər, bu meyilləri anlamamaq və dilin potensial imkanlarını bilməməkdən irəli gəlir.

Güman edirik ki, növbəti monitorinqlərdə dilçi alimlərimiz aparıcıların gülüş hədəfinə çevrilməyən, daha peşəkar hesabat hazırlanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR