Alimlər insanabənzər meymunların yeni növünü müəyyən ediblər
Sürix Universitetinin tədqiqatçıları insanabənzər meymunların yeni növünü müəyyən ediblər. İndiyədək hesab olunurdu ki, oranqutan meymunlarının dünyada bir-birindən təcrid olunmuş şəkildə yaşayan cəmi iki növü mövcuddur: Sumatra və Borneo oranqutanı.
İsveçrəli alimlər isə sübuta yetiriblər ki, İndoneziyanın Sumatra adasının şimal hissəsində bu primatların müstəqil şəkildə yaşayan başqa bir növü də mövcuddur. Aparılan antropoloji tədqiqatlar nəticəsində Tapanuli oranqutanı (pongo tapanuliensis) adlandırılan növ kəllə-beyin forması, gen strukturu və digər əlamətlərinə görə digər iki növdən fərqlənir. Təxminən 10-20 min il bundan əvvəl digər iki növdən təcrid olunmuş şəkildə yaşamağa başlayan bu növün populyasiyası təxminən 800 meymunu əhatə edir.
Elm aləminə insanabənzər meymunların indiyədək məlum olan altı növünə daha birinin də əlavə olunması alimləri sevindirsə də, Tapanuli oranqutanı yox olmaq təhlükəsi qarşısındadır. Sumatra adasının Tapanuli regionunda meşələrin əkin sahəsinə çevrilməsi və yaxın gələcəkdə su anbarının inşası layihəsi cəngəlliklərdə yaşayan bu növün yaşayış arealını məhv edə bilər. Buna görə də alimlər yerli qurumları və beynəlxalq təşkilatları bu nadir növün qorunması üçün ciddi addımlar atmağa çağırıblar.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət