Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ali məktəblərə qəbul olunan abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizədə ayrıca göstərilməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət