Aleksandr Markeviç: “Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik”
Azərbaycanda keçirilən parlament seçkiləri yüksək səviyyədə təşkil olunub.
Oxu.Az xəbər verir ki, bunu seçkilərdə müşahidəçi qismində iştirak edən Belarusdan olan deputatlar Aleksandr Markeviç və Sergey Raçkov konfransda çıxışlarında deyiblər.
Aleksandr Markeviç seçki məntəqələrində qaydaların yüksək səviyyədə təşkil olunduğunu deyib:
“Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik. Hər kəs tək-tək öz seçimlərini etmək üçün məntəqələrə gəlmişdilər. Necə deyərlər, “toplu səsvermə” olmayıb.
Biz öz gözlərimizlə komissiyanın nə qədər ciddi işlədiyini gördük. Bu da onu göstərir ki, Azərbaycanda keçirilən parlament seçkiləri qeyri-dəqiq aparılmır. Hər şey şəffaf şəkildə təşkil olunub. Keçirilən seçkilərdən çox müsbət təəssüratlarla ayrıldıq”.
Digər müşahidəçi Sergey Raçkov isə seçkilərin profesional şəkildə aparıldığını qeyd edib:
“Partiyaların nümayəndələri çox aktiv idi. Seçicilər də öz namizədlərini seçmək üçün məntəqələrə gəlirdilər. Demək olar ki, 12-yə yaxın seçki məntəqəsində müşahidə apardıq. Bizim tərəfimizdən heç bir qanun pozuntusu qeydə alınmayıb.
Yerli müşahidəçilər və vətəndaşlarla söhbət etdik. Onlar Belarusda seçkilərin necə keçirildiyini soruşdular.
Mən Azərbaycan xalqını keçirilən seçkilərlə bağlı təbrik edirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət