Slimfit
  1. AZƏRBAYCAN

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur
Sakura

Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur.

Trend-in məlumatına görə, ölkəmizdə yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm rol oynayan Y.Mahmudov 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Y.Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent və 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib.

Y.Mahmudov 1986-1990 və 1994-2004-cü illərdə Tarix fakültəsinin dekanı olub. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.

Y.Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Y.Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Y.Mahmudov 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

 

Onun bilavasitə elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb.

Y.Mahmudov “Şöhrət” (1999), “Şərəf” (2009), “Ataman Anton Qolovatıy” (2013) ordenləri, “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (2018) və Milli Məclisin “Parlament” medalı (2018) ilə təltif olunub. O, “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” müka­fatları laureatıdır.

Y.Mahmudov Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Rusiya Federasiyası Dağıstan Respub­li­kasının Əməkdar elm xadimi və Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akade­miyasının həqiqi üzvüdür.

Y.Mahmudov tarix elmimizi dünya miqyasında layiqincə təmsil edir. O, “The Name in Science” (“Elmdə ad”) fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və “Kraliça Viktoriya” Beynəlxalq mükafatına layiq görülüb. XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.

Y.Mahmudov 2016-cı ildə Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunub.

O, 2019-cu ildə gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun təsis etdiyi “Gənclərin dostu” mükafatına layiq görülüb.

Y.Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2000-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, prezident seçkilərində Ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət etmişdir.

Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR