Slimfit
  1. MEDİA

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qiraətləri" elmi konfransı öz işinə başlayıb

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş  "Nağıyev qiraətləri" elmi konfransı öz işinə başlayıb
Sakura

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qiraətləri" elmi konfransı öz…

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin 110 illik yubileyinə həsr olunmuş "Nağıyev qiraətləri" elmi konfransı öz işinə başlayıb.

Akademiyanın Əsas binasında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları və digər qonaqlar iştirak ediblər.

İlk olaraq qonaqlar görkəmli alim Murtuza Nağıyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş əsərlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamını xatırladan Akif Əlizadə vurğulayıb ki, bu sənəd dövlətin elmimizə və alimlərimizə qayğısının bariz göstəricisidir.

Natiq Murtuza Nağıyevin Azərbaycan elminə dəyərli töhfələr verdiyini, kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdən olduğunu bildirib. Qeyd edib ki, o, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlayıb, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib.

Akademik Murtuza Nağıyevin ictimai xadim kimi Azərbaycan SSR Ali Sovetinin deputatı olduğunu xatırladan AMEA rəhbəri onun çoxillik məhsuldar elmi-təşkilati, ictimai fəaliyyətinin yüksək qiymətləndirildiyini, 1969-cu ildə ən yüksək mükafata – Sosialist Əməyi Qəhramanı adına layiq görüldüyünü bildirib. Görkəmli alimin, həmçinin "Lenin", "Qırmızı Əmək Bayrağı" ordenləri, bir sıra medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunduğunu vurğulayıb.

Akademik Akif Əlizadə Murtuza Nağıyevin Azərbaycan elmində əvəzsiz xidmətləri olduğunu, onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Sonra AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev M.Nağıyevin elmi fəaliyyətinə dair məruzəylə çıxış edib. M.Nağıyevin yeniyetmə yaşında L.Şmidt adına zavodda çilingər köməkçisi işlədiyini, peşə məktəbini bitirərək tornaçı sənətinə yiyələndiyini deyən məruzəçi onun təhsilini davam etdirmək üçün Bakı Universitetinin Fəhlə fakültəsinə daxil olduğunu bildirib: "M.Nağıyev 1929-cu ildə Fəhlə fakültəsini uğurla bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Moskvaya gedən ilk azərbaycanlılardan olub. O, Moskvanın iki ali məktəbinin – Moskva Ali Texniki Məktəbinin və Mədən Akademiyasının (indiki İ.Qubkin adına Neft və Qaz İnstitutu) tələbəsi olub. Lakin 1932-ci ildə anasının xəstəliyi ilə bağlı Bakıya qayıdıb təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib".

Akademik Vaqif Fərzəliyev görkəmli alimin 1935-ci ildə ali təhsilini başa vurduqdan sonra V.Strua adına Bakı Krekinq zavodunda mühəndis, sex rəisinin müavini, mühəndis-konstruktor, baş mühəndis vəzifələrində işlədiyini bildirib. Vurğulayıb ki, elmə olan yüksək marağı onu Azərbaycan Sənaye İnstitutunun Neft-zavod mexanikası kafedrasına, sonra isə Neft emalı üzrə Elmi-Tədqiqat İnstitutuna gətirib. O, Murtuza Nağıyevin böyük elmə yolunun məhz buradan başlandığını əlavə edib.

M.Nağıyevin ilk fundamental işinin 1939-cu ildə işıq üzü görmüş "Ağır neft məhsullarının krekinqinin hesablanması" olduğunu deyən natiq bildirib ki, bununla o, dünyada kimya və kimya texnologiyasında yeni elmi istiqamətin – resirkulyasiya nəzəriyyəsinin əsasını qoyub. Natiq diqqətə çatdırıb ki, M.Nağıyev 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya üzrə elmlər doktoru dərəcələri, 1945-ci ildə professor elmi adını alıb, 1952-ci ildə Azərbaycan SSRİ EA-nın həqiqi üzvü seçilib.

V.Fərzəliyev 1960-cı illərdə akademik Murtuza Nağıyevin qlobal optimallaşma – "Superoptimallaşma" üzərində çalışmağa başladığını söyləyib: "Bu tədqiqatlar müxtəlif tənliklər və parametrlərdən ibarət riyazi modelə əsaslanırdı. Lakin o dövrdə hesablayıcı texnikanın səviyyəsi bu ideyanı həyata keçirməyə imkan vermirdi. Yalnız 1968-ci ildə akademik Murtuza Nağıyev tərəfindən superoptimallaşmanın ümumiləşmiş prinsipi irəli sürüldü".

Akademik Murtuza Nağıyevin ölkəmizi bir sıra beynəlxalq konqres, simpozium və konfranslarda təmsil etdiyini deyən natiq vurğulayıb ki, o, 1956-cı ildə ABŞ-nın Filodelfiya şəhərində keçirilən kataliz üzrə I Beynəlxalq konfransda ilk dəfə olaraq kimya texnologiyasında yeni nəzəriyyəsini dünya miqyasında bəyan edib. Bu nəzəriyyə dünya alimləri tərəfindən çox maraqla qarşılanıb və məşhur "Chemical Engineering Progress" jurnalında çap olunub.

Bu dövrdə kimya sənayesinin inkişafı ilə kimya istehsalatlarının intensivləşdirilməsi məsələləri böyük əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Elmlər Akademiyasının tərkibində M.Nağıyevin təşəbbüsü ilə 1965-ci ildə Sovet İttifaqında yeganə profilli Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradılıb və özü də direktor seçilib.

Məruzəçi görkəmli alimin rəhbərliyi ilə 30-dan çox fəlsəfə və elmlər doktoru yetişdirildiyini, onun 300 elmi əsərin, o cümlədən 12 müəlliflik şəhadətnaməsi və 30 monoqrafiyanın müəllifi olduğunu diqqətə çatdırıb.

Görkəmli alimin çoxillik məhsuldar elmi-təşkilati fəaliyyətindən danışan V.Fərzəliyev onun Azərbaycan SSR EA Neft İnstitunda şöbə müdiri və direktor, Azərbaycan EA Neft Kimya Prosesləri və Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri institutlarının direktoru vəzifələrində çalışdığını nəzərə çatdırıb. M.Nağıyev Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətində bir sıra məsul vəzifələrdə çalışıb, Fizika-texnika və Kimya Elmləri bölmələrinin akademik-katibi, Azərbaycan Elmlər Akademiyasının akademik-katibi, vitse-prezidenti olub.

Akademik Murtuza Nağıyevin adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutuduğunu, elm tarixi salnaməsinə qızıl hərflərlə yazıldığını deyən V.Fərzəliyev görkəmli alimin əziz xatirəsinin daima yaşayacağını əlavə edib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Kataliz və Qeyri-üzvi Kimya İnsitutunun şöbə müdiri, akademik Ağadadaş Əliyev görkəmli alimin həyat və elmi fəaliyyətindən danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən mərhum akademikin oğlu, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev atası ilə bağlı xatirələrini bölüşüb. O, tədbirin təşkilinə görə ailəsi adından AMEA rəhbərliyinə, həmçinin tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Tədbir Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib. Konfransa oktyabrın 31-də yekun vurulacaq.

 

 

 

AMEA Rəyasət Heyətinin aparatı

İctimaiyyətlə əlaqələr və elmin

populyarlaşdırılması idarəsinin

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR