Slimfit
  1. MEDİA

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
Sakura

Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən tanınmış alimlər də iştirak edirlər.

İlk olaraq iştirakçılar I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Akademiyanın Əsas binasında təşkil olunan tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" Sərəncamını xatırladan Akif Əlizadə vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir.

Natiq bildirib ki, akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. AMEA rəhbəri alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. A.Mirzəcanzadənin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, eləcə də 50-dən çox ixtira və patentin müəllifi olduğunu söyləyən akademik vurğulayıb ki, görkəmli alimin rəhbərliyi ilə 300-dən çox fəlsəfə doktoru, 120 elmlər doktoru hazırlanıb.

Mərhum alimin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən akademik Akif Əlizadə bildirib ki, o, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Əlavə edib ki, dünya şöhrətli alim uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının "İstiqlal" ordeninə, P.Kapitsa adına medala, Vyetnam Respublikasının "Vyetnamın Qəhrəmanı" qızıl ulduzuna layiq görülüb, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, üç dəfə akademik İ.M.Qubkin adına mükafat laureatı olub, eləcə də Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü seçilib.

Görkəmli alimlə bağlı xatirələrini bölüşən akademik Akif Əlizadə Azərbaycan elmində əvəzsiz xidmətləri olan Azad Mirzəcanzadənin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva konfransın əhəmiyyətindən danışıb, nazirin salamını iştiraklara çatdırıb.

Natiq görkəmli alimin gənclik illərindən elmə maraq göstərdiyini, xüsusi riyazi qabiliyyəti ilə hələ orta məktəbdə oxuyarkən müəllimlərinin sevimlisinə çevrildiyini söyləyib: "Riyaziyyatla yanaşı, digər fənləri əla oxuyan A.Mirzəcanzadə 15 yaşında imtahan verərək məktəbi bitirib. Bundan sonra o, sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) vermək istəsə də, yaşının az olmasına görə, sənədləri qəbul olunmayıb. O, institutun rektoruna müraciət edir. İnstitutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayının az olduğuna görə rektor onun həmin fakültəyə qəbul olunmasına razılıq verib".

M.Vəliyeva qeyd edib ki, A.Mirzəcanzadə istedadların inkişafına, onların yaxşı kadr kimi formalaşmasına hər zaman diqqət yetirib. Onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başladığını vurğulayıb.

A.Mirzəcanzadənin "Əsl insan birinci özünü, sonra fənnini uşaqlara sevdirməlidir" fikrini xatırladan natiq onun pedoqogika, psixologiya elmlərinin də dərin bilicisi olduğunu qeyd edib. M.Vəliyeva görkəmli alimin həm də gözəl insan olduğunu, şagirdləri və tələbələri tərəfindən hər zaman sevildiyini, onun xatirəsinin daim yaddaşlarda yaşayacağını söyləyib.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib. Akademik Azad Mirzəcanzadənin neft-qaz elminin inkişafında xüsusi xidmətlərinin olduğunu deyən natiq görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını əlavə edib. Akademik Xoşbəxt Yusifzadə A.Mirzəcanzadənin elmə böyük həvəsi ilə fərqləndiyini, 23 yaşında fəlsəfə doktoru, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçildiyini bildirib. Qeyd edib ki, bu uğurlar onun necə böyük alim olduğunun göstəricisidir.

A.Mirzəcanzadə ilə birgə elmi fəaliyyətindən, xatirələrindən danışan akademik zəngin elmi irsə malik alimin Azərbaycanda, eləcə də dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğunu, onun xatirəsinin hər zaman yaddaşlarda yaşacağını qeyd edib.

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı bildirib ki, səmərəli fəaliyyətinin böyük hissəsini ADNSU ilə bağlayan akademik Azad Mirzəcanzadə hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olub. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.

Mustafa Babanlı akademikin novatorluq fəaliyyətindən danışıb: "Akademik Azad Mirzəcanzadə Mahmudbəyov adına səkkizillik məktəbin müəllim kollektivi tərəfindən fəxri direktor seçilib. Onun təşəbbüsü ilə məktəb istedadlı uşaqlar üçün liseyə çevrilib. Siniflərdə mühazirələrlə çıxış edən Azad Mirzəcanzadənin dəvəti ilə liseydə Elmlər Akademiyasının tanınmış alimləri də dərs deyiblər. Görkəmli alimin digər təşəbbüsü ilə tələbələr buraxılış işlərini universitetdən kənarda, neftqazçıxarılma müəssisələrində müdafiə ediblər".

Rektor bu günlərdə ADNSU-da keçirilən tələbələrin 67-ci elmi-texniki konfransının akademik Azad Mirzəcanzadəyə həsr edildiyini bildirib. Mustafa Babanlı vurğulayıb ki, universitetdə mərhum alimin adına təqaüdlər təsis edilərək hər il təhsilində və tələbə elmi cəmiyyətinin işində daha böyük uğurlar qazanmış iki bakalavr və bir magistranta təqdim olunur, akademikin iş otağı isə muzey kimi fəaliyyət göstərir. Natiq böyük alim və pedaqoqun əziz xatirəsini yad etmək üçün toplaşan konfrans iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaş­dı­rıl­­ması və neftçıxarmanın artırılmasının innovativ tex­­nologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər.

Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər.

Sonra çıxış edən akademik Akif Əlizadə bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini akademik Azad Mirzəcanzadənin adına təsis edib və bu medal dünyada azərbaycanlı alimin adına təsis olunmuş ilk beynəlxalq mükafatdır. Qeyd edib ki, Rusiya Təbiət Elmləri Akademiyası "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı" ilə ilk olaraq görkəmli neftçi alim Xoşbəxt Yusifzadəni təltif edib. AMEA rəhbəri A.Mirzəcanzadənin yubileyi münasibətilə bir neçə alimin bu mükafata layiq görüldüyünü diqqətə çatdırıb. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "NeftQazElmiTədqiqatLayihə" İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru,  professor  Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub.

Tədbir bölmələrdə məruzələrin dinlənilməsi ilə işinə davam edib. Beynəlxalq Konfransa dekabrın 14-də yekun vurulacaq.

 

 

 

AMEA Rəyasət Heyətinin aparatı

Mətbuat və informasiya idarəsi

İctimaiyyətlə əlaqələr

şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR